Putin dolları əvəzləmək istəyir - Hansı problemlər ola bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Kazanda Azərbaycan Prezidentinin da iştirak etdiyi 16-cı BRICS liderləri zirvəsində birgə maliyyə, ticarət layihələrinin müzakirəsi baş tutub. Müzakirə zamanı Rusiya Prezidenti Vladimir Putin blokun qlobal iqtisadiyyatda aparıcı rolundan danışıb. Sammit çərçivəsində 134 müddəanı özündə əks etdirən birgə bəyannamə qəbul olunub.Maraqlıdır ki, həmin sənəddə BRICS-in vahid valyutasından istifadədən bəhs edilməsə də, Rusiya Prezidentinin çıxışında alternativ variantlar axtarmağın vacibliyi vurğulanıb.

Bəs dollara alternativ valyuta yaradılsa, hansı problemlər ola bilər?

Mövzu ilə bağlı Milli.Az-a iqtisadçı-ekspert Eldəniz Əmirov açıqlama verib.

O bildirib ki, dollara alternativ valyuta yaradılarsa, bu heç bir problem yaratmayacaq. Əksinə dünya iqtisadiyyatı üçün əlavə valyutalararası rəqabət mühiti yaradacaq ki, bu da iqtisadiyyata ciddi müsbət töhfələr verəcəkdir.

"Burda problem həmin valyutanın yaradıla bilməməsidir. Bunun səbəbi, dünyanın aparıcı gücünün ABŞ olmasıdır. Digər iqtisadi güclərin böyük əksəriyyəti onun müttəfiqidir. ABŞ-ın müttəfiqi olmayan güclər arasında isə bəzən münaqişələr mövcuddur. Məsələn, Çin və Hindistan, Hindistan və Rusiya, və ya digər ölkələr arasında".

Ekspert onu da qeyd edib ki, bu gün dollara alternativ yaratmaq mümkündür, amma onu işlək mexanizmə çevirmək və dollara rəqib olacaq səviyyəyə çatdırmaq bu gün mümkün deyil. Bunun üçün ən azı 10-20 illik müddət lazımdır.

26.10.2024 10:30
419