Putin Bakıya bu 3 SƏBƏBƏ görə zəng edib - DETALLAR

Azərbaycandan yeni qayıdan Kreml liderinin həmkarı ilə müzakirələrinin pərdəarxasında nələr var?; Cənubi Qafqazda hərbi-diplomatik gərginlik artmaqdadır - analitiklər sensasion detalları açıqladılar

Azərbaycan və Rusiya liderləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. “Yeni Müsavat”ın məlumatına görə, tərəflər Cənubi Qafqazdakı mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası, iki dövlət arasında nəqliyyat əlaqələrinin açılması kimi məsələlər ətrafında müzakirələrə davam ediblər.

Maraqlıdır ki, bu telefon danışığı Rusiya prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana səfərindən cəmi bir neçə gün sonraya təsadüf edib. Rəsmi məlumatdan da bəlli olur ki, zəng Rusiyanın təşəbbüsü ilə baş tutub. Bakıdan getdikdən sonra Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların nəticələrini müzakirə etdiyi bildirilir. İddialara görə, Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizində FTX-nin dayanması) açılmasını qəbul etməyib. Rəsmi məlumata istinad etsək, telefon söhbətində sülh danışıqlarına və Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyi müzakirə olunub. Amma Putinin səfərindən sonra daha iki mühüm gəlişmə də yaddan çıxmamalıdır: bunlardan biri Putinin səfərindən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ankaraya getməsi və həmkarı Hakan Fidanla görüşməsidir.

Ekspertlər də Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Bakının Türkiyə ilə məsləhətləşmələrə ehtiyacı yarandığını ehtimal edir. Məlumdur ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Bakı və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir. Şübhəsiz ki, Rusiya, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda da etibarlı münasibətlər qurması kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir.

İkinci gəlişmə isə Ukrayna prezidenti Zelenskinin Rusiya qazının tranziti ilə bağlı razılaşmanı uzatmayacağı haqda bəyanatıdır ki, bu, Moskva ilə bərabər Bakının da marağında olan məsələdir.

Yada salaq ki, Zelenski Rusiya ilə razılaşmanı davam etdirməyəcəyini, “digər şirkətlərdən qaz tranzitinə gəlincə, bəzi avropalı həmkarlarımız istəyərsə, onların xahişlərinə baxa bilərik” deyib. Ehtimal edilir ki, Putinlə Əliyev bu məsələ ilə bağlı da mövqelərini bir daha aydınlaşdırıblar.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, Putin Bakıya səfərinin ardınca, əvvəlcə Paşinyanla, bir neçə gün sonra isə Əliyevlə telefonla danışıbsa, deməli, Kreml lideri anlayır ki, Ukrayna ilə müharibə fonunda və Rusiya üçün indiki ağır vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir: “Kreml Bakı ilə İrəvan arasında vasitəçi ola bilmir, sülh sazişinin mətninin hazırlanmasında və sərhəd danışıqlarında iştirak imkanlarını itirib. Kremlin yeganə yapışmaq istədiyi mövzu Zəngəzur dəhlizidir. Rusiya həm bu dəhlizdən istifadə, həm də dəhlizə nəzarət etmək istəyir və bu zaman 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edir”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı isə diqqəti iki məsələyə yönəldir: “Birincisi bəllidir: daha öncə də Rusiyanın Bakı-İrəvan danışıqlarında təşəbbüsü ələ almaq, Qərb qüvvələrini kənarlaşdırmaq və regionun kommunikasiyanın açılmasında iştirakını təmin etmək. İkincisi açıq olaraq qalır: Paşinyan nə istəyib və Putin Əliyevə nəyi çatdırıb? Rusiya danışıqların indiki məqamda Moskvaya köçürülməsini istəyir, hətta bu, müvəqqəti xarakter daşısa da. Çünki ABŞ-ın aktivliyi fonunda Rusiyaya bir addım önə çıxmaq lazımdır. Putin Azərbaycanda olarkən, rəsmi Bakı Moskvada danışıqların davam etdirilməsinə razı olduğunu bəyan etdi. Məntiqlə Putinin Paşinyanla müzakirəsindən konkret nəticə çıxmalı idi. Lakin yenidən Bakıya zəng etmək zərurətinin yaranması müəyyən ehtimallar yaradır: mümkündür ki, Paşinyan Moskvada danışıqlara gəlmək üçün şərt irəli sürür”.

Təhlilçinin fikrincə, mövcud vəziyyətdə İrəvanın iki mümkün şərt irəli sürməsi ehtimalı var: “Kommunikasiyanın suverenlik prinsipi əsasında açılması. Bakının ən azı Naxçıvana maneəsiz keçid reallaşmadan Bakının bu məsələdə razılaşmayacağı məlumdur. Maneəsiz keçid dəhlizdə yer almaq üçün Rusiyaya da lazım olduğu üçün belə bir şərt real görünmür. Sərhədin delimitasiyasında Almatı Bəyannaməsinin danışıqlardakı əsas prinsip kimi qəbul edilməsi var. Bu, İrəvana mövcud sərhədlərdə legitimlik əldə etmək və Azərbaycan qoşunlarının geri çəkilməsinə nail olmaq üçün lazımdır. Sülh danışıqlarını ələ almaq və kommunikasiyada iştiraka nail olmaq istəyən Rusiya üçün sərhəd məsələsi o qədər də prinsipial görünmür. İstisna deyil ki, Putin Paşinyanın bu "şərtini" Əliyevə çatdırıb".

A.Nərimanlı hesab edir ki, bu ehtimalı önə çıxaran məqamlardan biri də Putin-Əliyev danışıqları ilə bağlı rəsmi məlumatlardakı detal fərqidir: “Kremlin rəsmi məlumatında sərhədin delimitasiyası məsələsi qeyd olunsa da, Bakının rəsmi məlumatında bu məqam yer almır. Proseslər hələ ki diplomatik müstəvidə gedir, hərçənd isti mərhələyə keçməsi və hərbi təxribatların olması da istisna edilməməlidir. Mümkündür ki, Rusiya masasına gəlmək istəməyən Paşinyan Putinə birbaşa "yox" deyə bilmir və çətin “şərt” irəli sürməklə Bakını görüşdən imtina edən tərəfə çevirmək istəyir. Diplomatik manevrlər tükənəndə Ermənistanın eskalasiya yaratmaq və bunu Rusiya və Azərbaycanın birgə planı kimi göstərmək ssenarisinə əl atması gözlənilən versiyalardandır".

Azərbaycan yeni siyasi təşəbbüslər üçün fərqli tribuna qazanacaq"- Aqşin  Kərimov News 365

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimovun qənaətinə görə, Putin Paşinyanla telefon danışığından sonra Əliyevə zəng etməklə Azərbaycan-Rusiya geosiyasi karyerasının gedə biləcəyi yerləri dəqiqləşdirir. Onun fikrincə, Rusiya Ermənistanla bağlı əldə etdiyi və ya elə göstərməyə çalışdığı heyranedici kəşfiyyat məlumatlarını Azərbaycanla bölüşməyi zəruri hesab edir və bununla Moskva iki məsələni prioritetləşdirir: “Rusiya Azərbaycan üzərindən Ermənistana siqnallar ötürməklə Moskvanın regiondakı ambisiyalarını Qərbin sıxışdırılması tendensiyası ilə tutuşdurmağa çalışır. Rusiya regional kommunikasiyaların açılması məsələsinin təzyiq, yoxsa siyasi yolla həllini yoxlayıb nəticələri buradan yola çıxaraq təmin etmək istəyir. İranın Zəngəzur dəhlizinə maneə yaratması risklərinin qalması Rusiyanın Tehranla danışıqlar masasını hədsiz canlandırmasına təkan verir. Regionda Rusiya ilə Qərb arasında geosiyasi maxinasiya qurmaq üçün apardığı rəqabət Azərbaycanı düzgün strateji qərarlar verməyə məcbur edir. Bunlar, Ermənistanın silahlanmaqla regionun mərkəzi səhnəsinə çıxmağa hazırlaşdırılması fonunda aşkar şəkildə görünəcək”. Ekspertin sözlərinə görə, nəticədə Azərbaycan-Rusiya danışıqlarındakı “Zəngəzur atmosferi” Ermənistanın onsuz da məhdud seçim imkanlarını aradan qaldırır və Bakının şərtləri əsasında İrəvanın güzəştə getməsi üçün təzyiqlər yaradır: “Prosesin sülh danışıqları və ya güc tətbiqi ilə reallaşması isə ən çox Ermənistanın güzəşt kodeksinə hansı dərəcədə əməl edib-etməyəcəyindən asılıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

30.08.2024 08:37
2686