Rusiya Cənubi Qafqazda küncə sıxışdırılmış vəziyyətdədir. Kreml bu regionda sahib olduğu əvvəlki hegemon mövqelərdən çox-çox uzaqdır. İndi hətta Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan erməni separatçı-terrorçular belə, Rusiyanın "üzünə ağ olmağa" başlayıblar. Və Kreml bütün bunlara səbr göstərmək məcburiyyətində qalıb.
Təbii ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflədən iki önəmli faktor mövcuddur. Onlardan birincisi heç şübhəsiz ki, Azərbaycanın 44 günlük savaşda qazandığı tarixi hərbi zəfərdir. Çünki məhz bu tarixi hərbi zəfər Cənubi Qafqazda Rusiya hegemonluğuna alternativ şərtlər formalaşdırdı, yeni regional güc mərkəzi yaratdı. Və indi Kreml rəsmi Bakının geopolitik iradəsi ilə hesablaşmaq məcburiyyətindədir.
Digər önəmli faktor isə Rusiyanın Ukraynada "savaş bataqlığı"na düşməsidir. Kreml bu savaşda gücünü itirdikdə, Rusiyanın bütün postsovet məkanında, o cümlədən də Cənubi Qafqazda nüfuz və təsiri böyük sürətlə əriyib, yox olur. Belə davam edəcəyi təqdirdə, ABŞ və Qərbin yeni geopolitik şərtlər daxilində Rusiyanın bu regiondan çıxarılması planına yaxınlaşması qarşısıalınmaz prosesə çevrilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuların Rusiya prezidenti Vladimir Putinə "vaxt qoymaq" cəsarəti Kremlin "hegemoniya böhranı" yaşadığını göstərir. Belə ki, Ermənistan mətbuatı erməni separatçı-terrorçu dəstənin rəhbəri Araik Arutyunyanın Kreml sahibinə məktubunda mövcud situasiyanın dəyişdirilməsi üçün Rusiyaya cəmisi bir həftə vaxt verildiyi iddia olunur.
Əgər, Kreml bu müddət ərzində Laçın yolundakı nəzarət-buraxılış məntəqəsini ləğv edə bilməzsə, erməni separatçı-terrorçuların "humanitar problemləri" həll olunmazsa, "alternativ addımlar"ın atılacağı bildirilir. Yəni guya erməni separatçı-terrorçular bu "problem"ləri Rusiyanın iştirakı olmadan fərqli yollarla həll etməyə çalışacaq. Və bu, Rusiyanın öz mövcudluq tarixi ərzində üzləşə biləcəyi ən ciddi təhqir hesab oluna bilər.
Əslində, Araik Arutyunyanın Rusiyanı şantaj etməyə çalışdığı açıq-aşkar nəzərə çarpır. Belə ki, onun eyham vurduğu "alternativ addımlar"ın terror və təxribatlardan ibarət olduğu qətiyyən şübhə doğurmur. Düzdür, Kremlə də bölgədə gərginliyin olması tamamilə sərf edir. Ancaq erməni separatçı-terrorçuların təxribatları nəzarətdən çıxarsa, bu, Rusiyanın əleyhinə işləyə bilər. Hər halda, rəsmi Bakının erməni separatçı-terrorçuların təxribatlarını cavabsız buraxmayacağını Kremldə artıq yaxşı anlayırlar.
Bu isə o deməkdir ki, əgər, erməni təxribatları törədilərsə və nəzarətdən çıxarsa, rəsmi Bakı mütləq separatçı-terrorçuların tərksilah edilməsi üçün antiterror əməliyyatlarına qərar verəcək. Bu haldasa, Azərbaycan ordusunun antiterror əməliyyatları rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu bütün ərazisini əhatə edəcək. Və nəticədə Kreml seçim qarşısında qalacaq.
Məsələ ondadır ki, bu halda, rus sülhməramlıların müşahidə mövqeyi tutması Rusiyanın Azərbaycanla münasibətlərinin qorunması baxımından, böyük önəm daşıyır. Halbuki, rəsmi Bakının antiterror əməliyyatlarından sonra rus sülhməramlılara bölgədə ümumiyyətlə, ehtiyac qalmayacaq. Və onlar ən qısa zamanda Azərbaycan ərazisini tərk etməli olacaqlar.
İkinci varianta gəldikdəsə, rus sülhməramlıların müdaxilə cəhdi Azərbaycan və Rusiya arasında kəskin hərbi qarşıdurma təhlükəsi yarada bilər. Əslində, Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsinin əsas hədəfi də məhz bundan ibarətdir. Ermənilər Azərbaycan ordusuna qarşı genişmiqyaslı təxribat törətməklə, rus sülhməramlıların hərbi toqquşmalara bulaşmasına nail olmağa çalışırlar. Və bu, ilk növbədə Rusiyanın regiondakı maraqlarını ciddi şəkildə təhlükə altına sala bilər.
Ona görə də, Kreml bu önəmli məqamları mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda, rus sülhməramlıların erməni təxribatlarında alətə çevrilmə ehtimalı da mövcuddur. Kreml onu da mütləq nəzərə alınmalıdır ki, rəsmi Bakı Azərbaycanın maraqlarına bağlı məsələlərdə Rusiyaya güzəştə getmək niyyətində deyil. Rəsmi Bakının rus sülhməramlıların təchizatının bundan sonra Ermənistandan deyil, məhz Azərbaycan ərazisi üzərindən təmin olunmasında israrlı mövqe tutması da bunu təsdiqləyir.
Ancaq hələlik Kreml erməni separatçı-terrorçuların istəklərinə daha yaxın mövqedə olduğu müşahidə edilir. Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın Azərbaycanın Qarabağ bölgəsində atəşkəsin pozulmasından ölkəsinin narahatlığını ifadə etməsi, rəsmi Bakını Laçın yolunda "blokada"nı ləğv etməyə çağırması belə düşünməyə müəyyən əsaslar verir. Və bu, Rusiyanın hələ də yanlış geopolitik hesablar içərisində olduğunu göstərir.
Təbii ki, rəsmi Bakı Rusiya Xarici İşlər Nazirliyinin çağırışlarını qətiyyən cavabsız buraxmayıb. Rəsmi Bakı bildirib ki, atdığı addımları kimlərinsə çağırışlari ilə deyil, yalnız beynəlxalq hüququn norma və prinsipləri, eləcə də, Azərbaycanın milli maraqları ilə uzlaşdırır. Və indi Kreml rəsmi Bakının bu cavab reaksiyası üzərində daha ciddi düşünməlidir.
Məsələ ondadır ki, Rusiyanın Araik Arutyunyan və digər erməni separatçı-terrorçuların təxribat şantajına münasibətdə seçə biləcəyi üçüncü variant da mövcuddur. Belə ki, Kreml üçtərəfli anlaşmaların icra edilməsinə nail olmaq şansını hələ tam itirməyib. Həmin şansın reallaşması üçün Kreml dərhal hərəkətə keçməlidir və erməni separatçı-terrorçuların təxribat törətmək imkanlarını bloklamalıdır. Yəni, ən qısa zamanda Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular dərhal tərksilah edilməlidir.
Göründüyü kimi, Kreml qarşısında tez-tez icra edilməsinin vacibliyini ön plana çəkməyə çalışdığı üçtərəfli anlaşmaların əhəmiyyətini artırmaq seçimi mövcuddur. Rusiya özünün də ardıcıl olaraq, pozduğu həmin sənədlərə sadiq olduğunu əməldə sübut etmək imkanlarından istifadə etməyə çalışmalıdır. Əks halda, rus sülhməramlılar ermeni separatçı-terrorçuların "təxribat aləti"nə çevrilməyə məhkumdur. Və bu, Kremlə rus sülhməramlıların Azərbaycan ərazisindən dərhal çıxarılması ilə bağlı tələblə üzləşmək perspektivi vəd edir.
Kreml onu da nəzərə almalıdır ki, erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın şantajı qarşısında aciz qalmış Rusiyanın beynəlxalq və ya regional nüfuzundan danışmaq sadəlövhlükdən başqa bir şey deyil. Deməli, Kreml Rusiyanın beynəlxalq və regional nüfuzunun bərpa olunmasına ilk növbədə elə erməni separatçı-terrorçuların tərksilah edilməsindən başlamalıdır. Əks halda, erməni separatçı-terrorçuları məhz Azərbaycan ordusu tərksilah edəcək və rus sülhməramlılara da bölgədə heç bir ehtiyac qalmayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu