“Pulları sənin əvəzinə maşına mən daşımayacam” – Stalindən professora “irad”

Stalinin hakimiyyəti illərində kiminsə evinin qarşısında qəfil peyda olan “qara maşın”ların nə məqsədə gəldiklərini hamı yaxşı anlayıb. Hətta qapısı döyülənlər çağrılmamış “qonaq”lardan gəlişlərinin səbəbini də soruşmayıblar. Mövcud dövrdə “NKVD” əməkdaşları  günahlı-günahsız insanları məhz belə həbs edib...

1948-ci ildə qəfil qapısı döyülənlərdən biri də professor Aleksandr Qapayev olub. Heç bir giriş və izahat olmadan ona “bizimlə getməlisən” əmri verilib. Qapayev sakitcə maşına əyləşib. Professor şəhəri yaxşı tanıdığından maşının hərəkətindən anlayıb ki, yolları “NKVD” istiqamətinə deyil. 5-10 dəqiqədən sonra isə maşın Kremlin həyətinə daxil olub. Onu Stalinin kabinetinə aparıblar. İçəri daxil olanda Stalin onun qarşısına gəlib, əl uzadıb, əyləşməyə yer göstərib:

-Aleksandr Aleksandroviç, siz elm adamı kimi öz işinizlə məşğul olursunuz, elmi fəaliyyətinizi mətbuatdan izləyirəm, uğurlarınız haqında məlumatlıyam. Amma köhnə dostları da unutmaq olmaz. Sovet hökumətinin qurulmasında ikimiz də yetərincə çətinliklərlə üzləşmişik. Heç olmasa həmin günləri xatırlamaq üçün hərdən görüşməyə də vaxt tapmaq lazımdır.

101429_600.jpg (74 KB)

Professor bu səmimi girişdən sonra Stalinə minnətdarlığını bildirib, həm də zarafatyana iradını da bildirib:

-Yoldaş Stalin, görüşməsək də qayğınızı həmişə hiss edirik. Amma bu “qara maşın”lar insanlarda xof yaradır. Hazırda mənim ailə üzvlərim də qorxu içindədir, harada olduğumu da bilmirlər.

-Siz bir azdan evinizə mükafatla gedəndə onlar hər şeyi unudacaqlar.

Daha sonra Stalin kabinetdə gəzişərək ötən illəri xatırlayıb:

-Yəqin ki, Sibirdən sürgündən qaçanda məni evində gizlətdiyini unutmamısan. Mən həmin vaxt sənə bir məsələni danışmamışdım. Mən sizdən əvvəl Kalininin evinə getmişdim. Möhkəm ac idim, ondan yemək istədim, o isə mənə stolun üstündə olan kartof kotletini təklif etdi. Mətbəxdən isə bişirilmiş ət iyisi gəlirdi. Kalinin onu məndən gizlətdi və mən onlardan çıxıb sizə gəldim. Sən son tikəni də mənimlə bölüşdün. Bunlar kiçik hadisələr olsa da yaddaşa ömürlük həkk olunur.

Görüş zamanı Stalin professoru gürcü şərabına qonaq edib. Sonda iş masasının üstündə qovluğu ona uzadıb:

-Mən səni Stalin mükafatına layiq görmüşəm. Fərman qovluğun içərisindədir. Sən buna layiqsən və bu mükafatı sən özün qazanmısan. Müharibə dövründə sənin daş kömür hasilatı sahəsində gördüyün işlər vətən qarşısında danılmaz xidmətlərindir. Biz bu xidmətləri unuda bilmərik.

scale_1200 (1).jpeg (43 KB)

Qapayev qovluğu götürdükdən sonra təşəkkürünü bildirib və getmək üçün icazə istəyib. Stalin əli ilə ona dayanmağı işarə edib və iş masasının siyirtməsindən kiçik bir qutu çıxarıb:

-Tələsmə, sənin əvəzinə pul mükafatını maşına mən daşımayacam. Sənin saymağına ehtiyac yoxdur, özüm saymışam, hər biri on min rubl olmaqla 15 bağlamadır.

Stalin dəhlizə qədər professoru yola salıb.

Qeyd edək ki, 1881-ci ildə Orlovda anadan olan Aleksandr Qapayev Sankt-Peterburq Dağ Mədən İnstututunda təhsil alıb. Üçüncü kursda oxuyanda Qapayev tələbələr arasında bolşevik təbliğatı apardığına, tələbə hərəkatının yaradılmasında fəal iştirakına görə institutdan xaric olunub. Gənclik illərindən siyasi proseslərdə yaxından iştirak edən Qapayev elə həmin illərdən Leninlə, İosif Stalinlə yaxın münasibətlər qurub. O, siyasi fəaliyyətinə görə 1907-ci ildə həbs edilib, dörd ay həbsxanada qalıb. Azadlığa çıxdıqdan sonra təhsilini davam etdirməyə müyəssər olub.

Qapayev 1910-cu ildə institutu fərqlənmə diplomu ilə bitirib. Amma müvafiq qurumlar siyasi baxışlarına görə onu dövlət qurumlarında işə qəbul etməyiblər. O, bir neçə il Geologiya İnstitutunda ştatdankənar, qeyri-rəsmi işçi kimi çalışıb. 1914-cü ildə isə Qapayev qərbi Sibirə, Kemerevo vilayətinə daş kömür yataqlarında geoloq kimi işə başlayıb.

Sovet hökuməti qurulduqdan sonra Aleksandr Qapayev siyasi fəaliyyətdən uzaqlaşıb, bütün vaxtını və gücünü elmə həsr edib. O, ayrı-ayrı vaxtlarda Moskva Dağ Mədən İnstitutunda kafedra müdiri, Akademiyanın Geologiya İnstitutunda elmi şuranın rəhbəri vəzifələrində işləyib. Eyni vaxtda 1925-1930-cu illərdə Qapayev Rusiya Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsini də daşıyıb.

scale_2400 (1).jpeg (50 KB)

Sonrakı fəaliyyətini Moskva Dağ Mədən İnstitutunda kafedra müdiri kimi davam etdirən Qapayev ən yüksək elmi adlara və ali dövlət mükafatlarına sahib olub.

Stalinlə yaxın münasibətlərini heç vaxt dilə gətirməyən professorun mənzil-məişət problemləri olsa da o, bununla bağlı sovet liderindən kömək istəməyib. Stalin mükafatına görə aldığı pulu isə müharibədən sonrakı dövrdə bərpa quruculuq işləri aparan qurumlara köçürüb.

Aleksandr Qapayev 1958-ci ildə, 76 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

14.03.2024 14:16
2767