Puç olan plan - Azsaylı hayların çoxsaylı dövlət qurması alınmadı

Dəfələrlə yazıldığı kimi, dünyada 5 minə yaxın xalq (etnik qrup), 200 civarında dövlət, 245-dən çox ölkə var.

Dövlətlərin sayı ilə ölkələrin sayının düz gəlməməsi o üzdəndir ki, ikincilərin bəzilərinin yaratdığı idarəetmə sistemi dövlət olaraq tanınmır, bəzilərinin tam müstəqilliyə yaxın statusları var, amma yenə də hansısa böyük dövlətin protektoratıdır.

Beləcə, dünyadakı 5 minə yaxın xalqın təxminən 150-sinin milli dövlətçiliyi var. Bəzi dövlətlər bir xalqın dominantlığı əsasında qurulmayıb, bəzi xalqlar isə daha çox dövlət yaradıblar. Məsələn, ərəblər Yaxın Şərqdə, ispanlar Cənubi və Mərkəzi Amerikada, ingilislərsə Okeaniyada xeyli dövlət təsis ediblər.

Əvəzində təxminən 4850 xalqın dövlətçiliyi yoxdur və onlar böyük dövlətlərin içində ya muxtariyyat qazanaraq yaşayırlar, ha da heç bir statusları yoxdur, amma kompakt şəkildə mövcuddurlar.

Bu xalqların, etnik qrupların əksəriyyəti bir mahala, şəhərə, kəndə sığacaq saydadır. Aydın məsələdir ki, 3-5 (50-60) min adamdan ibarət olan etnik qrupun öz milli dövlətinə malik olmaq şansı yoxdur.

maltalar.jpg (240 KB)

Ancaq Avropada və dünya okeanının dərinliklərində bir çox dövlətlər var ki, əhalisi çox azdır. Avropada onlara “cırtdan dövlətlər” deyirlər. San-Marino, Lüksemburq, Andorra, Lixtenşteyn, Vatikan, Monako, Malta bu tipli dövlətlərdir.

Okeanın əlçatmaz yerlərindəki yaşıl adalarda bərqərar edilən dövlətlər daha çoxdur: Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Vanuatu, Haiti, Qayana, Qvineya-Bisau, Qrenada, Cape Verde, Kiribati, Komor adaları, Mavrikiya, Maldiv adaları, Marşal adaları, Nauru, Palau, Samoa və s.

Bu adaların əksəriyyətinin əhalisi yarım milyona çatmır.

Böyük dövlətlərin tərkibində isə çoxmilyonluq xalqlar var ki, milli dövlətləri yoxdur və uzun illərdir ki, onu əldə etmək üçün silahlı mübarizə aparırlar.

uyarlu.jpg (111 KB)

Məsələn, 90 faizi Çində kompakt halda yaşayan 15 milyon uyğurun dövləti yoxdur və bu xalqın ən böyük arzusu öz milli dövlətçiliyinə nail olmaqdır.

Avropada 86 min əhalisi olan çoxmillətli Andorra müstəqil dövlətdir, amma təkcə İspaniyada 8 milyonluq icması olan katalonlara Kataloniyada milli dövlət qurmağa imkan vermirlər.

Birmada, Banqladeşdə, Hindistanda kompakt halda yaşayan, toplam sayları 5 milyona çatan rohincaların nəinki milli dövlət qurmaları, muxtariyyat qazanmalı, hətta mövcudluqlarını qorumaq imkanları belə sual altındadır. Onları məskunlaşdıqları ölkələrdən qovur, qətliama məruz qoyurlar.

11-6-1480.jpg (108 KB)

Olduqca fağır, məzlum və sülhpərvər xalq olan rohincaların yeganə günahı müsəlman olmalarıdır. Aqressiv ərəb millətçiləri onların adından silahlı qruplaşmalar yaradaraq rohincaların yaşadıqları dövlətlərə problem yaradırlar, bədəlini isə sadə və binəsib xalq ödəyir. Dünən xarici mediada yer almış məlumata görə, artıq rohincaları din qardaşlarının ölkəsində - İndoneziyada da sıxışdırmağa başlayıblar.

Yaxın Şərqin 4 ölkəsində böyük icmalar halında yaşayan, dünya ölkələrindəki toplam sayları 41-53 milyon civarında dəyərləndirilən kürdlərin milli dövlət qurmaq üçün apardıqları vətəndaş müharibəsi artıq bütün dünyanın diqqət mərkəzindədir. Kürdlər həmin dörd dövlətin dördünün də daxilində silahlı mübarizə aparılar. Onlar İraqda və Suriyada müəyyən nəticələr əldə ediblər, Türkiyənin başına bəla olublar, İranda heç nə edə bilmirlər. Gedişat onu göstərir ki, dünya birliyi kürdlərin öz milli dövlətinin olmasını zəruri sayır, sadəcə, o dövlətin harada qurulacağı dəqiqləşdirilməyib. Dörd dövlətdən hansı zəif olsa, kürd dövləti orada qurulacaq. Hələlik 1 nömrəli namizəd İraqdır.

bullec.jpg (138 KB)

Pakistan, İran, Əfqanıstan, Türkmənistanda yaşayan, eləcə də bəzi Yaxın Şərq ölkələrində kompakt icmalara malik olan bəlucların (toplam sayları 10 milyondan çoxdur) müstəqillik uğrunda apardıqları silahlı mübarizə artıq iki dövləti – İran və Pakistanı qarşı-qarşı qoyub, müharibə vəziyyətinə gətirib. Bu çoxsaylı xalq da öz milli dövlətinə malik olmaq istəyir və vaxtaşırı qurbanlar verir.

Söz yox ki, dövlətçiliyi olmayan 4850-dən çox xalqın, etnik qrupun hamısı öz dövlətini qura bilməz. Hətta bunun yarısının yarısı ona nail olsa, Yer üzündə elə bir xaos başlayar, elə qanlı müharibələr düşər ki, bir ilin içində yüzlərlə azsaylı xalq genosidə məruz qalar. Başqa sözlə, bir sıra etnik qrupları kütləvi qırğından məhz böyük dövlətlər qoruyur.

Dövlətçiliyi olmayan, ümumi sayları 10 milyon civarında olan xalqlar isə belə düşünmürlər, hesab edirlər ki, özləri özlərini qoruya bilərlər.

BMT ERMEN.jpg (50 KB)

“İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarının hələ də aktual olduğu bir dönəmdə beynəlxalq birliyin milli dövlətçiliyə nail olmaq istəyən böyük xalqların mübarizəsinə barmaqarası baxdığı halda, Azərbaycan torpağında ermənilər üçün ikinci milli dövləti yaratmaq cəhdləri, haradan baxsaq, absurddur. Minlərlə xalqın bir dövləti, muxtariyyatı yoxdur, amma bu ərköyün xalq sanki kompakt yaşadıqları hər yerdə ya dövlət yaratmalıdır, ya da muxtariyyat əldə etməlidir. Ancaq bu azsaylı xalqın çoxsaylı dövlət qurmaq layihəsi alınmadı.

Araz Altaylı, Musavat.com

19.01.2024 11:40
1933