“Proqnozların hazırlanması zamanı neftin qiyməti 60 dollar müəyyən edilib”

“Carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız artaraq 67.5 milyard dollara çatıb, tədiyə balansının cari əməliyyatlar hesabında profisit qeydə alınıb. 1 iyul 2023-cü il vəziyyətinə xarici dövlət borcu 116.7 milyon dollar azaldılaraq, ÜDM-in 10%-ni, daxili borc isə 782.1 milyon manat artaraq ÜDM-in 4.5%-ni təşkil edib. Baxılan dövr ərzində ölkə iqtisadiyyatına kredit qoyuluşları 17.5% artaraq 22.5 milyard manatı keçib”.

Musavat.com-un məlumatına görə, bunu parlamentdəki büdcə müzakirələrində komitə sədri Tahir Mirkişili söyləyib.

O bildirib ki, 2023-cü ilin 8 ayı ərzində büdcə gəlirləri proqnoza nisbətən 106% icra edilib:

“Bu dövrdə Dövlət Neft Fondunun vəsaitlərindən 6.5 mlrd manat istifadə etmək proqnozlaşdırılsa da, bu məbləğin yalnız yarısından istifadə edilib. Büdcə xərcləri proqnozla müqayisədə 105.6% icra edilib, 218 mln manat kəsir qeydə alınıb. Ümumiyyətlə, 2023-cü il üzrə iqtisadi artıma nail olunması, büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin əsasən qorunub saxlanmsı, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri-neft ixracının və qeyri-neft vergi daxilolmalarının artması, əldə olunan makroiqtisadi sabitlik 2024-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb”.

T.Mirkişili qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə ilə xarakterizə olunacağı nəzərdə tutulur:

“Büdcə zərfində təqdim edilmiş məlumatlara əsasən, növbəti il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanıb, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilib. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib. Nisbətən konservativ və ehtiyatlı olan bu yanaşmanı baş verə biləcək hadisələrə adekvat cavablara hazır ola bilmək baxımından məqbul hesab edirik”.

Komitə sədri bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılan müzakirələr, aparılan təhlillər və Hesablama Palatasının təqdim etdiyi rəy dövlət büdcəsi layihəsinə rəy vermək üçün lazımi imkanlar yaradıb:

“Məhz bu imkanlardan çıxış edərək dövlət büdcəsi layihəsinə komitənin rəyini təqdim edirəm. Qeyd edim ki, layihəyə makroiqtisadi rəy vermək üçün 2024-cü il üçün ölkəmiz qarşısında duran çağırışlar, bu çağırışlara cavab vermək üçün mövcud olan imkanlar, imkanların çağırışlara cavab verməsi üçün hökumətin plan və proqnozları, bütün bu alətlərin dövlət büdcəsində qanun və qaydaların tələb etdiyi formada əks etdirilməsi məsələləri bizim diqqət mərkəzimizdə olub. Apardığımız təhlillər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən layihənin tərtibi və strukturu ilə bağlı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi tələb və müddətlər gözlənilib. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əksər tədbirlərinin maliyyə təminatı icraçı qurumların büdcəsində ayrıca nəzərə alınmaqla dövlət büdcəsində əks etdirilib. 2024-cü ilin dövlət büdcəsinin proqnozları üzrə büdcə qaydasına riayət edilib, büdcə qaydası üzrə hədəflərin yerinə yetirilməsinə bir sıra faktorlar da şərait yaradıb. Fiskal risklər nəzərə alınıb, dövlətin prioritetləri əsas götürülüb”.

E.Paşasoy,
Musavat.com

13.11.2023 12:09
628