Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Əhmədov Mübariz Hüseyn oğlunun Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 9 sentyabr 2024-cü il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.
Bu barədə Baş Prokurorluğum mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbir zamanı Baş prokuror dövlət başçısı cənab İlham Əliyev tərəfindən Mübariz Əhmədova göstərilən yüksək etimad ilə bağlı səmimi təbriklərini çatdırıb, ona prokurorluq orqanlarında uzunmüddətli qüsursuz fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı və hədiyyə təqdim edib.
Mübariz Əhmədov çıxış edərək prokurorluq orqanlarındakı fəaliyyətinə göstərilən xüsusi diqqətə və verilən qiymətə görə minnətdarlığını bildirib.
Görüş zamanı Baş prokuror və digər tədbir iştirakçıları Mübariz Əhmədova təbriklərini çatdırmaqla, onunla bağlı xoş xatirələrindən söz açıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.