Prokuror cəzaların ağırlaşdırılması, vəkillər bəraət tələb edir - “Tərtər işi” apellyasiya instansiyasında

Bakı Apellyasiya Məhkəməsində “Tərtər işi” ilə bağlı həbs edilən hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular - kəşfiyyatçı Ramil Qarayev və Rüstəm Ələsgərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən və zərərçəkənlər iş üzrə bir çox yüksək vəzifəli şəxslərin dindirilməsini tələb ilə çıxış edib, müvafiq vəsatət qaldırıblar.

Müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Kərim Vəliyev, ondan öncə 27 il bu vəzifədə olmuş Nəcməddin Sadıxov, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəisi Mədət Quliyev, sabiq Baş prokuror Zakir Qaralov, o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənovun dindirilməsini istəyiblər.

Vəsatət təmin edilməyib. Daha sonra təqsirləndirilən şəxslərin hamısı çıxışlarında bəraət istəyiblər. Prokuror da çıxışında Bakı Hərbi Məhkəməsinin hökmünün dəyişməsini istəyib. Lakin dövlət ittihamçısı təqsirləndirilən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını təklif edib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay, Ramil Qarayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsində çıxış edən prokuror isə Vüsal Ələsgərovun 10 il, Rüstəm Ələsgərovun 12 il, Rəşid Niftəliyevin 9 il, Ramil Qarayevin isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər. Prokuror isə apellyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib.

Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib. Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb. Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib. Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur. “Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb. “Tərtər işi” ilə bağlı ittiham olunan daha 5 nəfər - Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb. Bu, "Tərtər işi" üzrə ən böyük cinayət işidir. Bununla da rəsmi olaraq ittiham olunanların sayı 18, zərərçəkmişlərin sayı 700-dən çoxdur.

Qeyd edək ki, təqsirləndirilən şəxsləridən biri Fuad Ağayev general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi olub. Onun adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır.

Növbəti proses avqustun 5-də davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

31.07.2024 12:22
1207