Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat və iş adamı olan Dünyamin Xəlilovun məhkəməsi yekunlaşmaq üzrədir.
Musavat.com xəbər verir ki, yanvarın 22-də keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Dünyamin Xəlilovun 15 il, onunla bərabər mühakimə olunan Azad Cavadovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Bu məhkəmə prosesi bir neçə aydır ki, davam edir. Keçmiş deputat və digər keçmiş iş adamı Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti, hazırda həbsdə olan Cahangir Hacıyevin dostu olublar. Elə Cahangir Hacıyevin köməkliyi ilə vaxtilə həmin bankdan ayrı-ayrı adamların adına milyonlarla məbləğdə kreditlər götürüb və qaytarmayıblar. Bu iş üzrə ibtidai istintaq Cahangir Hacıyevi də dindirib. O bildirib ki, həmin kreditlər ayrı-ayrı müəssisələrin yaradılmasına ayrılıb, ancaq həbs olunduğu üçün işlər yarımçıq qalıb.
Bu məhkəmədə Dünyamin Xəlilovun vaxtilə rəhbərlik etdiyi müəssisələrdə fəhlə kimi çalışmış və adlarına kreditlər götürülmüş şəxslər də şahid kimi dindirilib. Onların əksəriyyəti Cahangir Hacıyevin və Dünyamin Xəlilovun tapşırığı ilə hansısa sənədlərə imza atdıqlarını, sonradansa adlarına götürülmüş milyonlarla kreditlərin ödənilmədiyi üçün istintaq orqanına çağırıldıqlarını bildiriblər.
İstintaqın qənaətinə görə, Dünyamin Xəlilov və Azad Cavadov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş rəhbər vəzifəli şəxsləri ilə əlbir olaraq sahibi olduqları “General Construction” MMC və “Bakı Fındıq Emalı Müəssisəsi” MMC-nin işçilərinin adına ümumilikdə 6 milyon 642 min manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyiblər.
Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib. Bundan əvvəl də Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü çıxarılıb. 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib. 2019-cu ilin sentyabrında yenə Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə bərabər mühakimə olunub. Cəzaları toplanaraq bu dəfə üzərində 14 il 6 aylıq hökmü çıxarılıb.
Dünyamin Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibi olub. O, 2005-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı”nın sədri Cahangir Hacıyevin qohumu və işçisi olub. Cahangir Hacıyevə məxsus “Şəki Bazarı” və “Şəki Ət Kombinatı” ASC-ni uzun illər o idarə edib.
E.Məmmədəliyev,
Musavat.com