Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com-un xəbərinə əsasən, ittihama görə, hadisə Səbail rayonu ərazisində baş verib.
“Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”un konfrans zalından kənar yerdə təqsirləndirilən şəxslər idmançı Həsən Əzizovla mübahisə ediblər.
İttihama görə, təqsirləndirilən şəxslər Həsən Əzizovu cəzalandırmaq qərarına gəliblər. Buna səbəb Həsən Əzizovun keçmiş zamanlarda məşqçisi olmuş Ruslan Əfəndiyevə kobud cavab verməsi olub. Dəstə üzvləri Həsən Əzizovun onların yanına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə vurublar. Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar.
Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.
Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilmirlər.
Prosesdə prokuror Müslüm Şahmarov ittiham nitqi ilə çıxış edib. Ruslan Əfəndiyev, Rüfət Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Tofiq Musayevin hər birinin 1 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Tofiq Musayevin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbirinin ləğv edilməsini, məhkəmə zalından həbs edilməsini istəyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com