“Azərbaycana münasibətindən asılı olmayaraq Bakıda fəaliyyət göstərən bütün ölkələrin diplomatlarının işğaldan azad edilmiş rayonlara səfərləri birinci növbədə təmsil etdikləri ölkələrə informasiyanın çatdırılması, ikincisi, özlərinin təsəvvürünün dəqiqləşməsi üçün çox faydalıdır. Onların əksəriyyəti hadisələrə ermənilərin gözləri ilə baxırlar. Onlar Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Qubadlıda ermənilərin hansı vəhşiliklər törətdiyini öz gözləri ilə görürlər”.
Bu fikirləri Musavat.com-a əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib.
O hesab edir ki, bu cür səfərlər davamlı olmalıdır:
“Diplomatlar beynəlxalq təşkilatlar olan BMT, ATƏT, Avropa Birliyinə bu informasiyaları çatdırırlar. Bu baxımdan səfərlər təqdirəlayiqdir, sadəcə daha müasir formalarını tapmaq lazımdır. Bakıdan işğaldan azad edilmiş ərazilərə birbaşa görüntü yaratmaq imkanı olan (İstanbuldakı Panoram muzeyi tipli) muzey açmaq olar. Müasir texnoloji vasitələr buna imkan verir. Azərbaycan Silahlı Qüvvələri bütün təxribatların qarşısını alırlar. Bununla yanaşı, hazırda ən ciddi müharibə informasiya sahəsindədir. Ermənilər, onların himayədarları, Fransa, erməni diasporu tam gücü ilə Azərbaycana qarşı psixoloji müharibə aparır. Buna görə də media ilə əlaqələri genişləndirmək, nüfuzlu media qurumlarının Bakıda fəaliyyəti üçün şərait yaratmaq lazımdır. Vaxtilə “Reuters” və “Agence France-Presse”in (AFP) Bakıda nümayəndəlikləri var idi. Onların işini bərpa etmək lazımdır. Avropadakı diasporumuz cəmiyyətə inteqrasiya edərək media qurumlarına çıxış tapmalıdır. Xarici jurnalistlərin səfərləri təşkil olunmalıdır. Yeni nəsil jurnalistlər birliyinin Avropa jurnalistləri klubu yaratmaq ideyası var idi, ovaxtkı məmurların qısqanclığı ucbatından heyf ki, reallaşmadı”.
Nigar HƏSƏNLİ,
Musavat.com