7 fevral növbədənkənar Prezident seçkisinə namizədlərin irəli sürülməsi mərhələsi davam edir. İndiyə qədər namizədliyini irəli sürənlərin sayı 16 nəfərə çatıb. Prezidentliyə namizədliyi müstəqil olaraq özü tərəfindən irəli sürülən Arzuman Abdulkərimov Musavat.com-un suallarını cavablandırıb.
-Arzuman bəy, Prezident seçkisində namizədliyini irəli sürmək barədə qərar verməyinizə hansı amillər səbəb oldu?
-7 fevralda keçiriləcək Prezident seçkisi tarixi seçkidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən bu günə qədər keçirilən prezident seçkiləri ərazilərimizin bir hissəsinin işğal olunması səbəbindən bütün ərazilərimizdə keçirilmirdi. Torpaqlarımızın azad edilməsi, Qarabağda erməni separatizminin çökdürülməsi ilə bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa edildi. Beləliklə, 7 fevral növbədənkənar Prezident seçkisi ilk dəfə olaraq bütün ərazilərimizdə suverenliyimizin bərpa edilməsi şəraitində, bütün ərazilərimizdə keçirilmiş olacaq. Mənim seçkidə namizədliyimi irəli sürməyim barədə qərarın qəbul edilməsində ölkəmizin bütün ərazisində suverenliyin bərpa edilməsi xüsusi rol oynadı. Mən tarixi seçkidə iştirak etmək qərarına gəldim. Belə bir tarixi prosesdə iştirak etməyin özü böyük şərəfdir, qürurvericidir. Biz də dostlarla bu məsələni müzakirə edəndə düşündük ki, bu qürurverici tarixi prosesdə, qürurverici günlərdə yaxından iştirak edək, dövlətimizin yanında olduğumuzu nümayiş etdirək.
Bu qərara gəlməyimin daha bir səbəbi var. Bildiyiniz kimi mən 30 ildir ictimai-siyasi fəaliyyətlə məşğulam. İndiyə qədər bir dəfə parlament seçkilərində namizəd olaraq iştirak etmişəm. Siyasətlə məşğul olan insanın işi seçkiyə qədər olan dövrdə siyasi fəaliyyətlə məşğul olmaq, seçkilər zamanı isə seçkidə iştirak etmək, bununla özünün reytinqini, eloktoral bazasını yoxlamaq, eyni zamanda bir təcrübə qazanmaqdır. Biz də qərar verdik ki, əgər ictimai- siyasi fəaliyyətlə məşğul oluruqsa, seçkidə iştirak edək.
Azərbaycanda demokratik mühit var. Seçki öncəsi şərait yaxşıdır. Bütün namizədliyi irəli sürülən şəxslərə bərabər şərait yaradıldığını müşahidə edirik. Məsələn, biz MSK-ya sənədlərimizi təqdim etdik. Heç bir maneçiliklə üzləşmədik. Sənədlərimiz qəbul edildi, səlahiyyətli nümayəndələrimiz təsdiqləndi. Seçki kampaniyasını ilk mərhələsinin heç bir problemsiz həyata keçdiyi göz önündədir. Düşünürəm ki, bundan sonrakı mərhələlərdə problemlərlə üzləşməyəcəyik, demokratik şəraitdə yüksək aktivliklə seçki keçəcək. Seçkidə iştirak etmək barədə qərara gəlməyimizin səbəblərindən biri də normal seçki mühitinin olmasıdır.
-Favorit namizədin İlham Əliyev olduğu gün kimi aydındır. Prezident İlham Əliyev seçkiyə müzəffər Ali Baş Komandan, torpaqlarımızı azad edib bütün ərazilərimizdə suverenliyimizi bərpa edən lider kimi gedir. Başqa heç bir siyasətçinin, namizədin aktvində bu qədər böyük nailiyyətlər yoxdur. Belə bir fakt ortada olduğu halda sizin və digərlərinin Prezident seçkisində mübarizəyə qatılmağınız bir qədər təzadlı deyilmi?
-Hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin reytinqi çox yüksəkdir. Bunun da çox ciddi əsasları var. Azərbaycan xalqı son üç il ərzində 200 ildir arzu edilən, lakin həyata keçirilməsi heç zaman mümkün olmayan qələbələrə nail ola bilib. Bu qələbələri Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanmışıq. Məhz İlham Əliyevin siyasəti, qətiyyəti sayəsində dövlətimiz misilsiz tarixi qələbələrə nail olub. Xankəndinin azad edilməsi isə Prezident İlham Əliyevin qələbələr seriyasının kulminasiya nöqtəsidir. Bunu İlham Əliyev bacardı. Amma bu o demək deyil ki, sən seçkidə iştirak etməməlisən. Siyasətçi dediyimiz kimi, seçkidə iştirak etməlidir. Biz də qərara gəldik ki, bu tarixi anlam daşıyan seçkiyə qoşulaq.
Təzad məsələsinə gəlincə, gəlin idman yarışını götürək, siyasət də bir yarışdır. Məsələn, dünyanın ən güclü futbol komandası ilə zəif, üçüncü dövlətlərin futbol komandaları matça çıxır. Bu matçda nəticə bəllidir. Bəllidir ki, zəif tərəf uduzacaq. İndi o demək deyil ki, həmin zəif klub yarışda iştirak etməməlidir, yarışlardan yayınmalıdır. Biz məsələyə həm də bu prizmadan baxılmasını düzgün sayırıq. Yəni biz siyasətin içərisindəyiksə, seçki yarışından qaçmamalıyıq. Ən azı öz imkanlarımızı, eloktoral bazamızı yoxlamaq imkanını dəyərləndirməliyik. Seçkilərə qatılmaqla ən azından təcrübə qazanmaq imkanımız yaranır. Səhvimizi, düzümüzü görmək, sonra onu düzəltmək imkanımız meydana gəlir. Namizədliyimiz qeydə alınarsa namizədliyin yaratdığı yüksək tribunadan bir sıra düşüncələrimizi, baxışlarımızı cəmiyyətə, xalqa, dövlətə çatdıracağıq. Məsələn, biz düşünürük ki, referendum olsa hansı təklifləri verəcəyik, bunları həmin tribunadan səsləndirək. Mütləq deyil ki, seçkidə iştirak edirsənsə ancaq və ancaq kiminsə tənqidi üzərində kampaniya qurmalısan. Mütləq deyil ki, namizədsənsə mütləq əlinə “qılınc” götürüb qılınclayasan. İncə şəkildə öz istəklərini, fikirlərini çatdırmalısan. Və bu fikirlərin cəmiyyətdə necə qarşılanacağını görəcəksən. Hətta elə ideya və fikrilərin ola bilər ki, o, dövlətin, xalqın gələcəyi üçün istifadə olunar, ciddi müsbət nəticələri olar. Eləcə də hansısa sosial problemləri qaldıra bilərik. Eynilə zamanda dövlətin apardığı uğurlu siyasəti o tribunadan bir daha çatdıra da bilərik. Namizədsənsə ancaq tənqid üzərində köklənməməlisən.
-Seçki Məcəlləsinin tələblərinə görə, namizədliyin qeydə alınması üçün ən azı 60 seçki dairəsi ərazisindən ümumilikdə minimum 40 min seçici imzası toplanmalıdır. Bunun üçün resurslarınız var?
-Bu gün və ya sabah seçki qərargahımız formalaşdırılacaq və fəaliyyətə başlayacaq. İmza vərəqələrimizi MSK-dan götürdükdən sonra imza toplamağa start veriləcək. Təbii ki, imza toplamaq çətin prosesdir. 60 seçki dairəsinin hər birində ən azı 50 seçici imzası toplanmalıdır. 60 dairənin ərazisində imza toplamağa ehtiyac yoxdur. İmzaların böyük hissəsini bir neçə dairədən toplaya bilərik. Məsələnin çətin tərəfi odur ki, bir seçiciyə ancaq bir namizədə imza vermək hüququ verilir. Hesab edirəm ki, biz imza toplamaq işinin öhdəsindən gələcəyik.
-Namizədliyini irəli sürənlərin sayı 20-yə yaxınlaşır. Əvvəlki seçkilərdə bu qədər iddiaçı olmurdu. İndi iddiaçıların sayının çox olması nə ilə əlaqədardır?
-Bu, seçki öncəsi demokratik mühitdən asılıdır. İnsanlar seçki mühitinin yaxşı olduğunu görür və seçkidə iştirak etmək istəyir. Bunun özü çox müsbət tendensiyadır. Elə bir şəxs namizəd ola bilər ki, bəlkə də onun adını ilk dəfədir eşidirik. Bu da yaxşı haldır və təbiidir. Bəlkə, kimsə siyasətə qoşulmaq üçün, özünü cəmiyyətə siyasətçi kimi təqdim etmək üçün bu addımı atır, seçkini özünün təqdimatı üçün fürsət hesab edir. Bu da normaldır. Seçkilərin yeni siyasətçilər meydana çıxarması təcrübəsi bütün normal dövlətlərdə yaşanan təcrübədir. Eyni zamanda seçkidən sonra kimsə siyasi, ictimai təşkilat qura və siyasətçi kimi fəaliyyətə başlaya bilər. Bu təcrübə də dünyada çox rast gəlinən təcrübədir.
-Namizədləyiniz qeydə alınarsa, təbliğat-təşviqat kampaniyasını necə quracaqsınız?
-Seçki Məcəlləsinin verdiyi bütün imkanlardan istifadə etməyi düşünürük. Namizədliyimiz qeydə alınacaqsa seçicilərlə görüşlərimiz olacaq. Dövlətin gələcəyini necə gördüyümüz barədə fikirlərimizi çatdıracağıq. Eləcə də seçicilərin fikrilərini dinləyəcəyik. Türk dövlətlərinin, xalqlarının birliyinə yönəlik çox ciddi düşüncələrimiz var. Bu düşüncələrimizi çatdıracağıq. Biz bəzilərindən fərqli olaraq seçkiyə getməyi döyüşə getmək hesab etmirik.
-Seçkiləri boykot etdiklərini bəyan edən siyasi təşkilatların qərarını siz necə qiymətləndirirsiniz? Boykot çağırışları cəmiyyətdə necə dəyərləndirilə bilər?
-İndi seçkidən kənarda qalan qüvvələr var. Onlar öz düşüncələri ilə öz qərarlarını verirlər və öz yanlış qərarlarını öz aləmlərində əsaslandırmağa çalışırlar. Lakin məncə, onların qərarı siyasi qorxaqlıqdan, özünə güvənməməkdən başqa bir şey deyil. Həmin qüvvələrin Azərbaycanın qələbələrinin əleyhinə getmələrinin şahidi oluruq. Buna da qarşı çıxmaq üçün tribuna əldə etməlisən. Seçkidə iştirak bu tribunanın əldə edilməsidir.
Seçkini boykot etdiklərini deyənlər sanki boykotun mənasını bilmirlər. Boykot odur ki, sən bu qərarı verirsənsə seçkini pozmaq gücündə olursan. Yəni bir siyasi qüvvə kimi xalqa seçkini boykot etdiyini bəyan edirsən və xalq da sənin sözünü eşidir və seçkiyə getmir, nəticədə seçki iflic olur. Azərbaycanda indiyə qədər məhz eyni qüvvələr boykot etdiklərini bəyan ediblər. Lakin xalq onların çağırışına məhəl qoymayıb seçkiyə qatılıb. Onların boykot qərarları fiaskoya uğrayıb. Bu dəfə də uğrayacaq. Onlar indi bizə deyir ki, sən xalqın sənə səs verməyəcəyini, İlham Əliyevə səs verəcəyini bilirsən, onda niyə seçkiyə gedirsən. Mən də onlara sual edirəm ki, sən bilirsən ki, sənin boykot qərarın xalqın seçkini boykot etməsinə səbəb olmayacaq, onda hansı məntiqlə boykot qərarı verirsən. Bunların nə seçkidə iştirak etmək, nə də seçkini boykot etmək gücü var. Sadəcə olaraq, hansısa xarici imperialist güclərin sifarişini yerinə yetirirlər. Bu adamlar 20 ilə yaxındır seçkilərdə iştirakdan yayınırlar. Onlara sual olunur, siz bəs nə üçün siyasətdəsiniz? Yaxud cəmiyyətdə reytinqinizi necə müəyyənləşdirirsiniz? Sosial şəbəkədə layklarının bəyənilməsi ilə xalqın arasında reytinqinin səviyyəsi ölçülməz.
Etibar SEYİDAĞA,
Musavat.com