Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, M.Quliyev bu vəzifəyə qədər müdafiə sənayesi naziri idi. O, general-polkovnik ali hərbi rütbəsini daşıyır və Azərbaycanın Milli Qəhrəmanıdır.
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirib.
1975-1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.
Mədət Quliyev 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb.
1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə başlayıb.
1993-1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışıb. 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası almasına rəğmən geri çəkilməyib və cinayətkarların zərərsizləşdirilməsinə nail olub.
1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Regional Şöbəsinin (Yevlax-Qazax) rəisi vəzifəsində çalışıb. Mədət Quliyevin rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilib. Həmçinin, 1994-cü il oktyabr hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Mədət Quliyev
1995-1996-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi;
1996-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini;
2001-2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi;
2002-2004-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;
2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi;
2006-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrini icra edib.
2011-ci ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.
2015-ci ildə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib və nazir vəzifəsini icra edib.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2019-cu ildən isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə general-polkovnik ali hərbi rütbə verilib.
Sabiq nazir sambo üzrə idman ustasıdır, triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var.