Ermənistan rəhbərliyi və cəmiyyətinə sülhlə bağlı çox aydın və qəti təkliflər təqdim edilib. Bu təkliflər ölkənin gələcəyi, milli, müstəqil dövlətin inkişafı, regional və qlobal inteqrasiyası üçün bir fürsətdir.
Ancaq rəsmi İrəvan sülh sazişi, sərhədlərin müəyyənləşməsi istiqamətində addımlar atmaqdan daha çox danışmağa üstünlük verir. Rəsmi Bakı ona indiyədək on təkliflər paketi təqdim edib. Ermənistan hakimiyyəti isə hələ də onlara əməl etməyib.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla bağlı məsələlərdən də danışıb.
Yeri gəlmişkən, Kanada işğal dövründə, 44 günlük müharibə zamanı və sonra da Ermənistanın mövqeyini müdafiə edib. Bu baxımdan, Prezidentin səfirlə söhbəti həm də diplomatın ölkəsində anti-Azərbaycan mövqeyi tutanlara ismarışlar, yaxud cavabdır. Dövlət başçısı deyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq.
Prezidentin sözlərinə görə, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb: “Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.
Prezident bunun Azərbaycanın daxili məsələsi olduğunu da qeyd edib.
Dövlət başçısı kanadalı diplomatla görüşdə Azərbaycanın daha bir şərtindən bəhs edərək bildirib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.
İlham Əliyev sülhlə bağlı sənədin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra biləcəklərini qeyd edib. O, Ermənistanla sülhə dair razılaşmanın başlıca prinsiplərini də diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi: “Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.
Bununla da dövlət başçısı sülh üçün Ermənistanın müdafiəçilərinin diqqətinə aşağıdakı məsələləri çatdırıb:
- Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olan konstitusiyasını dəyişməsi;
- Qərbi azərbaycanlıların repatriasiyası;
- Əsas prinsiplər üzrə razılığın əldə edilməsi, paraflanması;
- Azərbaycanla Ermənistan arasında 28 illik problemlərin çoxluğu və onlarla bağlı razılıq əldə edilməsinin çətinliyi.
Bu kimi ismarışlar dövlət başçısının Ermənistana və havadarlarına açıq-aşkar şərtidir. Yəni Azərbaycana sülh sazişinin əlüstü imzalanması ilə bağlı təzyiqlərdənsə, 28 illik problemləri həll etmək üçün dəstək verilsin. Yoxsa, yarımçıq, Azərbaycanı qane etməyən sazişi imzaladıqdan sonra yenidən istənilən şəkildə münaqişəyə başlamağa nə ehtiyac var?!
Prezidentin ismarışları ABŞ-nin dövlət katibi Antoni Blinkenin Brukinqs İnstitutunda çıxışına da müəyyən mənada cavab sayıla bilər.
Dövlət katibi bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var: “Bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq. Azərbaycan bu məsələdə həlledici rol oynayır”.
Rəsmi Bakını tələsik sülh sazişi imzalamağa çağıran, yaxud bu istiqamətdə təzyiq edənlər Ermənistanın “Müstəqillik Bəyannaməsi” və konstitusiyasının preambulasında, yəni lap girişindəcə vurğulanan cümlələri görməzdən gəlirlər.
Belə ki, 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Sovetinin birinci sessiyasında qəbul edilmiş “Müstəqillik Bəyannaməsi”ndə vurğulanıb: “...Ümumi Bəyannamənin prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq, xalqların öz müqəddəratını təyin etmək hüququnu həyata keçirərək, Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-i tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” Dağlıq Qarabağ Şurası və Milli Şurasının birgə qərarı ilə müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, 1918-ci il mayın 28-də yaradılmış, demokratik, hüquqi sosial sistemin yaradılması məsələsini gündəmə gətirərək, müstəqil dövlətçilik quruculuğu prosesinin başlandığını elan edir”.
Başqa sözlə, Ermənistan 1918-ci ildən yarımçıq qalmış xülyanı, Qarabağın ilhaqını qarşıya məqsəd olaraq qoyub.
1995 və 2015-ci ildə qəbul edilmiş konstitusiyada isə həmin məsələ belə vurğulanıb ki, erməni xalqının fundamental istəkləri əsas götürülür. Bu fundamental prinsiplər konstitusiyada təsbit olunur. Bunlardan biri "Müstəqillik Bəyannaməsi"ndə göstərilən dövlətçilik və ümummilli hədəflərdir.
"Ermənistan öz suverenliyini bərpa etmək üçün azadlıqsevər atalarının vəsiyyətini yerinə yetirərək, dövlətçiliyini təmin etmək məqsədilə onun möhkəmlənməsinə və inkişafına sadiq qalaraq, azadlıq, ümumi rifah, nəsillər üçün vətəndaş harmoniyasını təsdiqləyir...”, - konstitusiyada vurğulanır.
Ermənistanın 34 ildir rəsmi işğal iddiasını beynəlxalq ictimaiyyətin görməzdən gəlməsi erməni istəklərinə gələcək üçün yaşıl işıq yandırmaq anlamına gəlir. Sülh sazişinin tez-tələsik imzalanmasını istəyənlər rəsmi İrəvanla keçirilən çoxsaylı görüşlərdə ona işğalçı konstitusiya ilə bağlı məsələnin xatırladılması barədə Azərbaycan ictimaiyyətində məlumat yoxdur.
Belə qənaətə gəlmək olar ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə olduğu kimi, yenə ermənilərin başını sığallayır, onlara bu dəfə əsas qanunlarını dəyişdirməməkdə yardım edirlər. Ancaq məsələyə belə tərəfli yanaşmaq münasibətlərin normallaşmasını gecikdirir. Odur ki, “qanun şahdır, şah qanun deyil” prinsipi beynəlxalq hüquqda da keçərlidir.
Sədrəddin Soltan,
Report.az