Ekspert: “İçməli su ehtiyatımız az olsa da, dünyada qırmızı işıq verən ölkələrdən deyilik”
“Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq”.
Bunu Prezident İlham Əliyev ötən həftəsonu “Euronews” televiziyasına müsahibəsində deyib.
“Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaradaq. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”, - dövlət başçısı qeyd edib.
Bəs çıxış yolu nədir? Azərbaycan içməli su qıtlığı ilə üzləşə bilərmi?
Zaur Mikayılov
Ötən həftə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə bildirib ki, Azərbaycanda su ehtiyatı məhduddur: “Ölkənin yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur. Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Bu, çoxillik planlarımızın 57 %-dir. Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı sularının təchizatının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.
Bundan başqa, sədr deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su anbarlarının tikintisi davam etdirilir: “Artıq Xaçınçay və digər su anbarlarının, suvarma kanallarının tikintisi başa çatdırılıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Hazırda Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli su sistemləri qurulur və bərpa edilir”.
Agentlik sədri vurğulayıb ki, 2023-cü ildə Azərbaycanda içməli suyun 39 %-i, suvarma suyunun isə 50 %-dən çoxu itkiyə gedib: “Son 4 ildə içməli su itkisini 44 %-dən 39 %-ə endirmişik. Amma bu qürur duyulacaq rəqəm deyil...”
İltizam Yusifov
Dinləmədəki çıxışında deputat İltizam Yusifov isə bildirib ki, Azərbaycanda su qıtlığı ilə bağlı birbaşa dövləti, müvafiq qurumları qınamaq düzgün olmaz: “Azərbaycanda suyun 80 %-dən çoxu transsərhəd çayları hesabına, yəni ölkədən kənarda formalaşır. Nəzərə alaq ki, bu gün bizim suya olan ehtiyacımızdan qat-qat artıq su formalaşıb. Sadəcə, əhalinin ondan səmərəli istifadə etməsini nəzarətə götürmək lazımdır. Azərbaycan dünyada içməli suyun keyfiyyətinə görə 100 ballıq şkala üzrə 50 baldan aşağı göstəricidə qərarlaşıb...”
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev “Yeni Müsavat”a şərhində bildirib ki, Xəzər dənizi yaranan gündən səviyyə problemi olub. Alim qeyd edib ki, hətta insan olmayan zamanlarda belə dənizin səviyyəsi 70 metr qalxıb: “Elə vaxt olub ki, 500 metr enib. Sonuncu buzlaşma dövründə Xəzər ən hündür səviyyəyə qalxmışdı. 23 min il bundan əvvəl Xəzərə təsir edə biləcək amillər az idi. Təxminən 100-120 il bundan öncə Xəzər dənizi Azov və Aralıq dənizləri ilə birləşib. Kumo-Manıç çökəkliyində aparılan qazıntılar bunu deməyə əsas verir. Suitilər Şimal Buzlu okeanından Xəzərə bu yolla gəliblər. Xəzər dənizinin səviyyəsini faciəyə çevirmək, bunu qorxu ilə qarşılamaq lazım deyil. Ötən əsrin 20-ci illərində Xəzərin səviyyəsi yüksək olub, 70-ci illərində isə həddən artıq enib. Buna səbəb Volqa və Kür üzərində su anbarlarının inşası idi. Hətta şimal çaylarını gətirmək istədilər amma alınmadı. Nəticədə su körfəzdən dənizə qayıtmağa başladı. Vəziyyətdən narahat olan İran şahı oğlunu Türkmənistana göndərdi. Hətta Lənkərana gedən dəmir yolunu su basmışdı. Bu zaman boğazı bağlamaq qərarına gəlirlər. Bir sözlə, Xəzərin qalxması da, enməsi də faciədir. Enməsi ekosistemə ciddi zərər vurur, o cümlədən insanlar da təşvişə düşür. Qalxanda isə 5 ölkə üçün ciddi təhlükə yaranır. Vəziyyəti tənzimləmək olar, bunu qorxu kimi qəbul etmək lazım deyil. Xəzərin səviyyəsi hər an qalxmağa başlaya bilər. Hesab edirəm ki, səviyyə tərəddüdü barədə coğrafi sahəyə bələd olmadan fikir yürütmək doğru deyil”.
Ənvər Əliyev
Ə.Əliyev qeyd etdi ki, Xəzərin qalxmasından, yaxud enməsindən asılı olmayaraq yaşıl enerji ilə daim məşğul olmaq lazımdır: “Əhalinin sayı artdıqca suya tələbat artır: bərpaolunan enerji olmadan planetin gələcəyi yoxdur. İstənilən enerjini almaq üçün yanma getməlidir. Yanma isə atmosferə ziyan vurur. Planetdə oksigen, karbon və s. baxımdan azalma yoxdur. Bu, sadəcə olaraq, siyasiləşmiş qrupun əlində vasitədir ki, guya səhralaşma gedir. Dünyada yüzlərlə alim bunun əleyhinədir. Səhra yaranması üçün mütləq planetdə ciddi dəyişiklik olmalıdır. Bu, qısa müddətdə deyil, min illər ərzində baş verir. Planetdə qlobal mənada ciddi dəyişiklik yoxdur”.
Alimin fikrincə, içməli suya tələbatın artması ilə əlaqədar qənaətə diqqət etmək lazımdır: “Hektarlarla ərazi şoranlaşıb. Kür-Araz ovalığının 2,2 milyon hektar ərazisi var, xeyli hissəsi suvarılmadığı üçün baxımsız qalıb. İçməli su ilə bağlı kritik durum yoxdur, lakin bu o demək deyil ki, istədiyimiz kimi yaşaya bilərik. Sudan istifadədə mütləq yanaşma dəyişməlidir. 21-ci əsrdə dünyada sudan istifadə normalarına əməl etmirik. Eyni zamanda eradan əvvəlki suvarma sistemləri dağıdılmalıdır, götürülməlidir, hər qarış torpağın suyu milliqramla ölçülməlidir, buxarlanma, çökmə nəzərə alınmalıdır. Ən müasir su kanallarında belə minimum 15 faiz sızma var. Azərbaycan isə isti ölkədir, buxarlanma, üstəgəl, məsuliyyətsiz çoxdur. Suvarılma müasir texnologiya ilə aparılmalıdır. Kür, Araz çaylarının su ehtiyatları 32-34 milyard kub metrdir. Anbarlar isə sadəcə, vəziyyəti nizamlamaq üçün istifadə olunur”.
Qorxmaz İbrahimli
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a şərhində qeyd etdi ki, dünyada iqlim dəyişikliyi yeni başlamayıb: “İnsan və digər canlılar Yer kürəsində yaşamağa başladığı andan dəyişikliklər başlayıb. Dövlət başçımızın da sadaladığı problemlər tək bizim ölkəyə deyil, bütün dünyaya təsir edir. Bundan çıxış yolu qlobal mədəniyyət, ətraf mühitə münasibət, qlobal istiləşməyə səbəb olan böyük dövlətlərə "dur" deyə biləcək beynəlxalq gücün formalaşmasıdır. Yaxın tarixdə Azərbaycan içməli su qıtlığı ilə üzləşməyə bilər. Bildiyiniz kimi, biz Cənubi Qafqazda necə deyərlər, suyun bitən yerində məskunlaşmışıq. Su ehtiyatları transsərhəd çayları hesabına yaranan ölkənin müvafiq qurum və institutları düzgün çalışmalı, lazımi ön çalışmalarla gələcəkdə problem yaşamamaq üçün yardımçı ola bilərlər. Biz suyu düzgün istifadə etmirik, israf çoxdur. Suvarma sistemləri, plansız əkin, əraziyə uyğun olmayan, çox su tələb edən bitkiləri becərməklə öz ayağımıza balta vurmaqdayıq. İnanıram ki, problemi həll etmək olar. Eləcə də Xəzərin çəkilməsi qorxulu deyil, zamanla yüksələcək. İçməli su ehtiyatımız az olsa da, dünyada qırmızı işıq verən ölkələrdən deyilik. Yerüstü və yeraltı şirin su ehtiyatlarımızı qənaət və bilinclə sərf etməliyik. Məncə, Kürlə bağlı problem daha çox antropogen amillə bağlıdır. Yuxarı axardakı israf, düzgün əkinçilik sistemi olmadığından hazırda bu problemi görürük. Xəzərin Kürün aşağı axarını basmasının əsas səbəbi budur. Mənə qalsa, bitkiçilik, əkinçilik sistemimiz ciddi şəkildə dəyişməlidir. Biz nə qədər kənd təsərrüfatı məhsullarını ixrac etməklə fəxr edəcəyiksə, o qədər də çox su qıtlığı bataqlığına saplanacağıq. Bu il ölkədə yağıntılar qismən artıb. Eləcə də dağlarda qar ehtiyatımız yaranıb. Bu sevindiricidir".
Qeyd edək ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinin prioritetləri ətraf mühitin çirklənməsi, su qıtlığı və yoxsul ölkələrin təmiz texnologiyalara çıxışında dəstək verilməsidir.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”