"Azərbaycan Prezidenti ölkəmizə qarşı düşmənçilik siyasəti aparanlara Cəbrayıldan ciddi mesaj verdi
Vətən Müharibəsində qazandığımız tarixi Qələbə ilə Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına son qoyuldu. Şanlı Zəfərdən bir həftə sonra Prezident, Qəhrəman Ali BaşKomandan və bütün sahələrdə ona arxa-dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərlərə başladılar və o gündən də həmin ərazilərdə yenidənqurma, tikinti-abadlıq işlərinin əsası qoyuldu. Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Son dörd ildə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri bir daha təsdiqədi ki, dünyanın heç bir ölkəsində işğaldan, müharibələrdən əziyyət çəkmiş dövlətlər Azərbaycanda olduğu kimi, sürətlə və keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib və bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur".
Bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Moderator.az-a açıqlamasında Prezident İlham Əliyevin bu il oktyabrın 4- də Cəbrayıl şəhərində yerli sakinlərlə görüşü zamanı çıxışına münasibət bildirərkən səsləndirib.
Hüquq müdafiəçisi deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Artıq o günlər arxada qalıb. Qarabağ və Şərqi Zəngəzurda aparalan sürətli tikinti-quruculuq işlərindən sonra keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinclə dogma yurdlarına qayıdırlar. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən , 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Həmin gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl sankləri ilə onların dogma yurdlarında görüşdü, isti ocaqlarına qayıdan cəbrayıllılara yeni mənzillərin açarları təqdim olundu.
Ç.Qənizadə dövlətimizin başçısının çıxışındakı bəzi məqaları diqqətə çatdıraraq deyib ki, Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci Cəbrayıl olmuşdur. Bu əməliyyat xüsusi əhəmiyyətə malik idi. Ali Baş Komandan yenilməz ordumuzun qəhrəmanlığından söhbət acaraq dedi ki, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.
Hüquq müdafiəçisi hazırda Cəbrayıl rayonunda aparılan yenidənqurma, abadlıq işlərindən də söhbət açıb. Deyib ki, dövlətimizin başçısı da görülən işlər barəsində məlumat verib. Qeyd edilib ki, gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə Cəbrayılda çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.
Tanınmış hüquqşünas dövlətimizin başçısının bir sıra beynəlxalq təşkilatların, o cümlədən Qərbin Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyini də kəskin tənqid edib.
Sakinlərin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Prezident qeyd edib ki, bu gün də ölkəmizə qarşı düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Azərbaycan Prezidenti ölkəmizə qarşı düşmənçilik siyasəti aparanlara Cəbrayıldan bir daha ciddi mesaj verdi: “Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik”.
“Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Əzablı dövr artıq keçmişdə qaldı. Vətəndaşlarımız artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayırlar. “Böyük Qayıdış” Proqramı uğurla icra olunur”- deyə Ç.Qənizadə bildirib.