Prezidentin işdən çıxardığı NAZİR MÜAVİNİ KİMDİR: fəhləlik edibmiş... - DOSYE

Xəbər verdiyimiz kimi, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Musavat.com Yəhya Musayevin dosyesini təqdim edir:

Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub. 

O, 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Yəhya Musayev 1979–1980-ci illərdə fəhlə işləyib, 1980–1982-ci illərdə "Azneftyoltikintitəmir" trestində mühəndis və iqtisadçı, 1982–1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində, 1983–1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində, 1985–1994-cü illərdə Ə. C. Əmirov adına Neftqazçıxarma İdarəsində, 1994–2003-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışıb.

2003–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi olub.

2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışıb.

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Sabiq nazir müavini 2012-ci ilin 11 dekabrda "Tərəqqi" medalına layiq görülüb.

Ailəlidir, bir oğlu var.

Musavat.com

12.01.2024 18:05
10144