Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı MÜHÜM SƏRƏNCAM

Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust - Laçın şəhəri günü, 4 oktyabr - Cəbrayıl şəhəri günü, 17 oktyabr - Füzuli şəhəri günü, 20 oktyabr - Zəngilan şəhəri günü, 25 oktyabr - Qubadlı şəhəri günü, 8 noyabr - Şuşa şəhəri günü, 20 noyabr - Ağdam şəhəri günü, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

18.09.2024 11:29
5430