Şəhərsalma və tikinti fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər cəmiyyətdə davamlı müzakirə olunan aktual mövzulardan biridir.
Təəssüflər olsun ki, ölkəmizdə son illər ərzində tikinti sektorunun dinamik inkişafı ilə yanaşı, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydaların pozulmasına yol verilir. Belə pozuntular həmin tikinti obyektlərinin istismara yararlılığını müəyyənləşdirməkdə çətinliklər yaradır və bu da son nəticədə vətəndaşlarımızın əmlak üzərində hüquqlarını mövcud qanunvericilik çərçivəsində tanınmasını mümkünsüz edir.
Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əsas istiqamətlərindən biri də xüsusi sosial-iqtisadi əhəmiyyətə malik olan şəhərsalma və tikinti fəaliyyətinin təşkili sahəsində aparılan islahatlardır. Bu islahatların başlıca hədəfi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və ölkədə sahibkarlığın inkişafının təmin olunmasına dövlət səviyyəsində dəstəyin verilməsindən ibarətdir.
Son illər ərzində dövlət başçısı tərəfindən şəhərsalma fəaliyyətinin tənzimlənməsi və bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının işinin yenidən təşkil olunması istiqamətində bir neçə mühüm fərman və sərəncamlar imzalanıb. Bu sırada Prezidentin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 dekabr 2018-ci il tarixli, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 2019-cu il tarixli, “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə haqqında” 18 mart 2021-ci il tarixli Fərmanları xüsusi əhəmiyyətə malikdir. Bu Fərmanlarla tikinti sektorunda mövcud olan problemlərin həllinə yol açılmış və tikinti fəaliyyətinin iştirakçılarının məsuliyyətinin artırılması təmin edilib.
Belə ki, Prezidentin 19 fevral 2019-cu il “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası nəticəsində ümumi sahəsi 8,5 milyon kvadrat metr olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilib və aparılmış müayinələrin müsbət nəticələri əsasında həmin mənzillərin istismarına icazə verilib.
Prezidentinin 28 dekabr 2018-ci il tarixli “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Bir pəncərə” elektron müraciət sistemi yaradılıb. “Bir pəncərə” elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Məsələn, elektron sistem tətbiqi sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalıb.
Tikinti sektorunda aparılan islahatlaın davamı olaraq ölkə Prezidenti tərəfindən atılan növbəti addım, qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Onun imzaladığı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 saylı Fərmandır. Bu Fərmanda 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Müəyyən olunmuş qaydaya əsasən, qeyri-yaşayış binalarının istismarına icazə verilməsi üçün aşağıdakı əsas tələblər irəli sürülür:
- yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olması;
- yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi;
- liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı;
- torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququnun təsbit edilməsi;
- qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşməsi.
Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur və bu rejimdən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət olunmalıdır.
Fərmana uyğun olaraq bütün müayinə mərhələləri və eləcə də hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilmiş, Fərmanın icrasına dair işlərin 2026-cı il iyunun 1-dək tamamlanması və həmin tarixədək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.
Bundan başqa, işlərin səmərəliliyinin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər.
Qanunvericiliyə edilən digər dəyişiklik yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Belə ki, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunmalıdır.
Eyni zamanda Fərmanla özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir və tikintisinə icazə tələb olunan, lakin belə tələbə riayət etmədən inşa edilmiş və ya tikilməkdə olan tikinti obyeklərində bu qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə cinayət məsuliyyəti tətbiq olunması nəzərdə tutulur.
Bu fərmanın tələbləri çərçivəsində tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı (Yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma) tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir. Tikinti inzibatçılığının tələblərinə uyğun olaraq tətbiq edilən sanksiyalar fiziki şəxslər üçün 300-500 manatdan 800-1000 manata, vəzifəli şəxslər üçün 1500-2500 manatdan 2500-4000 manata, hüquqi şəxslər üçün isə 15000-25000 manatdan 20000-25000 manata qədər artırılır.
Dövlət başçısının imzaladığı bu Fərmanın başlıca hədəfi müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri-yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasından ibarətdir.
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor,
Sabiq maliyyə naziri