Ekspert: “Qərb institutlarının prezident seçkisi ilə bağlı rəyi artıq hazırdır”
Rusiya prezidenti Vladimir Putin prezident seçkisinə kənardan istənilən müdaxilənin qarşısını almağı tapşırıb. O, bunu Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə qarşıdan gələn prezident seçkisi ilə bağlı danışarkən deyib.
Putinin sözlərinə görə, ölkənin daxili işlərinə istənilən müdaxilənin Rusiya qanunlarına uyğun olaraq ciddi şəkildə qarşısı alınacaq. “Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik. Ölkəmizdə yeganə hakimiyyət mənbəyi yalnız Rusiya xalqıdır”, - Rusiya prezidenti bildirib.
Məlumdur ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Hələ 2005-ci ildə Prezident İlham Əliyev Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanunazidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Sərəncamın digər bəndinə görə isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq exit-poll prosesinin aparılmasına lazımi şərait yaratmaq, həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməmək tapşırılıb.
Azərbaycanın Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, seçki prosesinə qanunsuz müdaxilə edən və ya seçicilərin və namizədlərin seçki hüquqlarını digər formada pozan şəxslər cinayət, mülki və ya inzibati məsuliyyətə cəlb edilə bilərlər.
Seçkilərə kənardan müdaxilə dedikdə həm də xarici faktorlar nəzərdə tutulur. Bir müddət əvvəl keçirilən rəy sorğusunda avropalıların əksəriyyəti hesab edib ki, digər ölkələrdə seçkilərə ən çox ABŞ təsir (müdaxilə) edir. Bu fikri Fransa və Polşa vətəndaşlarının 43%-i, almanların 41%-i, britaniyalıların isə 33%-i müdafiə edirdi.
Azərbaycan əlverişli coğrafiyada yerləşdiyindən burada baş verən siyasi proseslər bir çox xarici güclərin maraq dairəsində həmişə olub. Əsasən bu maraq prezident seçkisi dövründə daha çox hiss olunur. Bütün dünyada belə tendensiyalar var. Hətta Aİ ölkələrinin milli seçkilərinə də xaricdən maraqlar həmişə olub və hərə özünə münasib bir qüvvənin hakimiyyətdə təmsil olunmasını istəyib. Bu, dünya siyasi praktikasında hər zaman rastlaşdığımız haldır və artıq uzun müddətdir ki, bu hal adi qarşılanır.
Qərbdən Azərbaycana qarşı təzyiq kampaniyası başlayanda adətən dövlət strukturları ilə yanaşı, adının önünə “beynəlxalq” yarlığı yapışdırılmış “media”, “hüquq müdafiə”, “insan haqları” təşkilatları da rol alırlar. Fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin edilməsindən sonra “Amnesty İnternational”ın bəyanatı diqqət çəkir. Gözlənilir ki, seçki yaxınlaşdıqca bu kampaniya daha geniş vüsət alsın, “Sərhədsiz Reportyorlar”, “Freedom House”, “Human Rights Watch” və digər təşkilatlar da əks-təbliğata qoşulsun.
Bəs beynəlxalq səviyyədə xaricdən seçkiyə hansı şəkildə müdaxilə ola bilər? Müdaxilədə məqsəd, hədəf nədir?
Abutalıb Səmədov
Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı Qərb institutlarının rəyi artıq hazırdır: “Orada nə yazılacağı da bizə yaxşı məlumdur. Yazılacaq ki, seçki demokratik keçirilməyib, əsas siyasi qüvvələrin iştirakı təmin olunmayıb, seçki komissiyaları bərabər əsasda təşkil olunmayıb və sair. Çox təəssüf ki, Azərbaycan müxalifətinin Qərbdə qəbul olunan və maliyyələşən təmsilçiləri 7 fevralda keçiriləcək növbədən kənar prezident seçkisində iştirak etməmək qərarına gəldilər. Bununla da Azərbaycan əleyhinə olan qüvvələrin imkanlarını, bəhanələrini bir az da artırdılar. Beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkiyə müdaxilə imkanları geniş deyil. Azərbaycanın son addımları da göstərdi ki, hakimiyyət Qərbin, Qərb institutlarının ədalətsiz müdaxiləsinə meydan vermək fikrində deyil. Ölkə prinsipial mövqe qoymaq gücünə malikdir. Bu səbəbdən Qərbin, Qərb institutlarının seçkiyə müdaxilə etmək imkanları son dərəcə məhduddur və onlar dediyim kimi, artıq indidən 7 fevraldan sonra yayacaqları bəyanatlarını hazırlayıblar. Seçkiyə müdaxilə eləməkdə məqsəd nədən ibarətdir? Təbiidir ki, Azərbaycan hakimiyyətinə təzyiq göstərmək, öz istəklərini diktə etmək, öz siyasətlərini Cənubi Qafqaz bölgəsində reallaşdırmağa çalışmaq və Azərbaycanı da Ermənistan kimi öz istəklərinin icraçısına çevirməyə cəhd göstərmək. Ancaq son ayların hadisələri göstərir ki, bu, Azərbaycana qarşı mümkün deyil. Azərbaycan hakimiyyəti yalnız dövlətimizin və xalqımızın maraqlarına cavab verən siyasəti yeridir və yalnız bu maraqlara uyğun olan təklifləri qəbul edir. Azərbaycanda Prezidenti xalq seçir, Azərbaycan o ölkələrdən deyil ki, rəhbərini hansısas xarici təşkilatlar, xarici qüvvələr seçsin”.
Siyasi şərhçi buna görə hesab edir ki, növbədənkənar prezident seçkisi normal şəraitdə keçəcək, hər hansı bəyanatlarla müdaxilə cəhdlərinin nəticəsi olmayacaq: “Azərbaycanda müxalifət də başa düşürdü ki, onların heç bir şansı yoxdur, ancaq Azərbaycan maraqlarını əsas götürüb hətta şansları olmayan seçkilərdə də iştirak eləyə bilərdilər və böyük bir dövrün qapanmasının, Qarabağ uğrunda mübarizənin son nöqtəsinin qoyulmasında onların da az da olsa payı olardı. Təəssüf ki, iştirak eləmədilər, Qərb institutlarının bəhanələrini bir az da artırdılar. Ancaq nə qədər bəhanələr artsa da, bunun Azərbaycana, hakimiyyətin siyasətinə heç bir təsiri olmayacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”