Prezident seçkisinə ciddi marağın səbəbi nədir? - DETALLAR

İndiyə qədər keçirilən Prezident seçkisində yaşanmayan hal

Dekabrın 19-dan etibarən Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədlər - seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürməyə başlayıblar. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanıb və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək. Həmin müddətədək namizədliyin rəsmi qeydə alınması üçün lazım olan ən azı 40 min seçici imzası (60 seçki dairəsini əhatə etməklə) MSK-ya təqdim edilməlidir. 

MSK seçkiyə görə bayram günləri də işləyəcək. 

Vaxt az qalmasına baxmayaraq, namizədliyini irəli sürən şəxslərin sayı artmaqda davam edir. Namizədliyini  irəli sürənlərin sayı 16-ya çatıb. İndiyə qədər keçirilən prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı heç zaman bu qədər olmayıb. Bu isə seçkiyə bu dəfə daha ciddi marağın olduğunun göstəricisidir. Bəs,  Prezident seçkisinə ciddi marağın səbəbi nə?

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Prezident seçkisində Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, əvvəlki prezident seçkisi ilə müqayisədə bu dəfə namizədliyini irəli sürənlərin sayının xeyli çox olması  maraqlıdır: “Çox maraqlıdır ki, daha çox müstəqil namizədlərin sayı artır. Amma o da maraqlıdır ki, özünü əsas alternativ kimi göstərmək istəyən müxalifətin radikal hissəsinin namizədləri yoxdur. Belə görünür ki, ”müqəddəs yerlər" boş qalmır, ona görə də başqaları namizədliyini verir. Hazırda həm namizədlərin irəli sürülməsi, həm də imzatoplama kampaniyası gedir. İmzatoplama kampaniyası ağır işdir. Ona görə də düşünmürəm ki, namizədliyini irəli sürən şəxslərin böyük hissəsi lazım olan sayda imza toplaya biləcək. Amma hər halda, seçkidə namizəd kimi iştirak etmək insanların hüquqlarıdır. İnsanların bu hüquqlarına qarşı çıxılmır. Onlar da bu hüqudan istifadə edirlər".

Yusif Bağırzadə: Ermənistan kimi qonşusu olan bir ölkə olaraq bizim daim  hazır vəziyyətdə olmamız şərtdir - "İki sahil"

Yusif Bağırzadə

Müstəqil namizəd Yusif Bağırzadə bildirdi ki, namizədlərin sayının çox olması bir sıra faktorlarla bağlıdır: “Ən vacib faktor 2024-cü il seçkilərinin ilk dəfə olaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilməsi ilə bağlıdır. Yəni başqa sözlə budəfəki seçkilər təkcə siyasi hadisə deyil, həm də tarixi bir hadisədir. İnsanlar bu tarixi hadisənin namizəd kimi iştirakçısı olmaq istəyə bilərlər. 

İkinci faktor ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi olan bu seçkilərin daha azad, daha ədalətli və şəffaf keçiriləcəyinə olan inamla bağlıdır.

Təbii ki, hər bir namizədin seçkidə iştirakla bağlı qərarı konkret nəyə əsaslanaraq verməsini həmin şəxslərin özləri daha yaxşı deyə bilər. Çünki seçkilərdə iştirak hakimiyyət uğrunda mübarizə olmaqla yanaşı, həm də öz ideya və baxışlarını daha geniş auditoriyaya çatdırmaq imkanıdır. Bu sadalananlara özünü daha geniş kütləyə tanıtmaq üçün seçki yarışına qoşulanları da nəzərə alsaq namizədlərin sayının çox olması elə də təəccüblü görünməməlidir. Amma onu da qeyd edim ki, namizəd olmaq arzusunda olanların çox olması heç də hər kəsin namizəd olaraq qeydə alınacağı demək deyil. Seçki yarışında namizədliyini irəli sürmüş hər kəs deyil,  rəsmi qeydə alınmış namizədlər iştirak edir. Qarşıda isə ağır bir mərhələ-imza toplama mərhələsi var. İndi ən vacib olanı həmin mərhələni layiqincə və qanunauyğun şəkildə başa vurmaqdır. Bu mərhələni nə qədər namizədin başa vura biləcəyini zaman göstərəcək".

Arzuman Abdulkərimov namizəd oldu - AÇIQLAMA - GlobalInfo.az

Arzuman Abdulkərimov

Müstəqil namizəd Arzuman Abdulkərimov da hesab edir ki, seçkidə namizədliyini irəli sürənlərin sayının çoxluğu seçkinin tarixi seçki olması və demokratik seçki mühitinin olması ilə bağlıdır: “7 fevral tarixi seçkidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən bu günə qədər keçirilən prezident seçkiləri ərazilərimizin bir hissəsinin işğal olunması səbəbindən bütün ərazilərimizdə keçirilmirdi. Torpaqlarımızın azad edilməsi, Qarabağda erməni separatizminin çökdürülməsi ilə bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa edildi. Beləliklə, 7 fevral növbədənkənar Prezident seçkisi ilk dəfə olaraq bütün ərazilərimizdə suverenlyimizin bərpa edilməsi şəraitində, keçirilmiş olacaq. Şəxsən mənim seçkidə namizədliyimi irəli sürməyim barədə qərarın qəbul edilməsində ölkəmizin bütün ərazisində suverenliyin bərpa edilməsi xüsusi rol oynadı. Mən tarixi seçkidə iştirak etmək qərarına gəldim. Belə bir tarixi prosesdə iştirak etməyin özü böyük şərəfdir, qürurvericidir. Hesab edirəm ki, seçkiyə bu qədər marağın olması seçki öncəsi demokratik mühitdən asılıdır. İnsanlar seçki mühitinin yaxşı olduğunu görür və seçkidə iştirak etmək istəyir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

 

27.12.2023 12:03
851