Prezident Rəqabət Məcəlləsini parlamentə göndərdi - bu dəfə nə olacaq?

Ekspertlər ümidli danışırlar

Azərbaycanda uzun illərdir gözlənilən bir addım atılıb: Rəqabət Məcəlləsinin layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib və parlamentin İnternet saytında yerləşdirilib. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 83 maddədən ibarətdir.

Məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq.

Məlumatda qeyd olunur ki, məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.

Qeyd edək ki, Azərbaycanda Rəqabət Məcəlləsi ölkə müstəqillik əldə ediləndən bəri ən çox gözlənilən sənəddir. 2006-cı ildə Milli Məclisdə məcəllə layihəsi hazırlanaraq birinci və ikinci oxunuşda müzakirə olunub, lakin ondan sonra bir daha müzakirəyə çıxarılmayıb. Amma dəfələrlə məcəllənin hazırlanmasını nəzərdə tutan sərəncam və tapşırıqlar verilib. Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli “Haqsız Rəqabət haqqında” və 1993-cü ildə qəbul olunan “Antiinhisar fəaliyyəti haqqında” qanunlarla tənzimlənir.

Əkrəm Həsənov: “Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni  intellektli məhkəmə “error” verəcək” - pia.az

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Rəqabət Məcəlləsinin layihəsinin timsalında Azərbaycanda ilk dəfədir Milli Məclisə göndərilən layihə komitə iclasından keçməmiş sayta yerləşdirilir: “Düzünü deyim, bu, görünməyən haldır ki, plenar iclas başlanmamış layihəni ictimaiyyətə açıqlayıblar. Mən bununla bağlı spiker Sahibə Qafarovaya da məktubla müraciət etmişdim ki, layihələr Milli Məclisə daxil olan kimi sayta yerləşdirilməlidir”.

Hüquqşünasın fikrincə, bu layihənin taleyinin birinci kimi olub-olmayacağını söyləmək mümkün deyil: “Açığını deyim, hər şey ola bilər. Əgər məcəllə böyük ölçüdə Azərbaycanda ədalətli rəqabət mühitini təmin edəcək səviyyədədirsə, onun qəbuluna qarşı müqavimətin olması gözləniləndir. Sənəd böyükdür, onunla hərtərəfli tanış olduqdan sonra deyə biləcəm ki, nə qədər keyfiyyətlidir, icrasından nələr əldə etmək mümkündür”.

İqtisadçı: “Yaşayış minimumundan aşağı əmək haqqı müəyyənləşdirilə bilməz”  - 14.01.2019, Sputnik Azərbaycan

Rəşad Həsənov 

İqtisadçı-ekspert Rəşad Həsənov bu dəfə hökumətin Rəqabət Məcəlləsini qəbul etməkdə qərarlı göründüyü fikrindədir: “Son nəticə ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Amma bu dəfə hökumətin bu sənədi icraya yönəltmək niyyətini hiss edirəm. Digər tərəfdən, düşünmürəm ki, Rəqabət Məcəlləsinin qəbulu ilə Azərbaycan iqtisadiyyatında azad rəqabətli mühit dərhal bərqərar olacaq. Daha doğrusu, sağlam rəqabətin formalaşması yalnız bu sənəddən asılıdır. Çünki təcrübə göstərir ki, ən təkmil qanunlar belə Azərbaycanda reallığı dəyişməyə, sağlam münasibətləri təmin etməyə imkan vermir. Bu baxımdan, əsas məsələ hakimiyyətin istəyidir, siyasi iradənin olmasıdır. İndilik belə siyasi iradənin olduğu qənaətindəyəm, ardınca nə olacaqsa, görəcvəyik”.

Onu da qeyd edək ki, Azərbaycanda sağlam rəqabət mühitinin olmaması, yüksək inhisarlaşma ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi yolunda ən böyük maneələrdən biridir. Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatına əsasən bu ilin ikinci yarısında iqtisadiyyatın qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlbində 35 faiz azalma qeydə alınıb. R.Həsənov deyir ki, işğaldan azad olunan ərazilərin bərpası Azərbaycanda investisiya ehtiyaclarını dəfələrlə artırıb: “Postpandemiya dövründə iqtisadi bərpanın təmini üçün bütün dünyada investisiyalara ehtiyac artıb. Hazırda bir növ, investisiyalar uğrunda mübarizə gedir: hər bir ölkə investorları cəlb etmək üçün daha əlverişli şərtlər təklif etməyə çalışır. Bu baxımdan, Azərbaycanın öz şərtlərini mümkün qədər daha çox əlverişli hala gətirməsi vacibdir. Buna yalnız kosmetik dəyişikliklər, imitasiya xarakterli addımlarla nail olmaq mümkün deyil. Hökumət bütün istiqamətlərdə ölkə iqtisadiyyatının liberallaşması, ölkənin iqtisadi inteqrasiyasını təmin etmək üçün bütün bağlı qapıları açmalıdır”.

Milli Məclisin saytında yerləşdirilən layihədə qeyd olunur ki, məcəllə Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində  tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.

Məcəlləyə əsasən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Layihədə nəzərdə tutulduğuna əsasən bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti (ən çox paya malik olanlar əsas götürülməklə) iki və ya üç təsərrüfat subyektinin birgə bazar payı 50 faizdən çox olduqda; dörd və ya beş təsərrüfat subyektinin birgə bazar payı 70 faizdən çox olduqda hökmran mövqe tutmuş hesab edilir.

Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları) rəqabət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Bundan əlavə, müvafiq bazarda 50 faizdən az, lakin 35 faizdən çox bazar payına malik olan təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda hökmran mövqe tutmuş hesab edilir. Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Məcəlləyə görə, haqsız rəqabətin formaları bunlardır: müştərilərə qarşı aqressiv davranış; rəqib təsərrüfat subyektinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; müştərilərin çaşdırılması və aldadılması; kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması.

Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya səbəb ola bilən), eləcə də təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinə toxunan (və ya toxuna bilən) hərəkətləri (hərəkətsizliyi) qadağan edilir. Bu hərəkət və hərəkətsizliklərə dövlət və bələdiyyə mülkiyyətində olmayan təsərrüfat subyektlərinə məhsulun istehsalı və satışı üzrə, həmçinin müəyyən kateqoriya müştərilərin üstünlük verilməklə təchiz edilməsi və ya bəzi müqavilələrin bağlanmasına üstünlük verilməsi üzrə birbaşa və dolayı göstərişlərin və (və ya) məcburi dövlət sifarişlərinin verilməsi, eyni zamanda müştərilərə müəyyən kateqoriya məhsulun xüsusi bazar subyektlərindən alınmasına dair məhdudiyyətlərin qoyulması; təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarətin həyata keçirilməsi; öz struktur bölmələrinə və tabeliyində olan qurumlara rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən səlahiyyətlərin verilməsi; fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən təsərrüfat subyektlərinin və idarəetmə orqanlarının yaradılması; Azərbaycan ərazisində məhsulun hərəkətinə qadağaların (məhdudiyyətlərin) tətbiqi, kapital qoyuluşlarına, habelə iqtisadiyyatın müxtəlif sahələri arasında maliyyə vəsaitinin sərbəst hərəkətinə maneələrin yaradılması; eyni sahədə fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat subyektlərinə rəqabətdə üstünlük verə biləcək güzəştli kreditlərin, subsidiyaların, vergi və digər ödənişlər üzrə güzəşt və azadolmaların verilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan vəsaitdən güzəştli şərtlərlə istifadə etmək imkanının yaradılması; müəyyən məhsulun alışı, satışı, istehsalı, idxalı və ixracının, müəyyən sahibkarlıq fəaliyyət növü ilə məşğul olmanın, habelə yeni müəssisələrin, o cümlədən maliyyə institutlarının yaradılmasının qadağan edilməsi və ya məhdudlaşdırılması, eləcə də yeni texnologiyaların işlənilib hazırlanması ilə bağlı maneələrin yaradılması; təsərrüfat subyektlərinin müstəqilliyinin, o cümlədən xarici iqtisadi fəaliyyətinin məhdudlaşdırılması; rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və müştərilərin mənafeyinə toxunduğu hallarda qiymətlərin yüksəldilməsi, aşağı salınması və ya bir səviyyədə saxlanılması məqsədilə məhsul, o cümlədən maliyyə xidmətləri bazarlarına əsassız müdaxilə edilməsi; rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması; tələb və təklif sahəsində informasiya resursları üzərinə nəzarətin qoyulması və ya bəzi təsərrüfat subyektlərinə belə informasiya resurslarına üstün çıxış imkanının yaradılması; dövlət satınalmaları sahəsində normativ hüquqi aktlara zidd olaraq müəyyən təsərrüfat subyekti üçün üstün şərait yaradılması; yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına maneələrin yaradılması; təsərrüfat subyektlərinin maddi ehtiyatlarla təchiz olunması üçün mərkəzləşdirilmiş qaydada təchizat kanallarının yaradılması; qarşılıqlı əvəz oluna bilən məhsulların istehsalına, idxalına və ixracına nəzarətin həyata keçirilməsi; az həcmdə gəlir əldə edən və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan, rəqabəti məhdudlaşdıran (məhdudlaşdıra bilən) güzəştlərin və əlverişli şərait yaradan üstünlüklərin verilməsi, yardım göstərilməsi; müştərilərin sərbəst seçim hüququnu məhdudlaşdıran (məhdudlaşdıra bilən) qərarların qəbul edilməsi; bələdiyyələrin öz səlahiyyətlərindən, bələdiyyə mülkiyyətində olan obyektlərin, yerli büdcənin, həmçinin büdcədənkənar fondların vəsaitindən ayrı-ayrı təsərrüfat subyektlərinə üstünlük yaratmaq məqsədilə istifadə etməsi; rəqabətin məhdudlaşdırılmasına səbəb olan (ola bilən) digər qanunsuz hərəkətlər (hərəkətsizlik) aiddir.

Dünya SAKİT,
“Yeni Müsavat”

13.09.2023 08:50
1042