Prezident planları açdı: Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bu işlər görüləcək

Dünyada baş verən hərbi-siyasi konfliktlər son onillikdə qlobal iqlim dəyişiklikləri nəticəsində gərginləşən ərzaq təminatı sahəsində vəziyyəti daha da pisləşdirib. Hazırda dünya ölkələri özlərinin ərzaq təhlükəsizliyini təmin etmək üçün çox genişmiqyaslı proqramlar həyata keçirməkdədirlər. Ərzaq təhlükəsizliyi dedikdə, ilk növbədə strateji - əhalinin istehlakında mühüm paya malik ərzaq məhsulları ilə 70 faizdən yuxarı özünütəminat nəzərdə tutulur. İnkişaf etmiş ölkələrin əksəriyyəti bu həddi təmin etsələr də, inkişaf etməkda olan, həmçinin kasıb və torpaq resursları məhdud ölkələr bu sahədə ciddi çətinliklərlə üzləşirlər.

Azərbaycan torpaq və su resursları baxımından “varlı” ölkə hesab olunmur: su ehtiyatlarımızın 70 faizdən çoxu ölkədən kənarda formalaşır, torpaqların mühüm hissəsi suvarılmayan, daha bir hissəsi isə ümumiyyətlə, əkinəyararlı olmayan torpaqlardan ibarətdir. Bu baxımdan, ölkəmizin qarşısında su və torpaq resurslarından maksimum səmərəli bəhrələnməklə əsas kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəmizi təhlükəsiz həddə çatdırmalıyıq.

Bu günlərdə İsmayıllı rayonunun Basqal kəndində olan Prezident İlham Əliyev AzTV-yə müsahibəsində bu məsələyə xüsusi diqqət yetirib. Dövlət başçısı bildirib ki, alınan trendlər Azərbaycana da təsir edir, çünki ölkəmiz qlobal iqtisadiyyatın bir parçasıdır. Bu baxımdan, son bir ildə qlobal iqtisadiyyatda qeydə alınan inflyasiyanın Azərbaycanda da özünü büruzə verməsi təbiidir: “Dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük. Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır. Məsələn, bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb. Lakin ötən payız və qışın ilk həftələrində müşahidə olunan əlverişsiz hava şərtləri, quraqlıq üzündən 100 min hektardan yuxarı sahədə əkinlər məhv olub. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 1032,0 min hektar sahədən 922,0 min hektar payızlıq dənli bitkilərin sahəsi cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 93,5 faizinə bərabərdir. 101,3 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olub, 6,0 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilib, payızlıq dənli bitkilərin 2,7 min hektar sahəsi isə yem üçün saxlanılıb. Ölkə üzrə 985,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 faiz) buğda, 386,3 min hektarını (39,2 faiz) arpa, 30,5 min hektarını (3,1 faiz) qarğıdalı, 11,8 min hektarını (1,2 faiz) paxlalı bitkilər, 9,9 min hektarını (1,0 faiz) isə digər dənli bitkilərin əkin sahələri təşkil edib.

Avqust ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2 milyon 831 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz az məhsul götürülüb.  Məhsuldarlıq 1 hektardan 30,5 sentner təşkil edib. Ötən il isə məhsuldarlıq 31,8 sentner olmuşdu.

Prezident qeyd edib ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək”.

Məlumat üçün qeyd edək ki, iyulun 19-da Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasə  ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Bundan əlavə, müasir suvarma sistemlərini əldə etmək istəyən fermerlərə dövlət subsidiya ayıracaq: onların aldıqları suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət qarşılayacaq, qalan 60 faiz üçünsə güzəştli kredit ayıracaq. Bu, həm su ehtiyatlarından səmərəli istfadəni stimullaşdıracaq, həm də buğda istehsalında məhsuldarlığı yüksəltməyə imkan verəcək.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərimizin torpaq və su potensialından da maksimum yararlanılması nəzərdə tutulur. Dövlət başçısının sözlərinə görə, artıq  azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır: “Biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə.

Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var və biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq”.

Prezidentin bu çıxışı göstərir ki, o, azad olunmuş ərazilərin iqtisadiyyatının potensialına, inkişaf imkanlarına incəliklərinə qədər bələddir, hansı ərazidə hansı sahənin inkişaf imkanı daha çoxdur yaxşı bilir. Bu isə həmin ərazilərdə iqtisadiyyatın düzgün planlanşdırılaraq xüsusilə kənd təsərrüfatının sürətli inkişafının təmin olunmasının mühüm şərtidir.

Yaxın və ortamüddətli dövrdə Azərbaycan qarşısında duran mühüm vəzifələrdən biri, sözsüz ki, ərzaq təhlükəsizliyinin təmin olunması, bu kontekstdə isə kənd təsərrüfatının intensiv yolla inkişaf etdirilməsi olacaq. Artıq buna yönəlik bir sıra mühüm addımlar atılır. Növbəti mərhələlərdə onların davam etdirilməsi, digər tədbirlər, proqramlarla tamamlanması qarşıya qoyulan vəzifələrə nail olunmasına imkan yaradacaq.

Musavat.com

 

14.08.2022 15:09
1335