2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Musavat.com Vətən müharibəsinin 8-ci gününün xronikasını təqdim edir.
Saat 09:00 radələrində Ermənistan ordusu Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirdi. Ermənistan ordusu Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu.
Saat 10:50 radələrində Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini atəşə tutdu.
Saat 11:40 radələrində şəhərə daha dörd yeni raket atıldı. Zakir Həsənov düşmənin Gəncə şəhərini atəşə tutmasına reaksiya olaraq bildirdi ki, "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".
Ermənistan tərəfi Gəncə şəhərindəki hərbi obyektlərin və Gəncə Beynəlxalq Hava Limanının vurulması ilə bağlı məlumat yayımladı.
Azərbaycan Müdafiə Nazirliyi isə yayılmış xəbərin təxribat xarakteri daşıdığını və yalan olduğunu bildirdi. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəydiyini açıqladı.
Ermənistan ərazisindən Gəncənin atəşə tutulması nəticəsində 1 mülki şəxs həlak oldu, 32 nəfər isə yaralandı. Verilən məlumata görə, yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni əsilli Karina Qriqoryandır.
Saat 15 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələrinin məhv edilməsi ilə bağlı video yayımladı.
Saat 16 radələrində Ermənistan ordusu Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəlilər yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutdu.
İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan tam azad etdiyini açıqladı.
Saat 15 radələrində Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak oldu.
Saat 18:00 radələrində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancılması xəbəri verildi.
Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
Saat 22:00 radələrində Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə raket hücumu etdi. Mingəçevir şəhərinə Ermənistan tərəfindən dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxıldı.
Bir neçə dəqiqə sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin endirilməsi və yaralalıların olduğu barədə məlumat yaydı.
Mingəçevir şəhərinə atılmış 3 raketdən 2-si partlamadı. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, eyni zamanda evə külli miqdarda ziyan dəydi.
Saat 23:00 radələrində isə Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atıldığı bildirildi.
Ermənistan ordusunun ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində 2 şəhər sakini yaralandı.
Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində iki dinc sakin həlak oldu, iki nəfər isə xəsarət aldı. Bununla da həlak olan mülki şəxslərin sayı 22-yə, xəsarət alanların sayı 73-ə çatdı.
Şahanə Rəhimli
Musavat.com