Prezident Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Bu gün Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayının 60-a yaxın ictimai-fəal qadın iştirakçısı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilk olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Gülüstan" sarayında davam edən qurultayda Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Qeyd edək ki, ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilir.

Qurultay “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə baş tutacaq.

Afaq Mirayiq,
Musavat.com

19.10.2023 10:42
439