Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ötən həftə 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair sənədi ictimaiyyətə təqdim etdi. İlkin büdcə bəyanatı Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının “Açıq Büdcə Sorğusu” metodologiyasına uyğun olaraq dövlət maliyyə idarəolunması sahəsində tətbiq olunan fiskal diaqnostika alətləri əsasında hazırlanıb.
Bu isə ilkin büdcə sənədlərinin qabaqcıl dünya ölkələrinin büdcə təcrübəsinin geniş tətbiqi, dövlət büdcəsi ilə əlaqədar zəruri məlumatların açıqlıq səviyyəsinin artırılması, eləcə də hesabatlılığın və ictimai əlçatanlığın təmin olunması istiqamətində davam etdirilən iradəli islahatların mühüm göstəricisi kimi xarakterizə oluna bilər. Eyni zamanda bu, büdcə prosesinin təkmilləşdirilməsi və büdcə şəffaflığı ilə bağlı yürüdülən siyasətin davam etdirilməsidir.
2024-cü il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair bəyanat ölkəmizdə postmünaqişə dövründə daxil olduğumuz yeni reallıqlardan qaynaqlanan dayanıqlı inkişaf hədəflərinə əsaslanır və yeni büdcə qaydası qorunmaqla Maliyyə Nazirliyinin strateji baxışlarını özündə əks etdirir. Büdcə siyasətinin qısamüddətli və ortamüddətli dövr üzrə əsas istiqamət və hədəfləri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qarşıya qoyulmuş məqsədlər nəzərə alınmaqla müəyyən edilib. Həmin prioritetlərə uyğun olaraq ölkə iqtisadiyyatının yeni inkişaf arxitekturasına əsaslanmaqla işğaldan azad olunmuş regionların ölkə iqtisadiyyatına reinteqrasiyası və həmin regionların inkişafı ilə bağlı olan investisiya və yenidənqurma siyasəti tədbirlərinin həyata keçirilməsi növbəti il üçün də əsas çağırış olaraq qalır.
2024-cü il üzrə dövlət və icmal büdcəsinin layihələri, eləcə də sonrakı üç il üçün icmal büdcənin göstəriciləri sentyabrın 23-də Nazirlər Kabinetinin geniş iclasında müzakirə olunaraq bəyənilib, Maliyyə Nazirliyinin ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 408,0 milyon manat artırılıb. Qeyd olunan əlavə gəlirlər dövlət büdcəsində dövlətə məxsus şirkətlərin (SOCAR) dividentlərinin ödənilməsi ilə bağlıdır. Əlavə gəlirlərin hesabına dövlət büdcəsinin iqtisadi fəaliyyəti ilə bağlı xərclərinin artırılması həyata keçirilib.
Elə həmin gün baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, 2024-cü ilin dövlət və icmal büdcəsi layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də gələn il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında layihə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
Büdcə gəlirlərinin əsas istiqamətləri...
Büdcə-vergi siyasətinin gəlirlər üzrə istiqamətləri əvvəlki illərdən başlanmış vergi siyasətinin təkmilləşdirilməsinə yönəldilir. Bu siyasət çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi, sosialyönümlü, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərindən istifadə, kölgə iqtisadiyyatının azaldılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər üstünlük təşkil edir. Son nəticədə bu kompleks tədbirlərin reallaşması iqtisadi inkişafa və biznesin vergi ödəmə potensialını təşviq etməklə fiskal yığımların artmasına stimul verəcək.
Bütün bu ssenarilər nəzərə alınmaqla 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 282,5 milyon manat və ya 1,2 faiz çoxdur.
Büdcə gəlirlərində neft daxilolmalarının ümumi həcmi 17 milyard 164 milyon manat, qeyri-neft gəlirləri 17 milyard 9 milyon manat təşkil edəcək.
Dövlət büdcəsinin gəlirlərində əsas fiskal orqan kimi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 42 faiz nəzərə alınmaqla 14 milyard 273 milyon manat proqnozlaşdırılıb ki, bu da cari ilin dürüstləşdirilmiş büdcə proqnozundan 714 milyon manat azdır. Belə ki, vergi yığımlarında qeyri-neft sektoru üzrə daxilolmaların həcmi cari ilə nisbətdə 905 milyon manat artaraq 9 milyard 890 milyon manat, neft sektoru üzrə daxilolmaların həcmi isə cari ilə nisbətdə 2 milyard 27 milyon manat azalaraq 4 milyard 383 milyon manat proqnozlaşdırılıb.
Neft-qaz sahəsi üzrə vergi gəlirlərində azalmanın başlıca səbəbi mövcud yataqlardakı neft ehtiyatlarının tükənməsi və hasilatın aşağı düşməsi, eyni zamanda cari ilin əvvəllərində dünya bazarlarında əlverişli yüksək qiymətə satılan qazın satış qiymətinin hazırda ucuzlaşması ilə bağlıdır. Ancaq qeyri-neft sektorundan əldə edilən gəlirlərdəki əhəmiyyətli artım neft-qaz sektorundan azalmaların bir qismini kompensasiya edəcək.
Növbəti ildə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi isə 5,9 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin göstəricilərinə nisbətən (2023-cü ildə 5,7 milyard manat) təxminən 200 milyon manat çoxdur.
Dövlət Neft Fondundan büdcəyə transfertin məbləği isə 12 milyard 781 milyon nəzərdə tutulub.
Ümumulikdə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin strukturuna diqqət etdikdə görürük ki, daxilolmalarda verginin payı 58,1 faiz, gömrüyün payı 34,7 faiz, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlar üzrə daxilolmalar 4,9 faiz, sair gəlirlər isə 2,3 faiz təşkil edəcək.
Büdcə xərclərinin strukturu...
2024-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və 0,4 faiz çoxdur. Büdcə xərclərinin 22,6 milyard manatı cari xərclərə, 12,4 milyard manatı əsaslı xərclərə, 1,9 milyard manatı isə dövlət borcu və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılır.
2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü il dürüstləşdirilmiş büdcədəki kəsirin məbləğindən (2789,3 milyon manat) 144,3 milyon manat (5,3 faiz) azdır. Büdcə kəsirinin ÜDM-ə nisbəti 2,5 faiz həcmində olacaq.
2024-cü ilin əsas xərc istiqamətləri
2024-cü ildə büdcə xərcləri üzrə siyasətin əsas istiqamətləri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icrasının təmin edilməsi müəyyən olunub. Ələlxüsus da işğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda 3 ildir ki, aparılan genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin fasiləsiz icrası, Böyük Qayıdışın reallaşdırılması və insanların yeni inşa edilən şəhər və qəsəbələrə geridönüşünün daha da tezləşdirilməsi, Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artırılması ən ümdə vəzifələr olacaq.
Bu əhəmiyyətli xərc təminatı fonunda gözləntilərə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaqdır ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq.
Gözləntilərə əsasən, qeyd edilən ərazilərdə uzun illər sonra kommunikasiya xətlərinin açılması iqtisadi cəhətdən müsbət tendensiyalara rəvac verməklə yanaşı, regionda sülhün və təhlükəsizliyin də bərqərar olmasına xidmət edəcək.
Bu xüsusda bir məqamı da diqqətə almaq lazımdır, Azərbaycan Ordusunun sentyabrın 19-da həyata keçirdiyi uğurlu lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə dayanıqlı sülhün təmin olunması və burada yaşayan Azərbaycan vətəndaşları olan erməni sakinlərinin reinteqrasiyası ilə əlaqədar, Qarabağ və Şərqi-Zəngəzurun digər şəhər və rayonları kimi Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənddə bərpa-quruculuq işlərinin aparılması, zəruri infrastrukturların və kommunikasiyaların yaradılması, həyatı vacib sosial təminatların həlli, iqtisadi, sosial və humanitar xarakterli proqramların həyata keçirilməsi kimi mühüm məsələlər də meydana çıxıb. Bu məqsədlərə nail olmaq üçün Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə Nazirlər Kabinetinində yaradılmış yeni İşçi qrup həmin ərazilərdə yaşayan əhalinin sosial müdafiəsi və təhlükəsizliyi, təhsil, səhiyyə və sosial xidmətlərlə təmin olunması, zəruri infrastruktur təminatları, işıq, qaz, su, istilik təminatları və digər lazımi tələbatları üçün tədbirlər plan hazırlayaraq həyata keçirəcək. Həmin tədbirlərin icrası üçün sözsüz ki, dövlət büdcəsində əlavə vəsaitlərə ehtiyac yaradacaq, bu isə azad edilmiş ərazilərlə bağlı xərc istiqamətlərinə yeni baxışları tələb edəcək.
Onu da nəzərə alsaq ki, 2024-cü ildə əsas kapitala qoyulan investisiyalarda 7,7 faiz, ortamüddətli dövrdə isə orta illik 1,6 faiz artım olacağı proqnozlaşdırılır, bu nöqteyi-nəzərdən əsas ümdə vəzifə olan azad edilmiş bütün ərazilərin quruculuq proqramlarının maliyyə təminatının daha da yaxşılaşdırılması üçün hər il dayanıqlı əlavə artım mənbələri təmin olunacaq.
Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi əsas prioritet olaraq qalır
Ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinin maliyyə təminatının yaxşılaşdırılması da növbəti ilin büdcə siyasətində əsas xərc istiqamətlərindən biri kimi nəzərdə tutulub. Belə ki, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturlarının və əlavə sərhəd-nəzarəti və müdafiə strukturları üçün hərbi təminatların qurulması, yeni nümuməvi ordu birləşmələrinin yaradılması, ələlxüsus da, lokal antiterror əməliyyatlarından sonra bölgədə daha yeni hərbi nəzarət məntəqələrinin yaradılması üçün müdaifə təminatı vasitələrinin, hərbi-texnika və zəruri avadanlıqların təmin olunması, ərazinin təhlükəsizliyinin geniş və etibarlı qorunmasına cəlb olunacaq hərbi qüvvələrin ehtiyaclarının ödənilməsi üçün tələb olunan vəsaitlər də bu sahənin xərc prioritetliliyini artıracaq.
Büdcədə önəmli xərc maddələrindən biri də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlərin icrasının təmin olunmasıdır. Həmin Proqram çərçivəsində Muxtar Respublikanın qarşıdakı illərdə inkişafı üçün geniş imkan və potensialların səfərbər edilməsi, iqtisadi fəaliyyətin sürətləndirilməsi və yeni investisiyaların cəlb edilməsi, bölgənin ixracyönlü dəyər zəncirinə qoşulmasının təmin olunması və yeni keyfiyyət mərhələsinə keçidi üçün nəzərdə tutulan prioritetlərin icrasına xüsusi diqqət yönəldiləcək.
Ümumilikdə, daxil olduğumuz postmünaqişə dövrünün ali maliyyə sənədi kimi 2024-cü ilin dövlət büdcəsi nəzərdə tutulan bütün prioritetlərin yerinə yetirilməsi üçün dayanıqlı və etibarlı maliyyə təminatı rolunu oynayacaq.
Musavat.com