O, Kreml məmurları arasında mürəkkəb və ziddiyyətli xarakteri ilə fərqlənib. Hətta Leonid Brejnev qeyri-rəsmi ziyafətlərdə Siyasi Büro üzvlərinə Ponomaryovla bağlı zarafatyana xəbərdarlıq da edib:
“Yoldaşlar, Ponomaryovla ciddi davranın, nəzərə alın ki, o, birbaşa xarici ölkələrlə əlaqəlidir, səlahiyyətlərinin miqyası daha genişdir...”
Boris Ponomaryov Kremldə ciddi fiqurlardan biri sayılsa da, 25 il Mərkəzi Komitənin katibi, eyni zamanda Mərkəzi Komitədə beynəlxalq şöbənin müdiri vəzifəsində çalışsa da o, Siyasi Büroya üzv seçilməyib. 1986-cı ildə onu Kremldən büro üzvlüyünə namizəd kimi yola salıblar.
1905-ci ildə Ryazanda anadan olan Ponomaryov Moskva Dövlət Universitetini bitirdikdən sonra vəzifə karyerasına Moskva Partiya Komitəsi yanında Tarix İnstitutunda başlayıb. 1934-1937-ci illərdə həmin institutun direktor vəzifəsini daşıyıb. Daha sonra onu Kominternin İcraiyyə Komitəsinin sədrinin köməkçisi vəzifəsinə təyin ediblər. Ponomaryov bu illər ərzində təşkilatçılıq qabiliyyəti və məhsuldarlığı ilə tanınıb. Xüsusilə xarici ölkələrdəki Kommunist Partiyaları ilə yaratdığı davamlı və işgüzar əlaqələr Mərkəzi Komitə rəhbərliyinin diqqətindən yayınmayıb.
1955-ci ildə Ponomaryov Mərkəzi Komitəyə dəvət olunub və ona xarici ölkələrdə Kommunist Partiyaları ilə əlaqə şöbəsinin müdiri vəzifəsi təklif edilib. Bu təyinatla Ponomaryovun vəzifə karyerasında yüksəliş dövrü başlanıb. O, 1957-ci ildə Beynəlxalq şöbəyə müdir vəzifəsinə təyinat alıb, 1961-ci ildə isə Mərkəzi Komitənin katibi seçilib. Məhz bu ərəfə SSRİ-nin xarici ölkələrlə əlaqələrində ciddi inkişaf tempi ilə yadda qalıb.
Ponomaryov özünü maksimum dərəcədə Kreml qruplaşmalarından uzaq saxlayıb. Həm Nikita Xruşşovun, həm də Leonid Brejnevin hakimiyyəti dövründə birincilərlə münasibətləri tənzimləməyi bacarıb. Yuri Andropov hakimiyyətə gələndə onu Mərkəzi Komitədən uzaqlaşdırmaq istəsə də, Konstantin Çernenkonun təkidi ilə Ponomaryov öz vəzifəsini saxlaya bilib.
Ponomaryovu digər Kreml məmurlarından fərqləndirən cəhətlərdən biri də onun ermənilərə, Ermənistan Kommunist Partiyasının birinci katibi Karen Dəmirçiyana xüsusi “rəğbət”i olub. Sözsüz ki, bu “rəğbət”in arxasında da böyük təmənnalar gizlənib.
Hələ 1976-cı ildə Dəmirçiyanla Ponomaryovun arasında Dağlıq Qarabağla bağlı gizli bir sövdələşmə də olub. Dəmirçiyan Dağlıq Qarabağın Ermənistana verilməsinin mexanizmini Ponomaryovdan soruşanda o, bu məsələnin həllini 1977-ci ilə planlaşdırıb.
Belə ki, 1977-ci ildə qəbul ediləcək yeni konstitusiyanın hazırlanmasında Ponomaryovun xüsusi rolu olub. Konstitusiya komissiyasının sədri Brejnev olsa da, baş katib layihənin icrasını Ponomaryova həvalə edib.
Ponomaryov yeni konstitusiyanın qəbulu zamanı SSRİ daxilindəki sərhədlərin dəyişdirilməsinin mümkünlüyünü düşünərək Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarmaq qərarına gəlib. Məsələyə hüquqi don geyindirmək üçün o, Dəmirçiyana öz məsləhətlərini də verib:
“Ermənistandan və Dağlıq Qarabağ Muxtar vilayətindən vilayətin Ermənistanın tərkibinə verilməsi ilə bağlı Kremlə çoxsaylı məktub və müraciətlər daxil olmalıdır...”
Beləliklə, ermənilər hərəkətə keçiblər. Komissiyanın növbəti iclaslarından birində yığıncaqdan əvvəl Ponomaryov Heydər Əliyevə Ermənistandan və Dağlıq Qarabağdan komissiyaya daxil olan çoxsaylı müraciətlər haqqında məlumat verərək bildirib ki, bu məsələni komissiyanın iclasına çıxarmaq lazımdır. Heydər Əliyev buna etirazını bildirəndə Ponomaryov erməniləri dəstəkləyərək məsələnin müzakirəsinin vacibliyini vurğulayıb və açıq-aydın hiss olunub ki, Mərkəzi Komitənin katibi Ponomaryov ermənilərin haqsız və yersiz istəyini gerçəkləşdirməyə can atır.
Təbii ki, Heydər Əliyev Ponomaryovun bu canfəşanlığının arxasında kimlərin və nələrin dayandığını yaxşı anlayıb. Ponomaryovla məsələni müzakirə etməyin mənasız olduğunu anlayan Heydər Əliyev Dağlıq Qarabağ məsələsini fərqli bir yolla həll edib, o, Leonid Brejnevlə görüşmək qərarına gəlib.
Heydər Əliyev dərin məntiq, tarixi faktlar, əsaslı sübutlarla baş katibə başa salıb ki, Ermənistanın bu iddiası, Ponomaryovun bu canfəşanlığı heç bir həqiqətə və ədalətə söykənmir.
Məhz Heydər Əliyevin bu müdaxiləsindən sonra Konstitusiya komissiyasının iclası başlanmazdan əvvəl Brejnev daxili telefonla Ponomaryova zəng edərək Dağlıq Qarabağ məsələsini gündəlikdən çıxarmağı göstəriş verib.
Heydər Əliyevin çevikliyi, uzaqgörənliyi, Ponomaryov-Dəmirçiyan cütlüyünün planlarını ustalıqla alt-üst etməsi Ponomaryov üçün gözlənilməz olub. Beləliklə, hələ kommunist rejiminin asıb-kəsdiyi vaxtlarda Heydər Əliyev öz qətiyyəti ilə ermənilərin Dağlıq Qarabağ arzusunu növbəti dəfə iflasa uğradıb. Yəqin ki, Ponomaryov da uzun illər ermənilərin qarşısında gözükölgəli qalıb.
İlham Cəmiloğlu, Musavat.com