Pomidorun qiyməti mayda “üz qızardır” - “parnik”i olan OLİQARXLAR...

Mayın ilk ongünlüyü bitir, amma Azərbaycan bazarlarında bir sıra məhsulların qiymətində mövsümi ucuzlaşma qeydə alınmır. Söhbət əsasən tərəvəzlərdən, xüsusilə də pomidordan gedir. Marketlərdə və bazarlarda bu məhsul alıcılara 3-5 manat arasında təklif olunur.

Xatırladaq ki, ötən ilin may ayında pomidor 2.50-2.80 manat arası təklif olunurdu - indiki qiymətlərlə müqayisədə təxminən iki dəfə ucuz.

Qiymətlərin yüksək olması alıcıları da narazı salır. Ekspert araşdırmalarına görə, payız, qış və yaz aylarında Azərbaycan bazarlarında pomidorun qiyməti qonşu ölkələrlə müqayisədə hətta 2-3 dəfə baha satılır.

POM SAHE.jpg (149 KB)

Azpolitika.info yazır ki, Azərbaycanda pomidorun qiyməti yüksək həyat səviyyəsinin olduğu Avropa ölkələri ilə müqayisədə də xeyli yüksəkdir. Almaniyada yaşayan azərbaycanlı Vüqar Niftiyev sayta bildirib ki, ölkədə pomidorun qiyməti 1,50 - 1,80 avro (2.80-3.30 manat) arasında dəyişir. Niderlandda da pomidorun qiyməti Azərbaycanla müqayisədə xeyli ucuzdur. Bu ölkədə yaşayan jurnalistlər deyib ki, bazarlarda 2.-2.50 manata pomidor almaq mümkündür. Marketlərdə isə toros tomatın kiloqramı 4-5 manata təklif olunur.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə pomidor istehsalının ilbəil artdığını deyə bilərik.

Son 10 il ərzində ölkədə pomidor istehsalı 75,2 faiz artıb. Eyni zamanda Azərbaycanın pomidor idxalı 2,2 dəfə azalıb, ixracı isə 4 dəfə artıb. Bu müddət ərzində pomidor istehlakı 46,4 faiz artıb.

Ekspert Vahid Məhərrəmli deyib ki, bahalığın səbəbini yalnız pomidor istehsalı sahəsində monopoliyanın olması ilə əsaslandırmaq olar.

Onun sözlərinə görə, istixana komplekslərinin yaradılması üçün dövət hesabına ucuz kredit resursları əldə edən oliqarx məmurlar indi də bazarı inhisara almaqla mal dövriyyəsini artırmaq hesabına deyil, yüksək qiymət hesabına daha çox qazanc əldə edirlər.

PARNİK.jpg (46 KB)

Qeyd edək ki, mart ayında – Novruz bayramı ərəfəsində pomidor-xiyarın qiyməti kəskin bahalaşmış, bayramdan sonra isə yenidən ucuzlaşmışdı. Aprel ayının ikinci ongünlüyündən pomidorun qiymətində yenidən bahalaşma başlandı. Halbuki istixanalardan aprelin sonuna doğru mövsümi ucuzlaşmanın başlayacağı bildirilirdi.

Əks prosesin getməsi bilavasitə əsas ixrac bazarı olan Rusiyadakı şərtlərlə bağlıdır. Belə ki, Rusiyada pomidor və xiyarın qiyməti ötən ildən kəskin bahalaşıb. Rəsmi statistikadan aydın olur ki, ilin yekununda pomidor 40,1 faiz, xiyar isə 42,3 faizə qədər bahalaşıb. Proses bu ilin iki ayında da davam edib və hər iki məhsul üzrə 13 faizdən yuxarı bahalaşma qeydə alınıb.

Rusiya hökuməti prosesi dayandırmaq üçün ölkədə istehsalı az olan pomidor növlərinin idxalını rüsumlardan azad etməyi çıxış yolu kimi tətbiq edib. Rusiya hökumətinin qərarı ilə aprelin 1-dən mayın 31-dək müəyyən növ təzə və soyudulmuş pomidorların idxalı gömrük rüsumlarından azad olunub. Rusiya mətbuatının yazdığına görə, ölkənin Nazirlər Kabinetinin qərarı “qabırğalı”, uzunsov və albalı formalı pomidorlar istisna olmaqla, orta və iri meyvəli pomidorların idxalına şamil edilir.

Daxili bazarda bahalaşmanın qarşısını almağa yönəldiyi bildirilən qərar 100 min ton həcmində məhsulu əhatə edir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin apardığı analiz göstərib ki, ölkədə istixanalarda xiyar istehsalı kəskin azalıb, pomidor istehsalı 2022-ci il səviyyəsində qalsa da, üstünlük çerri və digər bahalı növlərə verilib. Nəticədə aşağı və orta təbəqənin kütləvi istehlak etdiyi yumru pomidorların istehsalı kəskin azalıb. Nazirlik 2023-cü ildə belə pomidorların idxalına tələbi 400 min ton civarında qiymətləndirib və açıqlayıb ki, bu tələb əsasən Azərbaycan, Özbəkistan və Çin hesabına qarşılanır.

2024-cü ilin ilk aylarında da ödənməyən tələbin artması baş verib ki, bu da qiymətlərin bahalaşmasının davam etməsinə səbəb olub.

Azərbaycanın gömrük statistikasından aydın olur ki, əsas ixrac bazarındakı əlverişli şərtlər ölkədən pomidor ixracının kəskin artmasına səbəb olub. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan pomidor ixracı ümumilikdə 45 milyon dollar dəyərlə 32 min tondan yuxarı olub. Ötən ilin eyni dövründə ixrac 31,1 milyon dollar dəyərlə 24,5 min tona bərabər olmuşdu.

Ötən il 1 ton pomidorun ixracı 1269,4 dollara reallaşıbsa, bu il qiymət 1406,5 dollara qədər artıb. Bu isə o deməkdir ki, ixrac dəyər ifadəsində 45 faiz, çəki ifadəsində 32,1 faiz artıb. Bir ton pomidorun ixrac qiyməti isə 10,8 faiz bahalaşıb.

Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycandan xaricə 161 milyon 983,56 min dollarlıq 140 587,97 ton pomidor ixrac olunub. Bunun 156 milyon 552,58 min dollarlıq 137 431 tonu (ümumi ixracın 97,8 faizi) Rusiyaya reallaşdırılıb. Qalanı Belarus, Polşa, Körfəz ölkələri, hətta az da olsa, Sinqapura satılıb.

Bu ilin yanvar-fevralında xaricə ixrac olunan 21724,47 ton pomidorun 21090,73 tonu məhz Rusiyaya satılıb. Mart-aprel aylarında bu tendensiyanın davam etdiyi şübhəsizdir. Nəzərə alsaq ki, hər hansı məhsulun daxili bazar qiyməti onun əsas ixrac bazarına uyğunlaşdırılır, onda son bir ayda pomidorun qiymətinin bahalaşması, xiyarın qiymətinin isə ucuzlaşmasının sırf Rusiyadan qaynaqlandığını deyə bilərik. Çünki Rusiyada da xiyarın qiymətində ciddi ucuzlaşma müşahidə olunur.

XİYAR.jpg (123 KB)

Maraqlıdır ki, Azərbaycanda pomidor ixracı son illərdə qeyri-neft ixracında mühüm yer tutmasına baxmayaraq, onun istehsal həcmlərində azalma müşahidə olunur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 369 337,4 ton pomidor, 28 873,8 ton xiyar istehsal olunub.

2023-cü ilin yekununda ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3228 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 268,9 min ton pomidor, 10,4 min ton xiyar yetişdirilib. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Xəzər, Şəmkir, Salyan, Sabunçu, Binəqədi, Samux, Tovuz, Kürdəmir və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Göründüyü kimi, 2023-cü ildə pomidor istehsalında illik ifadədə 27,2 faiz azalma baş verib.

İstehsalın azalmasının əsas səbəbləri sırasında istixanalarda pomidor sahələrinin bibər, badımcan və digər bitkilər hesabına azaldılması mühüm yer tutur.

İstixanaların əhatə etdiyi torpaq sahəsi artmadığı halda sonuncuların istehsalının artması, pomidor istehsalının azalması bundan xəbər verir. Pomidora az yer ayrılmasının səbəbi isə Rusiya bazarlarında 2023-cü ilin ortalarına qədər qiymət şərtlərinin cəlbedici olmamasıdır...

Azərbaycanda pomidorun nə vaxt ucuzlaşacağına gəlincə, bu, böyük ehtimalla, Rusiyanın idxal rüsumlarını bərpa etməsindən – iyunun 1-dən sonra baş verəcək...

Dünya SAKİT,
Musavat.com

09.05.2024 12:00
2401