Polşada daha bir azərbaycanlı polyaklar tərəfindən döyülüb.
Musavat.com xəbər verir ki, döyülən azərbaycanlı Polşada təhsil alır, tələbədir.
Hadisə ötən həftənin altıncı günü (24 avqust) baş verib.
Tələbə Bakıya gəlirmiş. O, yolüstü alış-veriş etmək üçün mağazaya gedib. Burada onu polyaklar təhqir ediblər. Daha sonra deyiblər ki, Polşa yalnız polyaklar üçündür. Bundan sonra onu döyüblər.
Onu da qeyd edək ki, Polşada azərbaycanlılara qarşı bu cür hərəkətlər tez-tez edilir. Xüsusilə də orada yaşayan ermənilər tərəfindən soydaşlarımıza hücumlar olur, onları qətlə belə yetirirlər.
Hazırda Polşada yaşayan, adının təhlükəsizlik baxımından çəkilməsini istəməyən həmyerlimiz Musavat.com-a deyib ki, belə hallar tez-tez baş verir:
"Rəşad Əliyev Varşava Politexnik Universitetinin magistridir. O, 2 il əvvəl Polşaya gəlib. Kompüter mühəndisliyində oxuyur. Hazırda onun döyülməsi ilə bağlı cinayət işi başlanılıb. Rəşad Əliyev xəstəxanadadır. Onun üzünə çoxsaylı tikişlər qoyulub. Hazırda həyatına təhlükə yoxdur. Onu döyənlərə gəlincə, həmin şəxslər Rəşada söz atıb, onu "qara" adlandırıb, təhqiramiz ifadələr işlədiblər. Rəşad cavab verib və bu şəkildə döyülüb. Polis onların izinə düşüb".
Həmyerlimiz bildirib ki, Rəşad Əliyevin başına gələnlərin dərin kökləri var:
"Polşada hökumət qeyri-polyaklara qarşı aqressiv münasibətin aradan qalxması üçün real olaraq heç nə etmir. Bundan başqa, Azərbaycan diasporunun da Polşada fəaliyyəti yox səviyyəsindədir".
Həmyerlimiz belə bir müşahidəsini də bölüşüb:
"Polşada azərbaycanlılara qarşı aqressiv münasibət olsa da, ermənilər və gürcülərə qarşı belə bir aqressiya yoxdur. Çünki onların diaspor təşkilatları təbliğat aparır, ölkələrini, insanlarını Polşa cəmiyyətinə tanıdırlar. Azərbaycan, azərbaycanlılar barəsində polyaklarda yalnız yaşlı nəsildə məlumat var. O məlumat da çox kasaddır. Polşada postsovet məkanından çıxanlara xoş münasibət yoxdur. Bu, daha çox Rusiya ilə əlaqəlidir".
Həmyerlimiz deyib ki, Azərbaycan Respublikasının Polşadakı səfirliyi və diaspor təşkilatları yaranmış vəziyyəti təhlil etməli, azərbaycanlılara qarşı münasibətin dəyişməsi üçün təcili tədbirlər görməlidirlər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com