Polşada çayda meyiti tapılan Adilə Mehdiyeva ilə bağlı AÇIQLAMA: “Ya bu gün, ya da sabah...”

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib.

Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü. Mərhumun övladının taleyi ilə bağlı məlumat yoxdur. 

Polşa Azərbaycanlıları Koordinasiya Şurasından Musavat.com-a verilən məlumata əsasən, ya bu gün, ya da sabah tapılan cəsədlə bağlı dəqiq məlumat açıqlanacaq:

“Adilə xanım itkin düşəndə, biz bu məlumatı öyrənəndə diaspora olaraq evin ünvanına qədər tapdıq. Evinə getdik. Hazırda sığorta məsələsi var, çalışırıq ki, onu həll edək. Valideyni burada olanda onu qarşıladıq, Vroslav şəhərinə yola saldıq, həmin şəhərdən qayıdandan sonra Azərbaycana yola saldıq. Çünki onun viza müddəti bitmişdi”.

Adilə Mehdiyevanın qardaşı Hacı Mehdiyev isə bacısının ölümü haqda danışmaq istəmədiyini bildirdi:

“Hazırda özümü yaxşı hiss etmirəm, ona görə də danışa bilmirəm. Uyğun zamanda sizinlə əlaqə saxlayacam”.

Aytən Novruz
Musavat.com

05.02.2024 14:54
2813