POLŞA SƏFİRLİYİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ QƏNİM KƏSİLİB – Polşa diplomatiyası və təhsili üçün biabırçılıq...

Tələbələrə absurd bəhanələrlə viza verməyən səfirlik hansı məqsədləri güdür?

Bu, Polşadakı universitetlərlə Polşanın Azərbaycandakı səfirliyinin birgə “oyunu”, yeni dələduzluq sxemi ola bilərmi?

Hələ iki ay öncə Polşanın hakim “Hüquq və Ədalət” partiyası bu ölkənin xaricdəki konsulluqlarının rüşvət müqabilində vizalar verməsi xəbərləri ilə sarsılmışdı. Bu barədə “Associated Press” də məlumat yaymışdı. Hətta bu korrupsiya qalmaqalı oktyabrın 15-də keçirilən parlament seçkilərinə də təsir etmişdi.

Həmin vaxt Xarici İşlər nazirinin konsulluq məsələləri üzrə müavini Petr Vavrşik intihara cəhd etmiş, daha sonra xəstəxanaya yerləşdirilmişdi. Polşadakı müxalifət siyasətçiləri “viza işi”indən istifadə edərək hökuməti korrupsiyada və ikiüzlülükdə ittiham etmişdi. Eyni zamanda, Polşa XİN-in konsulluq idarəsi və bütün konsulluq idarələrində növbədənkənar yoxlama aparılacağı barədə xəbərlər yayıldı.

Görünür, ilk növbədə yoxlanılmalı olan konsulluqlardan biri Azərbaycandakı konsulluqdur. “Od olmayan yerdən tüstü çıxmaz” məsəli Polşanın Azərbaycandakı səfirliyinin “fəaliyyətinə” tam uyğun gəlir. Yaxşı olar ki, bu yoxlamalar zamanı səfirliyin Polşa universitetlərinə qəbul olunmuş, illik ödənişlərini etmiş, əlində bu və ya digər Polşa universitetinin qəbul kağızı olan azərbaycanlı tələbələrə nədən viza verməməsi aydınlaşdırılsın. O da aydınlaşdırılsın ki, tələbələrə viza imtinası verildiyi halda, səfirliklə “işləyən” ayrı-ayrı fırıldaqçı şirkətlərə minlərlə manat ödəniş edən tamamilə təsadüfi adamlara necə viza verilir?

Polşa səfirliyinin absurd səbəblər gətirərək, viza imtinası verdiyi tələbələrdən biri olan Cəlal Məmmədzadə “AzPolitika.info”-ya müraciətində qeyd edir ki, Polşa paytaxtı Varşavadakı “University of Economics and Human Scienses” universitetinin magistraturasına qəbul sənədini, illik təhsil haqqının ödəniş çekini, Universitetin dəvət məktubunu və tələb olunan bütün digər sənədləri təqdim etməsinə baxmayaraq, səfirlik sentyabrın əvvəlindən bu yana tələbənin müraciətlərini rədd edir və ona viza vermir. Universitetdə dərslər oktyabrın əvvəlindən başlansa da, azərbaycanlı tələbə heç cür səfirlikdən viza ala bilmir. Universitet minlərlə avroluq təhsil haqqını alıb, oturub yerində. Biçarə tələbə isə qalıb səfirliyin qapılarında...

Artıq C.Məmmədzadəyə iki dəfə viza imtinası verən səfirlik öz cavabında yazıb ki, guya tələbə səfirliyi Polşaya məhz oxumaq üçün getmək istədiyinə inandıra bilməyib. Hansı ki, qeyd edildiyi kimi, tələbə universitetin qəbul sənədini, illik ödəniş çekini, universitetin dəvətini konsulluğa təqim edib (şəkilləri aşağıda verilir- red.).  Bundan artıq hansı sənədlər olmalıdır, yaxud azərbaycanlı tələbə Polşa səfirliyinə məhz oxumaq üçün getdiyini daha necə sübut etməlidir ki, Avropanın bu “ən şəffaf” ölkəsinin səfirliyi onun müraciətinə müsbət cavab versin? Bəlkə Roma Papasından məktub təqdim etməlidir səfirliyə? Bəlkə, sənədlərdən başqa konsulluğa verilməli olan daha “nələrsə” var?...

Araşdırmamız göstərdi ki, eyni duruma düşən təkcə C.Məmmədzadə deyil. Elə tələbələr var ki, dərslər iki aydır başlamasına rəğmən hələ də səfirliyin qəbuluna belə düşə bilməyiblər. Konsulluğun qəbuluna yazılmağın özü də ayrı bir zülm və zillətdir. Viza imtinası verilən və konsulluğun qapılarında qalanların isə sayı-hesabı yoxdur.

Polşa səfirliyinin bu saymazyana və Azərbaycana qarşı hörmətsiz münasibətdən irəli gələn “viza siyasəti” azərbaycanlı gənclərin taleyilə oynamaqdan başqa bir şey deyil. Səfirlik azərbaycanlı gənclərə sanki potensial cinayətkar, quldur kimi yanaşır.

2020-ci ildən ölkəmizdə çalışan cənab səfir Rafal Poborskidən və onun konsulundan soruşan lazımdır ki, necə olur səfirliklə “işləyən” şirkətlərin göndərdiyi təsadüfi adamlara asanlıqla viza verilir, əlində universitetin bütün tələb edilən sənədləri olan tələbə isə viza ala bilmir, iki aydan artıq süründürülür və absurd cavablarla yola salınır?

Rafal Poborski

Yaxşı, əgər Polşanın bu “korrupsiyadan uzaq” səfirlikləri həmin ölkənin universitetlərində oxumaq istəyən tələbələrə öz kefinə və marağına uyğun formada viza verəcəksə və universitet həmin tələbənin Polşaya gəlməsinə təminat verə bilmirsə, o zaman bu universitetlər nədən ucdantutma xarici tələbə qəbulu həyata keçirir və pul yığır? Bu, Polşa dövlətinin adı, diplomatiyası və təhsili üçün biabırçılıq deyilmi?

Normal ölkə xarici tələbələrin onun universitetlərində təhsil almasında, onun büdcəsinə pul ödəməsində maraqlı olmalıdır. Ancaq görünür, bunların heç biri, o cümlədən “normal” sözü Polşaya və onun Azərbaycandakı səfirliyinə aid deyil. Odur ki, Polşada təhsil almaq istəyən azərbaycanlı gənclər bir yox, bir neçə dəfə yaxşı-yaxşı fikirləşməlidirlər və bilməlidirlər ki, bu ölkənin Azərbaycandakı konsulluğu öz qeyri-adekvat “prinsipləri” ilə viza məsələsində onlara ciddi problemlər yarada bilər.

Əslində, bu məsələ ilə Azərbaycan XİN-in də məşğul olması və ölkəmizdəki Polşa səfirliyindən izahat tələb etməsi lazımdır. Yoxsa belə bir təəssürat yaranır ki, bu baş verənlər Polşadakı universitetlərlə Polşanın Azərbaycandakı səfirliyinin birgə “oyunudur” və azərbaycanlı tələbələrə qarşı dələduzluq üçün yaradılan xüsusi sxemdir.

“AzPolitika.info”







21.11.2023 18:34
2638