Polkovnikin həbsi ölüm müəmmasına aydınlıq gətirmədi

Hərbi ekspert: “Komandirlərin belə yüksək ixtisaslı kadrı qorumaq borcu idi”

Xəbər verdiyimiz kimi, Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

 “Qafqazinfo”nun xəbərinə görə, Samir Həziyev ötən ay itkin düşmüş, sonradan qətlə yetirilmiş halda tapılan əsgər Ceyhun Tofiq oğlu Hüseynovun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib. Polkovnik Samir Həziyev əsgər Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.

Polkovnik Samir Həziyev HƏBS OLUNDU – EKSKLÜZİV

Samir Həziyev

Aparılmış istintaqla müəyyən edilib ki, əsgər Ceyhun Hüseynov hərbi hissəni icazəsiz tərk edib və meyiti 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib. Hərbi hissə komandiri əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görmədiyinə, araşdırma aparmadığına görə ittiham olunur.

 Bu səbəbdən onun barəsində cinayət işi başlanılıb, həbsinə qərar verilib. Polkovnik isə ittihamı qəbul etmir. O, qərardan apelyasiya şikayəti verib. Yada salaq ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun meyiti 2 gün sonra Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib.

 Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb. Ceyhun Hüseynovun hərbi xidmətinin bitməsinə 20 gün qalmışdı. Hərbi hissə komandirinə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı verilib. İndi əsas suallardan biri budur ki, bəs 20 gün sonra evə qayıdacaq əsgər hansı şəraitdə və ən əsası kim(lər) tərəfindən öldürülüb?

Müdafiə Nazirliyində iki müavin postunun ləğvi səhv qərardır" - Üzeyir  Cəfərov

Üzeyir Cəfərov 

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, hadisə ilə bağlı ilk məlumatlar yayıldığı andan əsgərin ölümündə müəmmalı məqamların olması qənaəti formalaşıb: “20 gün sonra xidmətini başa vurmalı olan əsgər yolu necə aza bilərdi? Sonradan bilindi ki, əsgər qətlə yetirilib. Bu məsələnin üstü açılmalıdır. Hər bir əsgərimiz, hərbçimiz qorunmalıdır. Belə yüksək nəticələri olan əsgərlərimizə xüsusi diqqət yetirilməsi vacib idi. Çox təəssüf ki, komandirlər bu məqamı nəzərə almayıb, diqqət etməyiblər. Komandirlərin belə yüksək ixtisaslı kadrı qorumaq borcu idi”.

Hərbi ekspert bildirib ki, hərbi hissə komandirinə qədər həbs olunmalı, istintaqa cəlb edilməli şəxslər var: “Əsgərin xidmət keçdiyi taborun, bölüyün, tağımın, manqanın komandirləri var. Onlardan soruşmaq lazımdır ki, hara baxıblar? Nə işlə məşğul olublar ki, əsgərin qətlindən bixəbər olublar? Bu məsələyə diqqət edilməli və hüquqi qiymət verilməlidir”.

Hərbi ekspert bildirib ki, məsələ ilə bağlı aparılan istintaqın gedişatı ilə bağlı ictimaiyyətə geniş açıqlama verilməlidir: “O cür ixtisaslı kadrın kim tərəfindən, hansı niyyətlə öldürüldüyü ictimaiyyətə açıqlanmalıdır. Komandirlər belə yüksək ixtisaslı, Azərbaycanın gələcəyi olan kadrlara fərdi yanaşma tətbiq etməli, qorumalı idilər. Bunlar niyə olmayıb sualına aydınlıq gətirilməli, gələcəkdə belə halların təkrarlanmaması üçün müvafiq tapşırıqlar verilməlidir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

31.07.2024 10:06
1570