Polkovnik növbəti müharibənin anonsunu verdi: “Hər an...”

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı silsilə təxribatlara əl atması ilə bağlı xəbərlər yenə gündəmdədir. Bir sıra hərbi analitiklərin fikrincə, bu dəfə təxribat cəhdləri tamam fərqli istiqamətdə - Naxçıvan və sərhədin şimal hissəsində baş verə bilər. 

Ermənistan KİV-lərində dərc olunan bəzi xəbərlər bu iddiaları daha da ciddiləşdirir. Bəs görəsən, İrəvan yenidən ciddi hərbi eskalasiyaya cəhd edə bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Ermənistan hər an təxribata əl ata bilər və buna tam hazır olmalıyıq:  

“Ermənistan dəfələrlə bənzər təxribatlara əl atıb və bundan sonra da atacaq. Onların məqsədi sadəcə olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatmaqdır. Bu təxribatlar da ayrı-ayrı bölgələrdə və nöqtələrdə keçirilir. Ermənistan əl atdığı təxribatlarla heç nəyə nail ola bilməyəcək. İrəvanın hansısa genişmiqyaslı hərbi əməliyyat aparmaq üçün yetərincə gücü yoxdur. Ermənistan sadəcə olaraq, regionda vəziyyəti gərginləşdirmək üçün ona verilmiş tapşırığı yerinə yetirir. Onun özü də gözəl bilir ki, son 4 ildə Azərbaycandan aldığı zərbələrin daha öldürücü formasını görə bilər”. 

Polkovnik Ermənistanın məkrli planlarının arxasında məhz regionda ona havadarlıq edən güclərin olduğunu qeyd edib:

“Ermənilər və onların havadarları Naxçıvan və sərhədin digər fərqli istiqamətlərində təxribatlara cəhd etməklə regionda hansısa nəticələrə nail olmağa çalışır. Mən qətiyyən düşünmürəm ki, Ermənistan bu cür addımları ilə öz aləmində arzuladığı hansısa məqsədə nail olsun. Çünki Azərbaycan ordusu kifayət qədər hazırlıqlıdır. Ən əsası isə qalib ordudur. Ermənistan ordusu bundan öncə Azərbaycan silahlı qüvvələrindən dəfələrlə sarsıdıcı zərbələr alıb. Bu təxribat cəhdləri, sadəcə, gərginliyin daha uzun müddət davam etməsinə hesablanıb”. 

06.08.2024 20:43
1909