DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdiyi sonuncu əməliyyat zamanı 60 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Abşeron rayonu ərazisində keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 1994-cü il təvəllüdlü Ülvi Məmmədov saxlanılıb.
Ondan 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginəşdirilmiş marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxs narkotiklərin İran vətəndaşı "Hacı" adlı şəxs tərəfindən Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə göndərildiyini və Sabunçu rayonunda əldə etdiyini bildirib.
Ü.Məmmədovun narkotiklərin qalan hissəsini Abşeron rayonu ərazisində gizlətdiyini qeyd edib. Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-texniki tədbirlər zamanı narkotikləri gizlədilən yerdən götürən 2001-ci il təvəllüdlü İlkin Müseyibov da qısa zamanda tutulub. Bu şəxsdən narkotiklərin qalan hissəsi - 28 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Saxlanılanlar ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.