Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin təxribatçı bəyanatları ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.
“Report” xəbər verir ki, səfir məktubda Dövlət Duması sədrinin diqqətini deputat Zatulinin növbəti çirkin hərəkətinə çəkib. Zatulin artıq fəaliyyət göstərməyən “DQR”in “Müstəqillik günü” münasibətilə bu il sentyabrın 2-də “təbriklər” dərc edib.
“Zatulin təxribat xarakterli müraciətində guya “Rusiyadakı qayğıkeş insanlar” adından çıxış edərək separatçılara dəstək verməklə, artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə erməni cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir. Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərinə və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçulara istinad edir”, - P.Bülbüloğlu bildirib.
Məktubda qeyd edilib ki, Ermənistanda “persona non-grata” elan edilən K.Zatulin Rusiya cəmiyyətində ekspansionist baxışları və narrativləri təbliğ etməkdə davam edir: “O, Rusiyada yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətlər həyata keçirməklə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür”.