“Pobeda”nın kiçikliyi, Simonovun şeirləri, polkovnikin “həbsi” – qəddar Stalinin “yumşaq” zarafatları…  

 

Gərginliyi aradan qaldıran ən yaxşı vasitələrdən biri  zarafatdır. Dünyanın bir çox siyasi liderləri də gərgin məqamlarda bu üsula üstünlük veriblər. Xüsusilə müharibələr zamanı birincilər yumor hisslərini nümayiş etdirməklə vəziyyəti “yumşaltmağa” çalışıblar. XX əsrin ən qəddar simalarından biri sayılan İosif Stalin də yumor hissindən məhrum olmayıb...

Müharibə dövründə Stalin təbliğat məsələlərinə xüsusi diqqət yetirib. Yazıçı və şairlərin əsərlərinin vətənpərvərlik mövzusunda olmasını vacib sayıb. Tanınmış qələm sahiblərinin kitabları çap olunmamışdan əvvəl onların məzmunu haqqında sovet liderinə məruzə edilib. Növbəti məruzələrin birində Stalinə altı dəfə Stalin mükafatı laureatı, cəbhəçi-şair Konstantin Simonovun çapa gedəcək kitabı təqdim edilib. Stalin şeirləri nəzərdə keçirdikdən sonra öz münasibətini bildirib:

  • Bu kitabdakı şeirlərin hamısı məhəbbət mövzusundadır. Özü də söhbət təkcə bir qadına olan sevgidən gedir. Konstantin Simonovun həyat yoldaşı, aktrisa Valentina Serovadan. Məni bu kitabı çap edəcək nəşriyyatın direktoru ilə calaşdırın.

Dərhal nəşriyyat direktoru ilə telefon əlaqəsi yaradılıb. Stalin birbaşa mətləbə keçib:

  • Siz Konstantin Simonovun kitabını çapa hazırlayırsınız. Onun tirajı nə qədər olacaq?
  • 200 min, yoldaş Stalin.
  • Kitab yaxşı kitabdır. Amma tiraj məsələsində dəyişiklik etməlisiniz. 2 nüsxə çap etsəniz kifayətdir, biri Simonov, biri də həyat yoldaşı üçün...

Bu hadisədən xəbər tutan Simonov əsərlərində ciddi mövzu dəyişikliyi edib.

***

Əlamətdar tarixlərdə, o cümlədən Stalinin ad günlərində Kremlə, Stalinin ünvanına çoxsaylı təbriklər ünvanlanıb. Təbii ki, Stalin vaxt baxımından bu təbriklərin hamısını oxumaq imkanında olmayıb. Amma arabir o, köməkçisi Poskrebışevdən həmin məktublardan bir neçəsini gətirməyi xahiş edib. Həmin məktublardan biri də Ukraynanın Konotop şəhərindən göndərilib. Təbrikdə aşağıdakılar yazılıb:

“Əziz İosif Vissarionoviç, sizi Oktyabr inqilabının ildönümü münasibətilə təbrik edirəm. Siz bizə görə narahat olmayın, Konotopda hər şey qaydasındadır...”

Stalin təbrikin müəllifinin kimliyi ilə maraqlanıb. Poskrebışev Ukrayna rəhbərliyi ilə əlaqə yaradıb, məlum olub ki, məktubu yazan  psixoloji durumunda problem olan Konotop sakinidir. Həmin dövrdə Ukrayna Kommunist Partiyasının birinci katibi olan Nikita Xruşşov məktuba görə həmin şəxsi incidib. Xruşşovun bu hərəkəti Stalinin xoşuna gəlməyib. Kremldə ilin yekunları ilə bağlı müşavirə keçiriləndə Xruşşov il ərzində Ukraynada görülmüş işlərlə bağlı geniş məruzə ilə çıxış edib. Çıxışdan sonra Stalin üzünü ona tutub:

  • Konotopda vəziyyət necədir?
  • Hər şey qaydasındadır, yoldaş Stalin.
  • Yox, mən sənə inanmıram. Ukraynaya qayıdan kimi həmin şəxsə deyəsiniz ki, Konotopda vəziyyətlə bağlı mənə yazılı məktub göndərsin.

Xruşşov məcbur qalaraq Ukraynaya qayıdan ki, incitdiyi həmin şəxsdən Stalinə məktub yazmağı xahiş edib...

 ***

Sovet avtomobil sənayesinin ən populyar maşınlarından biri olan “Pobeda” 1946-cı ildən istehsal olunmağa başlayıb. Amma istehsala qədər bu avtomobilin layihəsi haqqında fərqli fikirlər olub. Əvvəlcə “Pobeda”nı Almaniya istehsalı olan “Opel” və “Volkswagen” kimi iki qapılı istehsal etməyi planlaşdırıblar. Hətta nümunə üçün bir neçə maşın da hazırlanıb. Təbii ki, son söz Stalində olub və qərar vermək üçün o, avtomobillə zavodda tanış olub. Sovet lideri iki qapılı “Pobeda”nın sükanı arxasına keçib.Bir neçə saniyədən sonra o, narazı halda maşından düşüb:

  • Böyük qələbə üçün (Pobeda) bu maşın çox kiçikdir.

Bu görüşdən sonra dörd qapılı “Pobeda”nın istehsalına başlanıb.

 

 ***

Müharibə illərində Stalinin Stavkasında keçirilən müşavirələr həmişə gərginliklə müşayiət olunub. Bu müşavirələrə ayrı cəbhələrin yüksəkçinli zabitləri dəvət edilib. 1943-cü ildə keçirilən həmin müşavirələrin birində Stalin zalda gəzişərək əlini Ukrayna cəbhəsinin artilleriya qoşunlarında xidmət edən polkovnik Yermolinin çiyninə qoyub:

  • Sizi hələ həbs etməyiblər?

Heç bir xidməti nöqsanı olmayan Yermolin müşavirədən sonra hər gün öz həbsini gözləyib və sözsüz ki, Stalinə nəyə görə həbs ediləcəyini soruşmağa da cürət etməyib. Beləliklə, bu müşavirədən bir il vaxt keçib. 1944-cü ildə Yermolin yenidən Stavkanın müşavirəsində iştirak edib. Stalin yenə də zalda gəzişərkən əlini onun çiyninə qoyub:

  • Sizi hələ də həbs etməyiblər?

Bu müşavirə də polkovnikin gərginliyi ilə yekunlaşıb.

1945-ci ildə Yerlomin Kremldə keçirilən qələbə ziyafətinə dəvət olunub. Polkovnik hətta ziyafətə belə qorxu içərisində gedib. Ziyafət zalında Stalin yenə də əlini onun çiyninə qoyub:

  • Siz olduqca bacarıqlı və peşəkar zabitsiniz. Amma qətiyyən yumor hissiniz yoxdur, mənim müharibənin gərgin günlərində zarafatımı ciddi qəbul etmisiniz. Yaxşı ki, sizi həbs etməyiblər. Yoxsa bu gün general rütbələri başqasına qismət olardı.

Ali Baş Komandam general rütbələrini polkovnikə şəxsən özü təqdim edib.

İlham Cəmiloğlu, Musavat.com

16.06.2023 15:43
6365