Pezeşkiandan Mişelə “şah gedişi”: İran Qərblə yaxınlaşır?- Politoloq detalları açıqladı  

Xəbər verdiyimiz kimi İran prezidenti Məsud Pezeşkian Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefonla danışıb. Tərəflər İran-Avropa münasibətlərini və nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər. Pezeşkian ABŞ-nin Yaxın Şərq regionunda iki standart yürütməsinin fəsadlarına və İsrail-Fələstin münaqişəsinə diqqət çəkib. 

Göründüyü kimi, M. Pezeşkian Avropa İttifaqı ilə münasibətləri düzəltməyə çalışır. Onun prezidentliyi dövründə Qərblə münasibətlərdə yumşalmaların olacağı gözlənilir. Ən azından bu növ danışıqlar belə fikir yürütməyə əsas verir.   

Məsələni Musavat.com-a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran Avropa İttifaqını ABŞ-dən ayırmağa cəhd göstərir.

“ABŞ ilə Avropa ittifaqı müttəfiqdir, onlar İranla bağlı siyasi addımları birgə atırlar. İran isə Aİ-ni ABŞ-dən ayırmaqla münasibətləri davam etdirir. 

Əvvəllər Aİ da ABŞ-dən fərqli olaraq İranla siyasət yürütməyə başlamışdı. 90-cı illərin  sonlarında  ittifaq  İrana qarşı sanksiyalar tətbiq olunanda ABŞ-yə qoşulmadı. O zaman ABŞ və İsrail Aİ-ni tənqid etdi. İttifaq isə bəyan etdi ki, İranda nüvə proqramı ilə bağlı məsələ araşdırmalıdır.

Bununla belə Aİ İranla münasibətlərdə insan haqlarının pozulması, demokratik təsisatlarla bağlı təzyiqləri davam etdirdi. Sonrakı mərhələdə isə yenidən ABŞ ilə birlikdə İrana qarşı sanksiyalarda iştirak etdi.

İndiki mərhələdə İran hesab edir ki, Aİ ilə istədiyi məsələlərə dair danışıqlar apara bilər. Bu danışıqların aparılması üçün razılığı ABŞ verir. Onun razılığı olmadan bu, mümkün deyil.

Prezeşkian və Şarl arasında aparılan danışıq bir də İranın nüvə proqramı ilə bağlıdır. Perezeşkian seçkiqabağı kampaniya zamanı bəyan edib ki, Qərblə bu mövzuda danışıqların bərpasına hazırdır. Ancaq buna başlamazdan öncə İran tərəfi nüvə proqramı sahəsində şəffaflığı təmin etməli, ona qarşı tətbiq edilən sanksiyalarla bağlı tələblərə cavab verməlidir. Hələlik  bu cavablar yoxdur.  İlkin danışıqlar aparılır.

Avqustun 1-də ABŞ ilə İran arasında danışıqlar olub.  Bu danışılar tərəflərin bir-birinə xoşgörümlü münasibətlərinin göstəricisidir. İranın indiki hökuməti göstərmək istəyir ki, Qərblə, əsasən də Aİ ilə danışıqlara hazır və açıqdır.

Bundan sonrakı hadisələr İran hökumətinin formalaşmasından, İranın İsrail məsələsi ilə bağlı irəli sürdüyü iddialardan əl çəkməsindən sonra yaşana bilər”.

Şahanə Rəhimli

Musavat.com

12.08.2024 12:11
960