Pezeşkiana hücumlar başladı - ana dilində müsahibə qəbahətdirmi?

“Onun bu addımları İranın yaxşı mənada mədəniləşməsinə gətirib çıxaracaq yolun başlanğıcı ola bilər”

İran prezidenti Məsud Pezeşkianın ana dilində müsahibə verməsi İranda və dünyanın bir sıra dairələrində qıcıq yaradıb. Peşezkian bu müsahibəsində həmçinin Güneydəki azərbaycanlıların ana dilində təhsil almasının mümkünlüyündən danışıb.

Buna görə onu artıq topa tuturlar, təhdid edirlər. İranda molla rejimi Azərbaycana münasibətdə qismən pozitiv mövqe tutan Pezeşkiana sui-qəsd təşkil edə bilərmi? Prezidentin ana dilində müsahibə vermısi qəbahətdirmi?

Fazil Mustafa güllələndi — Yenilənib

 Fazil Mustafa

Mövzu ilə bağlı Milli Məclisin VI çağırış deputatı, Böyük Quruluş Partiyasının sədri  Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Pezeşkianın türk dilində müsahibə verməsi əslində İranın mədəniləşməsinə gedən yolun başlanğıcıdır: “Çünki bu, İranda həm məzhəb, həm də müəyyən milli şovinizmin buxovlarının sındırılması deməkdir. Beləliklə, Pezeşkianın türk dilində müsahibə verməsi adi bir hadisə deyil.

Burada təkcə türk dilindən söhbət getmir, həm də müəyyən xalqların kürd, ərəb, rus və digər dillərdən bəhrələnməsindən söhbət gedir və İranın bütövlükdə ideoloji vəhşilik sindromundan qurtuluşu üçün vacib addımlardır. Çünki bu dövlətdə insan haqlarının ən primitiv formaları belə qəbul olunmur, ona görə də prezident səviyyəsində bu addımların atılması, hər halda, tarixi zərurətdən irəli gəlir. Yəqin ki, Pezeşkian elə buna görə belə bir davranış sərgiləyib. Əslində yeni dövrün adamı kimi reallıqları dərk edərək, bu cür addım atdığını söyləmək olar.

Təbii ki, Pezeşkian bu addımlarına görə bu təzyiqlərlə qarşılaşacaq, amma qeyd etdiyim kimi, onun bu addımları İranın yaxşı mənada mədəniləşməsinə gətirib çıxaracaq yolun başlanğıcı ola bilər".

Sabir Rüstəmxanlı sərt danışdı: "Xalq Hərəkatının üstündən xətt çəkmək..."

 Sabir Rüstəmxanlı

Milli Məclisin VI çağırış deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə qeyd edib: “Pezeşkianın rəsmi dairələrdə Azərbaycan dilində danışması birinci dəfə deyil. Yəni dəfələrlə öz ana, Azərbaycan dilində danışıb və onun bu mövqeyi uzun illərdir davam edir.

Fikrimcə, Pezeşkianın bu mövqeyi İranın xilası, gələcək taleyidir. Çünki İranda 10 milyonlarla sayı olan xalqlar nə qədər boğulsa, hüquqları əllərindən alınsa, bir o qədər İranın bölünməsi və dövlət  olaraq bütün sisteminin  dəyişilməsi uğrunda mübarizələrini artıracaqlar. Lakin dinc yolla İran xalqlarına müəyyən hüquqlar verilməsi, ən azından heç olmasa ibtidai məktəbdə ana dilində təhsil alması  həm həmin xalqların içindəki qəzəbi soyudacaq, həm də onların inkişafına təkan verəcək, eyni zamanda beynəlxalq aləmdə İranın imicini tamamilə dəyişəcək.

Hətta dini kitablar, o cümlədən  Quran bir millətin əzilməsinə, dilinin əlindən alınmasına haqq qazandırmır. Həmçinin elə bir qanun yoxdur ki, hamı bir ölkədə ya fars, ya da ərəb dilində danışmalıdır və yaxud bütün müsəlmanlar ancaq ərəb dilində  dua oxumalıdır".

Sabir Rüstəmxanlı həmçinin bildirib ki, Pezeşkian Urmiya gölünün bərpasına çalışır və bununla da Azərbaycanda doğulmuş, burada böyümüş adam kimi Urmiyanın taleyinə yanır: “Məlum məsələdir ki, Urmiya gölü quruyarsa, Şimal-Qərbi İran da səhraya çevrilə bilər. Həmçinin orada 10 milyard ton duz yatır, külək həmin duzu bütün İrana yaya bilər. Bu, hətta bizim üçün də bu böyük təhlükədir.

Bir sözlə, Pezeşkian təkcə Azərbaycanın deyil, İranın xeyrinə çalışır, onun gələcəyini düşünür. Hesab edirəm ki, İran rəsmiləri, o cümlədən ölkənin ali rəhbəri Pezeşkianın bu mövqeyinin möhkəmlənməsinə kömək etməli, onun ideyalarını, fikirlərini həyata keçirməsinə yol açmalıdır.

Təbii ki, 1925-ci ildən İranı fars dövlətinə çevirənlər istəməzlər ki, ölkədə fars dilinin hegemonluğu əlindən alınsın. Onlar, ümumiyyətlə, İranda olan xalqların dilini unutdurmaq, farslaşdırmaq üçün illər uzunu əllərindən gələni edir, həm gizli, həm də açıq şəkildə planlarını həyata keçirirlər. Hətta ucqar kəndlərdə belə insanları fars dilində danışmağa məcbur edirlər ki, öz ana dillərini unutsunlar. Bu, nəticə etibarı ilə İran türklərinin gələcəyini təhlükə altına atır. Bu təhlükə günün birində İran dövlətçiliyinə qarşı çevrilə bilər. Pezeşkian bunların hamısını bilir, ona görə də öz addımlarını atır.

Buna görə Pezeşkiana təhdidlər ola bilər. Lakin Pezeşkian deyil, digərləri onun yerində olsa belə, bu yol, bu xətt heç vaxt  qırılmaz".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

29.08.2024 10:16
927