Livanda minlərlə insanın yaralanması, 10 nəfərə yaxın şəxsin ölməsi ilə nəticələnən “peycerli hücum”un sensasion təfərrüatları üzə çıxıb.
Musavat.com xəbər verir ki, şiddətli partlayışlar 30 dəqiqə davam edib.
Hücumla bağlı ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri öz mənbəsinə istinadən maraqlı təfərrüatları paylaşıb. Nəşr yazır ki, partlamış peycerləri Hizbullah son günlər yeni alıb.
“Reuters” agentliyinin Livan təhlükəsizlik güclərindəki yüksək rütbəli mənbəsi və bir başqası bildirib ki, İsrailin Mossad kəşfiyyat agentliyi partlayışlardan bir neçə ay əvvəl Hizbullah tərəfindən gətirilən 5 min peycerə partlayıcı yerləşdirib. “Reuters” qaynaqlarından biri peycerlərin Tayvanın “Gold Apollo” şirkətindən olduğunu söyləyib, lakin şirkət verdiyi açıqlamada cihazları istehsal etmədiyini deyib.
“Wall Street Journal” yazır ki, bəzi insanlar partlayışlardan əvvəl peycerlərin həddən ziyadə qızdığını hiss ediblər. Həddindən artıq qızmış litium-ion batareyaları alovlana bilər, lakin ekspertlər deyirlər ki, peycerlər sındırıldıqda və həddindən artıq qızdıqda adətən belə şiddətli partlayışlara səbəb olmurlar. Adı açıqlanmayan keçmiş Britaniya ordusunun əməkdaşına istinad edən BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardnerin sözlərinə görə, peycerlərdə 10-20 qram arasında çox güclü hərbi partlayıcı ola bilərdi.
Partlayıcılar saxta elektron hissədə gizlədilə bilərdi. Bundan sonra partlayıcı qurğular xüsusi alfa mesaj vasitəsilə işə salınıb. Peycerə gələn mesajı oxumaq istəyən istifadəçi cihazı açan kimi partlayış baş verib.
BBC eksperti peycer partlamalarının 1%-dən azının ölümlə nəticələndiyini, lakin yüzlərlə insanın ağır yaralandığını və hadisənin Hizbullah üçün ciddi psixoloji zərbə olduğunu təxmin edib.
“Hizbullah nə üçün peycerlərə ehtiyac duyur və bunun nəticələri nə ola bilər” sualını cavablandıran BBC-nin diplomatik şərhçisi Pol Adams qeyd edib ki, təşkilat müxtəlif qolları arasında əlaqə yaratmaq üçün əsasən peycerlərdən istifadə edir. 1996-cı ildə İsrail kəşfiyyat xidmətləri HƏMAS-ın baş bomba mühəndisi Yəhya Ayyaşı cib telefonuna yerləşdirilmiş bomba ilə öldürməsindən sonra mobil telefonlardan imtina etmək qərarına gəliblər. Uzun illər peycerlər etibarlı cihaz kimi istifadə olunub. Lakin bu dəfə Hizbullah üzvləri supermarketlərdə, küçələrdə, maşınlarda, evlərdə və hətta bərbərlərdə məhz peycerlərin partlaması üzündən yaralanıb və ölüblər.
Peycerlərin şiddətli partlayışları Livanın hər yerindən, Beyrutdan Bekaa vadisinə qədər və hətta qonşu Suriyada da qeydə alınıb. Partlayışlar kiçik olsa da, bəziləri ölümcül yaralarla müşayiət olunub.
Hizbullah və İsrailin aşağı intensivlikli müharibəyə girdiyi bir vaxtda bu hücum Hizbullahın insan resurslarını, kommunikasiyalarını və üzvləri sırasında qorxu və çaşqınlıq yaratmağa, psixoloji durumlarını sarsıtmağa yönəlib.
İsrail baş verənlərə münasibət bildirməyə tələsmir. Lakin peycer partlayışlarının onlar tərəfindən həyata keçirilən əməliyyat olduğuna da şübhə yoxdur.
İsrailin baş naziri Benyamin Netanyahu dünən ABŞ-ın xüsusi nümayəndəsi Amos Hokşteynə deyib ki, İsrail “öz təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa edəcək”.
Nəşr yazır ki, Livan-İsrail sərhədində, Livanın cənubunda böyük hərbi müdaxilə üçün lazım olan qoşun və zireh konsentrasiyasına dair hələ heç bir əlamət görünmür. Lakin partlayışlar eskalasiyanın olacağını göstərir.
Hizbullah partlayışların səbəblərini araşdırdığını və İsrailin məsuliyyət daşıdığını bildirib.
İsrail rəsmiləri partlayışlarla bağlı açıqlama verməyib. Bununla belə, bombardmanlardan bir neçə saat əvvəl İsrailin təhlükəsizlik xidməti bildirib ki, sakinlərin təhlükəsiz qayıtmasını təmin etmək üçün şimalda Hizbullah hücumlarını dayandırmaq terrorçulara qarşı müharibənin rəsmi məqsədinə çevrilib. İsrail ordusuna 60 minə yaxın israillinin təhlükəsiz qayıtmasını təmin etmək tapşırılıb.
İsrail dəfələrlə Hizbullahı Livanın sərhəd bölgələrindən çıxarmaq və qruplaşmanın davamlı atəşini dayandırmaq üçün hərbi əməliyyata başlayacağı ilə hədələyib. HƏMAS qruplaşmasının İsraili işğal etdiyi və İsrail ordusunun Qəzza zolağında əməliyyata başladığı 7 oktyabrdan bəri Livanla sərhəddə Hizbullahla demək olar ki, hər gün atışma olur. Həm Hizbullah, həm də HƏMAS İranın dəstəyinə arxalanır. İsrail və Qərb ölkələri hər iki qrupu terrorçu hesab edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com