İsrail Livanın paytaxtı Beyrutun cənubunda yerləşən bir yaşayış məntəqəsini vurub və “Hizbullah”ın yüksək rütbəli hərbçisi kimi göstərilən İbrahim Aqil sui-qəsd qurbanı olub. Qeyd edək ki, iyul ayında Hizbullahın digər ən yüksək səviyyəli hərbi xadimlərindən olan Fuad Şükür İsrailin hava hücumu nəticəsində öldürülmüşdü. Dünən öldürülən İbrahim Aqil də təşkilatın idarə olunmasında ən azı Fuad Şükür qədər önəmli yer tuturdu.
Məlumata görə, dünən Livanın cənub bölgəsindəki Hizbullah mövqeləri də ağır artilleriya zərbələrinə məruz qalıb.
Təşkilatın lideri Həsən Nəsrullah son günlər intensivləşən hücumları İsrailin savaş elanı kimi qəbul edib və ona ağır cavab verəcəyini açıqlayıb. Nəsrullah həmçinin İsraili “cəsarəti çatarsa Livana quru əməliyyatına çağırıb” və bu addımı atacağı təqdirdə Təl-əvivə “ağır bədəllər ödətdirəcəyini” də gizlətməyib.
Maraqlıdır ki, İsrail hərbi yetkililəri də Hizbullah döyüşçüləri ilə başlatdığı mübarizəni yeni məzmunlu savaş kimi təqdim edir və hücumları sona qədər sürdürəcəklərini bildiriblər.
Sual olunur: İsrail doğrudanmı Livana girməyə hazırlaşır? Rəsmi Təl-əvivin təbiri ilə desək, savaşın yeni mərhələsi necə sonuclana bilər?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında İsrailin həqiqətən də Livana qarşı müharibəyə başladığını etiraf etsə də, amma onun quru hərəkatına başlayacağına, Livanı tamamilə ələ keçirməyə çalışacağına inanmır: “Əvvəla, Livanı tamamilə ələ keçirmək asan məsələ deyil. Bunun üçün İsrail çox ciddi itkiləri gözə almalı, beynəlxalq təzyiqlərə sinə gərməlidir. Qəzza kimi ətraf mühitdən təcrid olunmuş kiçik bir ərazini ələ keçirməyi belə, hardasa, 1 ildir bacarmayan İsrailin, təbii ki, Livanda bənzər hədəfləri reallaşdırması mümkün görünmür. Çünki Livan həm ərazi baxımından daha böyük və mürəkkəb quruluşa malikdir, həm də beynəlxalq ictimaiyyət buna laqeyd qalmaz. Xüsusilə ərəb ölkələri bu həssas məsələyə olduqca kəskin reaksiya verə bilər və məzhəb fərqlərindən asılı olmayaraq, Hizbullahı dəstəkləmək məcburiyyətində qalarlar. Nəzərə alsaq ki, Livan Qəzza kimi təcrid vəziyyətində deyil və onun qapıları digər ərəb dövlətlərinə açıqdır, o zaman Livan müharibəsinin daha ağır olacağı anlaşılar. İsrailin böyük itkilər bahasına bu riskə getməsinə inanmıram.
Üstəlik, İsrailin buna ehtiyacı da yoxdur. Həssas demoqrafik xarakterə malik olan Livanı “zərərsizləşdirməyin” daha qısa və rasional yolu var. Söhbət Livanda vətəndaş müharibəsi çıxarmaq ehtimalından gedir. Fikrimcə, İsrail məhz bunu edəcək”.
Siyasi şərhçinin fikrincə, Livanda vətəndaş müharibəsi üçün münbit zəmin də var: “Bilirsiniz ki, hələ 1975-ci ildən 1990-cı illərə qədər Livan vətəndaş müharibəsi ilə çalxalanıb. Bu 15 il ərzində cəmi 5 milyonluq məmləkətin 150-200 min övladı həlak olub. Həmin vaxt vətəndaş müharibəsinin əsas səbəblərindən biri 1.5 milyon fələstinlinin Livana sığınması və Fələstin Qurtuluş Təşkilatının İsraillə müharibəsini bu ölkəyə daşıması idi. Fələstindən Livana sığınan bu qaçqınlar istər-istəməz ölkənin etnik mozaikanı xatırladan demoqrafik xarakterinə ciddi təsir göstərir və nəticədə hakimiyyətdəki təmsilçilik nisbətini sünnilərin xeyrinə dəyişdirirdi.
Məlum olduğu kimi, 1967-ci ildə bütün ərəb ölkələri ilə İsrail arasında gedən müharibəyə qədər Livanda xristianlar daha çoxluqda idilər – haradasa, əhalinin 40%-i. Bu günün statistikasında isə etnik qruplar arasında elə də ciddi fərq qalmayıb. Hətta xristianlar azlıq halına düşüb - əhalinin təxminən 27%-i sünni, 27%-i şiə, 21%-nin maroni xristianları, 8%-i yunan ortodoksları, 5%-i druz, 5%-i Melkani və 1%-i protestant.
6 gün davam edən 1967-ci il müharibəsinin ərəb ölkələrinin ağır məğlubiyyəti ilə başa çatdığını bildirən siyasi şərhçi deyib ki, nəticədə fələstinlilər İsraillə mübarizədə təkləndi: “Onların mühüm qismi İordaniya, Misir və Livana sığındı. 1975-ci ilə qədər Livana sığınan fələstinlilərin sayı 1.5 milyona yaxınlaşmışdı. Bu da 35% demoqrafik dəyişim demək idi. Sözügedən dəyişikliklər nəticəsində Livandakı sünnilərin sayı artır, xristian və şiələrin sayı isə azalırdı. Demoqrafik nisbətdə baş verən dəyişikliklər Livan əhalisini, xüsusilə şiələrin və xristianların maraqlarını təhdid edirdi. Beləcə, getdikcə gərginləşən münasibətlər 1975-ci ildə vətəndaş müharibəsinə gətirib çıxardı. Sünni fələstinlilərin xüsusilə Livanın cənubuna toplanması və bu ərazilərdən İsrailə qarşı plasdarm kimi istifadə etməsi ölkənin şiələrlə xristianlarını yaxınlaşdırırdı. Çünki Livanın cənubunda əsasən şiələr məskunlaşmış və xristianlar isə getdikcə dini azlığa çevrildiklərindən hakimiyyəti itirmək təhlükəsi altında idilər. Məhz belə bir məqamda şiə toplumuna İraqdakı məzhəbdaşlarından kömək gəldi. Əslən livanlı olub Nəcəf şiə məktəbinin məzunu olan Musa əs-Sədr Əməl adlı partiya qurub məzhəbdaşlarının dirənişini təşkilatlandırdı. 1980-ci ildə İraqda öldürülən Musa əs-Səbrdən sonra Livan şiələrinin təşkilatlanması İranın əlinə keçdi. Beləcə Hizbullah ortaya çıxdı. 1990-cı illərə qədər müxtəlif siyasi qruplar arasında var-gəl edən Hizbullah vətəndaş müharibəsindən sonra daha da gücləndi. Bunun səbəbi vətəndaş müharibəsindən sonra digər qrupların silahları buraxması, Hizbullahın nu addımı atmaması idi. Əlində əsaslı səbəbləri də vardı – şiə əhali əsasən Livanın cənubunda məskunlaşıblar və həmin ərazilər tez-tez İsrailin hücumlarına məruz qalır. Xüsusilə 2006-cı ildə İsrailin Livanla apardığı 33 günlük müharibədə Hizbullahın inanılmaz qələbə qazanması və İsrail ordusunun işğal etdiyi ərazilərdən çəkilməsi təşkilat lideri Həsən Nəsrullahın ərəb dünyasındakı nüfuzunu artırdı. Bu durum 2011-ci ildə Suriyada başlayan və indiyədək davam edən vətəndaş müharibəsinə qədər davam etdi. Hizbullahın İranla birlikdə Suriya müharibəsinə qatılması nüfuzunun da azalmasına yol açdı. Çünki bu təşkilat Suriyadakı sünnilərə qarşı ən amansız müharibə aparan profil sərgiləmişdi. Hizbullahın bu strateji səhvi ərəb dünyasında, o cümlədən Livanda qazandığı nüfuzunu da yerlə bir etdi və onun İranın proksisi kimi tanınmasına yol açdı. Ərəb ölkələri, təbii ki, İranın proksisinə heç bir dəstək verməzlər.
Bundan əlavə, Livanın öz ordusu da var. Əsasən xristianlardan və sünnilərdən təşəkkül tapan bu ordunu son zamanlar ABŞ ciddi şəkildə dəstəkləyir. Qarşılığında isə 1989-cu ildə bağlanan və Livan vətəndaş müharibəsinin sonlandırılması ilə nəticələnən Tarif anlaşmasının tələblərinin yerinə yetirilməsini şərt qoşur. Bu anlaşmaya görə, məzhəb əsaslı siyasi qruplar 6 ay ərzində tərksilah olunmalıdır. Anlaşmaya əməl etməyən yeganə təşkilat isə Hizbullahdır. Livan ordusundan anlaşmanın tələblərini yerinə yetirməyin tələb olunması onu Hizbullahla döyüşdürmək mənasına gəlir.
Üstəlik, İsrail 2006-ci ildə olduğu kimi, Beyrutu bombalamağa başlayarsa, istər-istəməz bütün Livan əhalisinin rifahı pozulacaq və digər etnik qruplar ölkəni perspektivi olmayan dağıdıcı savaşa sürüklədiyinə görə Hizbullahı günahlandıracaqlar. Onsuz da sabitliyi sapdan asılı vəziyyətdə olan Livan üçün bu, yenidən vətəndaş müharibəsi poliqonuna çevrilmək anlamına gəlir. Onu da nəzərə alsaq ki İsrailin son hücumlarında Hizbullahın rabitə sistemi tamamilə çöküb və elektronik vasitələrlə işləyən öldürücü silahlardan istifadə etmək imkanları daralıb, vəziyyətin xeyli mürəkkəb olacağı anlaşılır”.
Hizbullahın hərbi komandanlarından olan İbrahim Aqilin dünənki hücumlarda öldürülməsinə gəlincə, Heydər Oğuz bunu həmin təşkilat üçün çox ciddi itki hesab edir:
“Məlumata görə, İbrahim Aqil tək yox, 10 Hizbullah komandiri ilə bərabər öldürülüb. İbrahim Aqil Hizbullahın xüsusi təyinatlı Rızvan Qüvvələrinin yüksək rütbəli liderlərindən biri imiş və ABŞ Dövlət Departamenti tərəfindən başına 7 milyon dollar mükafat qoyulubmuş. Rizvan Qüvvələri Hizbullahın silahlı qanadının qurucusu olan İmad Muğniyyə tərəfindən təsis olunub. Rizvan da əslində Muğniyyənin ləqəbidir. 2008-ci ildə Suriyada İsrail hücumu nəticəsində öldürüldükdən sonra bu xüsusi təyinatlı qrup onun ləqəbi ilə anılmağa başlanıb. Bəzi məlumatlara görə, qrupun 2.500, digər məlumata görə isə 10.000-dən çox əsgəri var. İddialara inansaq, bir neçə gün əvvəl İsrail peycer təxribatından sonra beynəlxalq vasitəçilərlə Hizbullah qarşısında bəzi şərtlər qoymuşdu. Şərtlərdən biri də Rizvan qoşunlarını Livanla İsrail arasındakı sərhəddən geri çəkmələri idi. Hizbullah bu şərti yerinə yetirmədiyi üçün növbəti hücümlar başlayıb. Əvvəl Hizbullahın ratsiyaları partladılıb, sonra isə Rizvan Qüvvələrinə rəhbərlik edən komandirlər sıradan çıxarılıb”.
Heydər Oğuzun fikrincə, əslində peycer təxribatının əsas hədəflərindən biri də bu cür mühüm komandirlərin ortaya çıxarılması idi:
“Çünki peycerlər əsasən aparıcı döyüşçülərə paylanmışdı. Peycerlər onların əlində partladıqdan sonra həmin komandirlər yaralandı və xəstəxanalara müraciət etməli oldular. Beləcə, gizləndikləri yerlərdən çıxıb İsrailin radarına yaxalandılar. Bu isə o deməkdir ki, yaxın günlərdə belə sui-qəsdlər xəbərləri ilə daha tez-tez tanış olacağıq”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com