Xəbər verdiyimiz kimi Livanda bir çox peycer eyni vaxtda partlayıb, nəticədə onlarla insan yaralanıb.
Musavat.com-un məlumatına görə, partlayış nəticəsində minlərlə adam yaralanıb, onlardan 500-nün vəziyyəti ağırdır. İndiyədək ölənlərin sayının 11-ə çıxdığı bildirilsə də, bu rəqəmin artacağı da istisna edilmir.
Hizbullah partlayışın İsrailin kiber-təxribatı olduğu bildirsə də, Təl-əviv hələ ki, bunu təsdiqləməyib. Nəzərə alsaq ki, İsrail indiyədək törətdiyi bir çox terror hadisəsinin məsuliyyətini üstlənməyib, onun son təxribat barədə susqunluğu təəccüb doğurmaya bilər.
Bəs bu təxribatla nə hədəflənib? Uzun müddətdir, qisas alacağını bildirən İranın və Hizbullahın bu təxribata reaksiyası necə olacaq? Fələstində 1 ilə yaxın zaman ərzində davam edən münaqişənin daha da genişlənmə ehtimalı varmı?
Musavat.com-un suallarını cavablandıran Heydər Oğuz Livandakı son hadisələrin bir neçə hədəfinin olduğunu bildirir:
“Sözsüz ki, ilk hədəf İsrailin düşmən kimi gördüyü qüvvəyə ciddi zərər vurmaqdır. Buna da böyük ölçüdə nail olundu. Məlumatlara görə, partlayışda 4000-dən çox insan təsirlənib. Onların mühüm qismi Hizbullah üzvləridir. Bir çoxlarının bu partlayış nəticəsində əlini, barmağını və gözünü itirdiyi bildirilir. Hətta İranın Livandakı səfiri də bir gözünü tamamən, digər gözünü qismən itirib. Əlini və gözünü itirən döyüşçülərin hərbi baxımından yararsız hala düşdüyünü nəzərə alsaq, İsrailin bir kiber hücumla minlərlə Hizbullah savaşçısını sıradan çıxardığını anlaya bilərik. Bu da çox ciddi zərbədir. Üstəlik, ağır yaralı olan yüzlərlə Hizbullah üzvündən neçəsinin yaşaya biləcəyi də sual altındadır.
İkinci mühüm hədəf Hizbullahın bundan sonra müasir texnologiyaya etibar etməməsinə nail olmaqdı. Fikrimcə, bunu da böyük ölçüdə reallaşdıra bildilər. Onsuz da İsraillə müqayisədə texnoloji cəhətdən xeyli geridə olan Hizbullah bundan sonra ən sadə cihazlara belə güvənməyəcək. Nəticədə bir tərəfdə dünyanın ən müasir silahları ilə təchiz edilmiş İsrail ordusu və onun qarşısında faktiki olaraq əliyalın Hizbullah silahlıları reallığı ortaya çıxacaq. Belə bir qeyri-bərabər döyüşdə, təbii ki, Hizbullahın uğur qazanma şansı azalacaq.
Üçüncü başlıca hədəf Hizbullahla İran arasında bir-birinə güvənsizlik hissini artırmaqdır ki, dünənki kiber-hücumdan sonra böyük ehtimalla bunun da əsası qoyuldu. Çünki həmin çağırı cihazlarının bir müddət əvvəl İran tərəfindən Hizbullaha verildiyi və həmin cihazlarla rabitə əlaqəsinin qurulduğu məlumdur. Onsuz da İranın İsmayıl Haniyə ilə Fuad Şükür sui-qəsdindən sonra söz verdiyi qisas əməliyyatını keçirməməsi və Hizbullahı İsrail qarşısında tək buraxması iki müttəfiq arasında etibarsızlıq əhval-ruhiyyəsi yaratmışdı. İş o yerə çatmışdı ki, Hizbullah yetkililəri bu yaxınlarda Tehrandan keçirilən toplantıda İranı qorxaqlıqda günahlandırırdılar. Bu barədə ərəb mediası ciddi məlumatlar yayırdı”.
Heydər Oğuzun fikrincə, sözügedən kiber-hücumun ən ciddi nəticələrindən biri Hizbullah döyüşçüləri arasında moral çöküşünün yaranması və təşkilatın Livandakı güc imicinin zədələnməsi olacaq:
“Əslində, bu proses çoxdan başlayıb və İranın səhv siyasəti nəticəsində günü-gündən dərinləşir. Məlum olduğu kimi, 2006-cı ildə bir aylıq döyüş nəticəsində Livanın altı-üstünə çevrilsə də, Hizbullah ərəb dünyasında böyük nüfuz qazanmışdı. Ərəb ölkələri o zamanadək bir çox dövlətin birgə müharibəsi nəticəsində əldə olunmayan uğuru bu təşkilatın qazandığına inanırdılar. Hətta şiələrin düşməni olan Səudiyyə kralı belə, Həsən Nəsrullaha əldə etdiyi uğurlara görə ən yüksək dövlət mükafatını vermişdi. Bu da səbəbsiz deyildi. Hizbullah o zaman milli mübarizəni ön plana çıxarır və Fələstin üçün özünü oda atırdı. Baxmayaraq ki, 2005-ci ildə Səudiyyə kralının yeznəsi və Livanın Baş naziri Rafiq Həriri sui-qəsd nəticəsində öldürülmüş, onun ölümündə Hizbullahın rolu ortaya çıxmıdı. Bununla belə, Hizbullahın İsraildən tələb etdiyi bütün şərtlər yerinə yetirilmiş, nəticədə ona böyük nüfuz qazandırmışdı. Amma bu nüfuz yüksəlişi uzun sürmədi. 2008-ci ildə Hizbullahın silahlı qanadının şefi Muğniyyə terror nəticəsində aradan qaldırıldı. 2011-ci ildə Suriyada başlayan şiə-sünni məhzəb davasına Hizbullah da qatıldı. Sünnilərə qarşı ən amansız mövqe sərgiləməsi nəticəsində Hizbullah əvvəlki nüfuzunu itirməyə başladı. 2016-cı ildə Muğniyyənin yerini tutan Mustafa Əmin Bədrəddin Dəməşq hava lımanı yaxınlığında baş verən güclü partlayış nəticəsində həlak oldu. Onun yerinə gələn Fuad Şükür isə bu il sui-qəsdə məruz qaldı və dünyasını dəyişdi. Hizbullahın məlumatına görə, ötən il oktyabrda başlayan Qəzza müharibəsindən indiyədək keçən zaman ərzində Livanda 500-dən çox Hizbullah üzvü də İsrailin törətdiyi sui-qəsdlərin qurbanı olub. Bundan əvvəl isə 2020-ci ildə Beyrutda baş verən iki ardıcıl partlayışın Hizbullahın limanda saxladığı partlayıcı maddələr səbəbindən çıxdığı müəyyənləşmiş, təşkilatın fəaliyyəti və ölkəyə yararı müzakirə mövzusuna çevrilmişdi. Bütün bunlar Hizbullahın təsir gücünə və nüfuzuna da ciddi zərbə endirdi. Hizbullahın Fələstin müharibəsinə qoşulması da istər-istəməz Livan xalqını qorxudur, yenə ölkənin İsrail zərbələri ilə darmadağın olması ehtimalını ağla gətirir. Nəticədə Hizbullah getdikcə öz nüfuzunu itirir”.
Yaranmış yeni situasiyada Hizbullah liderlərinin əvvəlki cəsarətli açıqlamalar verməməsinin isə ona bağlanan ümidləri tamamilə alt-üst etdiyini düşünən Heydər Oğuz bunun səbəbini İranın passivliyində görür: “Hizbullah nə qədər müstəqil siyasət yürüdən təşkilat kimi görünməsinə baxmayaraq, onun İranın proksisi olduğu sirr deyil. Odur ki, İranın razılığını almadan hücuma keçə də bilmir. İran isə indiki məqamda içiboş bəyanatlarla ötüşməyə çalışır. Əvvəla, ona görə ki, ABŞ və Qərb dövlətlərindən İsrailə qarşı hücuma keçərsə, ağır bədəl ödəyəcəyi ilə bağlı ciddi xəbərdarlıqlar alıb. İkinci ona görə ki, iqtisadi cəhətdən tənəzzülə uğrayan və hərbi texnikaları köhnələn İran girdiyi təhlükəli yoldan geri qayıdıb Qərb dövlətləri ilə münasibətlərini düzəltmək istəyir. Bunun üçün isə Hizbullah, Həşdi-Şabi, Husilər və HƏMAS kimi proksilərini qurban verməlidir. Əks halda, Qərb dövlətləri ilə arzuladığı normallaşma prosesinə qədəm qoya bilməz. Açığı, mənə elə gəlir ki, son zamanlar İsrailin Hizbullaha qarşı keçirdiyi hərbi əməliyyatlar və İranın cınqırını çıxarmaması da proksilərdən vaz keçmək barədə əldə olunmuş məxfi razılıqların nəticəsidir. HƏMAS-dan sonra Hizbullah fəda edilir, ondan sonra isə növbə Yəmən husilərinə və Həşdi-Şabiyə gələcək”.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com