“Görünür, Kiyev rejiminin başçısı Volodimir Zelenski öz qələbə planını ABŞ-nin son ukraynalıya qədər döyüşmək üçün diktə etdiyi siyasətin davamı kimi təqdim edir”.
Musavat.com xəbər verir ki, bu fikirləri jurnalistlərlə söhbətində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov vurğulayıb ki, müəyyən şərtlər daxilində sülh yolu ilə nizamlanma imkanları mövcuddur. Kremlin sözçüsü Zelenskinin Ukrayna parlamentindəki çıxışını hələ eşitmədiyini, bu səbəbdən sonradan şərh verə biləcəyini deyib.
Xatırladaq ki, Ukraynanın ABŞ-dəki keçmiş səfiri Valeri Çalıy Vaşinqtonun münaqişəni Kiyevin “qələbəsi” olmadan və “ərazi kompromisləri” ilə həll etmək barədə planı olduğunu bildirib. Keçmiş səfirin sözlərinə görə, ABŞ nümayəndələri Volodimir Zelenskiyə Vaşinqtona səfəri zamanı “daha çevik olmağı” təklif ediblər.
“Əslində, onun mümkün ərazi kompromislərini müzakirə edəcəyi gözlənilirdi”, - Çalıy qeyd edib.
Keçmiş diplomatın sözlərinə görə, Vaşinqtonun ilk növbədə ABŞ və NATO-nun Rusiya ilə birbaşa toqquşmasının qarşısının alınmasını nəzərdə tutan öz planı var.
Kiyev hakimiyyəti isə bəyan etmişdi ki, ərazi güzəştlərindən söhbət gedə bilməz. Üstəlik, Ukraynada hələ də Moskva ilə danışıqlara qadağa qoyulub.
Eyni zamanda Rusiyanın da bir sıra şərtləri var. Prezident Vladimir Putinin vurğuladığı kimi, münaqişənin sülh yolu ilə həlli digər məsələlərlə yanaşı, Ukraynanın NATO üzvlüyündən imtinasını da əhatə edir.
Nigar HƏSƏNLİ,
Musavat.com