Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə Alyaskaya uçan Rusiya nümayəndə heyətinin təyyarəsindən videogörüntülər yayılıb. Kadrlarda Kremlin müxbirlərindən biri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla söhbət aparır.
Peskov bildirib ki, Tramp–Putin görüşünün keçirilməsi barədə qərar çox qısa müddətdə qəbul olunub və bu, standart olmayan, qeyri-adi bir vəziyyət kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, görüşün təşkili zamanı müəyyən çətinliklər ortaya çıxsa da, qısa müddətdə bütün hazırlıqlar tamamlanıb.
Mətbuat katibi xüsusi vurğulayıb ki, ABŞ tərəfi Rusiya nümayəndə heyətinə və Putini müşayiət edən jurnalistlərin böyük əksəriyyətinə viza təqdim edib. Halbuki həmin jurnalistlərin bir çoxu həm Avropa, həm də ABŞ üçün Kremlin təbliğatçısı sayıldıqlarına görə sanksiyalar altındadır. Peskov qeyd edib ki, bütün bunlara baxmayaraq, vizaların verilməsi ABŞ Prezidenti Donald Trampın şəxsi qərarı olub. Onun sözlərinə görə, Tramp bu addımı atmaqla müharibənin qızğın fazasının tezliklə sona çatmasını və diplomatik həll yolunun açılmasını istəyir.
Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin də Ukrayna ilə münasibətlərin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır və bunu dəfələrlə bəyan edib.
Görüşün formatına toxunan Peskov bildirib ki, əvvəlcə liderlər arasında ikitərəfli danışıqlar keçiriləcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılacaq. Prosesin yekununda isə Tramp və Putin birgə mətbuat konfransı ilə çıxış edəcəklər.
O, Moskva ilə Alyaska arasındakı böyük saat fərqinə də diqqət çəkərək vurğulayıb ki, 15 avqust tarixi Rusiya nümayəndə heyəti üçün əslində iki iş gününə bərabər olacaq.
Peskov “bir günün içində iki gün yaşayacağıq” ifadəsini işlədərkən, Çingiz Aytmatovun məşhur kitabının adlnı da dəyişilmiş redaktədə metafora kimi işlədib: "Əsrə bərabər gün yaşayacağıq".
Onun fikrincə, bu görüş sadəcə diplomatik təmas deyil, həm də dünyanın gələcək nizamını və müharibələrin taleyini dəyişdirə biləcək tarixi hadisə ola bilər.
Musavat.com