ABŞ Müdafiə Nazirliyi 2023-cü maliyyə ilində müxtəlif müqavilələrə 431,4 milyard dollar xərcləyib və “Lockheed Martin” bu vəsaitin 61,4 milyard dollarını alıb.
“Report” xəbər verir ki, bu barədə nazirliyin hesabatında deyilir.
Sənəddən məlum olur ki, ABŞ Müdafiə Nazirliyinin Amerikanın 50 ştatında və Kolumbiya dairəsində müqavilələr üzrə öhdəlikləri, maaşların ödənilməsi və qrantların verilməsi xərcləri 609,2 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-nin 2,2%-nə bərabərdir.
Ümumi xərclər bütün ABŞ sakinləri arasında bölüşdürülsə, bu, hər Amerika vətəndaşına 1819 dollar olacaq.
Bu vəsaitin 431,4 milyard dolları (71%) məhsul və xidmətlər üzrə müqavilələrə xərclənib, 167,4 milyard dolları (27%) nazirliyin əməkdaşlarına əmək haqqı kimi ödənilib, 10,4 milyard dolları (2%) isə qrant şəklində verilib. .
Şirkətlər arasında ABŞ-nin “Lockheed Martin” korporasiyası hesabat dövründə müqavilələr üzrə Pentaqondan ən çox vəsait alıb - 61,4 milyard dollar.
İkinci yerdə “RTX Corporation” (24,1 milyard dollar), üçüncü yerdə “General Dynamics” (22,9 milyard dollar) qərarlaşıb. Sonrakı yerdə “Boeing” (20,1 milyard dollar), “Northrop Grumman” (16,3 milyard dollar), “Huntington Ingalls” (10,5 milyard dollar), “Humana” (7,8 milyard dollar), “L3Harris Technologies” (7,5 milyard dollar), “BAE Systems” (7 milyard dollar) və “Cencora” (4,4 milyard dollar) gəlir.
Qeyd olunub ki, 50 ştatda və Kolumbiya dairəsində əmək haqqı və qrantlar daxil olmaqla müdafiə xərcləri 2023-cü maliyyə ilində əvvəlki maliyyə ili ilə müqayisədə 50,5 milyard dollar artıb.