Pentaqondan informasiya sızıntısı- BƏYANAT

Pentaqonun işdən qovulan 3 əməkdaşı ABŞ Müdafiə Nazirliyindəki xidmətlərinin belə başa çatmasından məyus olduqlarını və həmkarlarının böhtanı ilə üzləşdiklərini deyirlər.

Musavat.com "The Hill"-ə istinadən xəbər verir ki, müdafiə nazirinin baş müşaviri Den Kalduell, müdafiə naziri aparatı rəhbərinin müavini Darin Selnik və müdafiə nazirinin müavininin aparatının rəhbəri Kolin Kerrollun birgə bəyanatında deyilir ki, “adları açıqlanmayan Pentaqon rəsmiləri əsassız hücumlarla bizə böhtan atıblar”.

Qəzet yazır ki, mart ayında nazirlik nümayəndələri “milli təhlükəsizliklə bağlı məlumatların son zamanlar icazəsiz açıqlanması” ilə bağlı araşdırmaya başlandığını bəyan ediblər.

İşdən çıxarılan məmurların birgə bəyanatında deyilir ki, “onlara niyə istintaq aparıldığı, onun hələ də davam edib-etmədiyi və ya real olub-olmadığı barədə məlumat verilməyib”.

Bununla belə, onlar “Tramp-Vens administrasiyasının Pentaqonun əzəmətini bərpa etmək və güc vasitəsilə sülhə nail olmaq missiyasını dəstəklədiklərini” və “gələcəkdə müxtəlif sahələrdə bu səyləri dəstəkləməyə” hazır olduqlarını vurğulayıblar.

The Hill xatırladır ki, bu həftənin əvvəlində Politico məsələ ilə tanış olan rəsmiyə istinadən nazirliyin araşdırdığı sızmalara ikinci təyyarədaşıyıcının Qırmızı dənizə göndərilməsi, Panama kanalında hərbi əməliyyat planları, milyarder İlon Maskın Pentaqona səfəri və Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinə son qoyulması daxildir.

Musavat.com

20.04.2025 14:23
377