Pentaqon və Hollivudun müttəfiqliyi – ABŞ-ın dövlət maraqları tələb edəndə elə olur

ABŞ dövlətinin bir xətti var, əgər bir dövlətlə düşnüşdüsə, ona qarşı çoxnövlü həmlələr edir. Bura informasiya müharibəsindən birbaşa hərbi müdaxiləyə dair hər şey aiddir.

ABŞ-la sözü çəp gələn, onun iradəsinə boyun əyməyən, maraqlarının əksinə çıxan və ya onları xoşluqla təmin etməyən bütün ölkələr avtomatik olaraq “şər yuvası”, “anti-demokratik rejimə malik”, “söz və mətbuat azadlığını boğan” olurlar.

Bu ölkənin mediasında dikbaş ölkələrə qarşı daha sərt ifadələr seçildiyi də olur: “Beynəlxalq terrorizmə dəstək verən”, “Regionda sabitliyə təhlükə”, “Despotizmin ən mürtəce formasını tətbiq edən”, “Sülhə qarşı olan aqressor” və sair və ilaxır.

sedda.jpg (42 KB)

Nümunələr: Ötən əsrin 90-cı illərində İraq prezidenti Səddam Hüseyn qonşu Küveytə hücum edərək ABŞ-ın regiondakı maraqlarına təhlükə yaradanda və ABŞ-ın başlatdığı “Səhrada tufan” əməliyyatı nəticəsində öz sərhədləri daxilinə qayıtmağa məcbur oldu. Ancaq bundan sonra da Vaşinqton ondan əl çəkmədi. Məhz o hadisədən sonra yada düşdü ki, Səddam Hüseyn amansız despotdur, müxaliflərini sulfat turşusu doldurulmuş hovuza atdıraraq əritdirir, qəfəsdəki pələnglərə parçalatdırır, oğlu Uday insanların qız-gəlininə sataşır, o biri oğli Kusay özünü vəliəhd-şahzadə kimi aparır və s.

Bu faktlar müəyyən qədər həqiqət idi, amma onların dünya miqyasında tirajlanması o qədər şiddətli idi ki, sanki İraqdan başqa dünyada diktatura rejimi hökm sürən ölkə yoxdur. İraqla qonşu olan digər despotik ərəb ölkələrindəki mürtəce qanunlar və özbaşınalıqlar haqqında kəlmə də kəsilmirdi. Yalnız İraq, İraq, İraq... Bu aramsız təbliğatın son nəticəsi o oldu ki, oğul Corc Buş atasının başlatdığı anti-İraq hərbi kampaniyasını başa çatdırdı: S.Hüseynin xanədanlığı dağıdıldı, nəinki onun özü və oğulları Uday və Kusay, hətta ailədəki oğul nəvələr də məhv edildi. Bu gün Səddam Hüseynin nəslində bir başıpapaqlı qalmayıb (kürəkənlərini də 1996-cı ildə özü edam etdirmişdi).

2001-ci ildə baş verən 11 sentyabr teraktından sonra “Taliban”ın Əfqanıstanda törətdiyi vəhşiliklər (qadınların stadionda daş-qalaq edilməsi, insanların məhkəməsi-filansız güllələnməsi, milli azlıqlara qarşı qırğınlar törədilməsi) barədə ABŞ-ın və Avropanın mediasında, demək olar ki, hər gün təfərrüatlı məqalələr dərc olunurdu. Aydın idi ki, ABŞ “informasiya-artilleriya hazırlığı” aparır və bu ölkəyə hücum edəcək. Elə də oldu.

20110913173539959.jpg (25 KB)

BMT-nin toplantısında iştirak edən Liviya lideri Müəmmər Qəzzafinin oğul Buşun ardınca çıxış edərkən “buradan gələn şeytan iyi hələ çəkilməyib” deməsindən və ABŞ-a açıq-aşkar meydan oxumasından sonra Liviyaya dair mənfi səciyyəli materialla ABŞ və Avropa mediasını başına elə götürdü ki, dünənə qədər Qəzzafinin əlini öpməyə hazır olan Fransa siyasətçiləri belə onun arxasından qaçdılar. Bu intriqanın sonunun necə olduğu hər kəsə bəllidir.

ABŞ-ın İranla apardığı intriqa artıq 45-ci ildir davam edir. Vaşinqton bu ölkədən qovulmasını və qoyduğu investisiyaların batmasını Tehrana hələ də bağışlamayıb.

Venesuela da o qrafadadır. ABŞ bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmadığı üçün ölkənin hazırkı iqtidarını hər cür cinayətlərdə, o cümlədən narkotik qaçaqmalçılığında suçlayır.

Ancaq İran və Venesuela rəhbərliyi uzun illərdir ABŞ-la elə davranırlar ki, onun açıq hərbi həmlə etməsinə bəhanə vermirlər.

Qapalı Şimali Koreyanın daxilində baş verən və ya baş verdiyi iddia olunan hadisələr (hansısa generalın top ağzına qoyulması, arzuolunmaz məmurların yoxa çıxarılması və s.) də neçə ildir dünya mediasının diqqətindədir və artıq dillərdə dastandır. Bu ölkə də ABŞ-ın qara siyahısındadır.

777NNN.jpg (10 KB)

Təkcə ABŞ mediası deyil, tərifli Hollivud da ölkə siyasətinə lazımi təbliğati dəstək verir. Məsələn, sovet dönəmində “sərt sifətli rus zabiti İvan” obrazı yayğın idi və axırda amerikalı Con mütləq bu “vəhşi”ni məhv edirdi. Ondan qabaq “qəddar vyetnamlılar”ın cəngəlliklərdə ABŞ hərbçilərinə haqsız müqavimətindən məhs edən onlarla film çəkilmişdi. Miloşeviçin ABŞ-la dirəşdiyi vaxtlarda Hollivud Amerikada kütləvi qırğın törətmək istəyən “serb terrorçu”ya dair filmlər çəkirdi və onu son anda zərərsizləşdirirdilər. “İslam terrorçuları”nın obrazı Hollivudda hələ 11 sentyabr hadisələrindən əvvəl yaradılmışdı. Çində və Türkiyədə başına müsibətlər gələn günahsız adamlara dair filmlər son 10 ildə çəkilməyə başlanıb.

İndi bu ölkənin ən tirajlı qəzetlərindən biri olan “Vaşinqton Post”da ölkəmizi qaralayan yazılar dərc olunur. Hiss olunur ki, ortada bir çəkişmə var. Bu konfliktin haradan, nə vaxt və nəyə görə başlandığı aşağı-yuxarı bəllidir və uzun söhbətdir.

Biz qısaca onu deyək ki, ABŞ özünün regional maraqları ilə uzlaşmayan fəaliyyət gördüyündən öz köhnə ampluasına müraciət edib. Bu demokratik, firvan, nümunəvi ölkəni dünyada sevilməz edən məhz bu xarakteri, xarici siyasətinin aqressiv və hər yerdə dominantlığa can atan səpkidə olmasıdır.

Bir də bilmək lazımdır ki, ABŞ-da da ən nüfuzlu media qurumları Ağ Evdən və Dövlət Departamentindən verilən tezislərlə məqalələr yazırlar. Dövlət maraqları belə tələb edir.

 

04.12.2023 10:25
1632