Pentaqon və Çin ordusu müharibədən necə qaçmaq barədə razılığa gəlir

Çinin Xalq Azadlıq Ordusunun (XAO) cənub zonasının komandiri Vu Yanan və ABŞ-ın Hind-Sakit okean komandiri admiral Samuel Paparo videokonfrans keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çin tərəfi konkret nədən danışdıqlarını açıqlamayıb. Lakin o, izah edib ki, prinsipcə, iki gücün hərbi liderləri arasında təmasların bərpası barədə qərar 2023-cü ilin noyabrında San-Fransiskoda Çin prezidenti Si Cinpinlə ABŞ prezidenti Cozef Bayden arasında keçirilən görüş zamanı əldə olunub.

Honq-Konqda nəşr olunan “South China Morning Post” yazır ki, bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfərindən sonra hər iki ölkənin komandirləri arasında ilk söhbətdir. Paparo çinliləri Cənubi Çin dənizində və onun hüdudlarından kənarda təhlükəli taktikalardan əl çəkməyə çağırıb.

Praktikada Paparonun mesajının mənası budur ki, iki ölkənin donanması və hava qüvvələri Cənubi Çin dənizi və Tayvan kimi qaynar nöqtələrdə anlaşılmazlıq səbəbindən toqquşmalardan qaçmalıdır. ABŞ-ın Hind-Sakit okean komandanlığının məsuliyyət zonasına Cənubi Çin dənizi və Tayvan boğazı daxildir. Amerikalı admiral çinli həmkarı ilə söhbətində diplomatik ifadələrdən istifadə etməyib. O, Çin donanması və hava qüvvələrinin rəqiblərinə psixoloji təzyiq göstərdiyini və onları qorxutduğunu vurğulayıb. Bu isə münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

“Röyter” xatırladır ki, Birləşmiş Ştatlar 2023-cü ildə öz ərazisi üzərində Çin hava şarını vurarkən hər iki tərəfin hərbi idarələri arasında rabitəni zədələyib. Amerika administrasiyası bu şarın casusluq nəzarət cihazları ilə təchiz olunduğuna inanırdı. Sərt ifadələri nəsihətlərlə əvəz edən Paparo bu mübahisə məqamlarını xatırlatmamağa çalışıb. O, Çinin bölgədəki ABŞ donanmasını və hava qüvvələrini qorxutmaq istədiyini bildirib. Bu isə münaqişənin kəskinləşməsinə səbəb ola bilər. Ümumiyyətlə, amerikalı admiral söhbətin hörmətli və müsbət tonda keçdiyini qiymətləndirib.

Musavat.com

11.09.2024 11:11
276