ABŞ Müdafiə naziri Lloyd Ostin, Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyunla keçirdiyi mətbuat konfransında, Rusiyanın Ukraynaya qarşı müharibəsində Şimali Koreya qoşunlarının cəlb edilməsinin təsirsiz olacağını açıqlayıb.
Musavat.com-un məlumatına görə Ostin bildirib ki, Şimali Koreya indiyə qədər Rusiyanın şərq bölgəsinə təlim məqsədilə 10 minə yaxın əsgər göndərib və onların bir hissəsi artıq Ukrayna sərhədinə yaxınlaşmışdır. Bu əsgərlər rus hərbi formaları ilə təchiz olunub və rus texnikası ilə təmin edilir.
O, vurğulayıb ki, Kreml bu Şimali Koreya əsgərlərini Rusiyanın Kursk bölgəsindəki hərbi əməliyyatlarını dəstəkləmək üçün istifadə etməyi planlaşdırır. Lloyd Ostin, "Şimali Koreya kimi 'yaramaz' bir dövlətə müraciət etmək, Putinin problemlərinin nə qədər ciddi olduğunu bir daha göstərir," – deyə əlavə edib.
Ostinin fikrincə, Putin Ukraynada Şimali Koreyanın köməyi ilə də qələbə qazana bilməyəcək. Bu vəziyyət, Cənubi Koreya ilə əməkdaşlığın vacibliyini bir daha təsdiqləyir.
Musavat.com