Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
Musavat.com bildirir ki, layihəni deputatlara komitə sədri Musa Quliyev təqdim edib.
Komitə sədri bildirib ki, ölkəmizin 2024-cü ildə əldə etdiyi iqtisadi uğurlar 2025-ci ilin büdcə siyasətinin pozitiv və sosialyönlü istiqamətdə formalaşmasını təmin edib:
“Dövlətimizin daxili siyasətinin ən mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində aparılan dərin islahatlar vətəndaşlarımızın sosial rifah halının qorunmasına və yüksəldilməsinə etibarlı təminatlar yaradıb. VII çağırış Milli Məclisin ilk iclasında çıxış edərkən cənab Prezident İlham Əliyev aparılan dərin sosial islahatların uğurlu nəticələrinə diqqət çəkərək deyib: “Biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2.7 dəfə, minimum pensiya 2.5 dəfə artıb. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq””.
Musa Quliyev qeyd edib ki, müzakirəyə təqdim olunan 2025-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən bu ali niyyəti rəhbər tutaraq tərtib edilib:
“DSMF-nin 2025-ci il üçün büdcə layihəsi “Büdcə sistemi haqqında”, “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında" qanunların və digər normativ hüquqi aktların tələbləri çərçivəsində, ölkəmizin iqtisadi və sosial inkişafına dair proqnozlar nəzərə alınmaqla, demoqrafik göstəricilərə əsaslanaraq hazırlanıb. Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla, 7 milyard 676 milyon manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur.
Fondun gəlirlərinin 5 mlrd. 997 milyon manatının, yaxud 78,1%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66%-i qeyri-büdcə sektorunun, 34%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək”.
Komitə sədri bildirib ki, 01.10.2024-cü il tarixli hesablamaya uyğun olaraq ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 100 min nəfər təşkil edir:
“Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək. 2025-ci ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat və ya 29,9% çoxdur. Transfertin həcmindəki görünən artım 2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindən 387 mln manatın dövlət büdcəsinə yünəldilməsi ilə bağlıdır”.
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən Musa Quliyev qeyd edib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5%-ni və ya 7 milyard 408 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək:
“Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 494 manat təşkil edəcəyi gözlənilir, 2025-ci ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 48,8% və 49,5% olmaqla, Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.
Növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 87 milyon manat məbləğində proqnozlaşdırılır.
Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Hazırda ölkə üzrə 7 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı “Smart DOST” xidmət məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərə cari ildə 720 mindən çox vətəndaşımız müraciət edib və məmnunluq indeksi 98.3% təşkil edib. Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayırlar”.
E.Paşasoy,
Musavat.com