Pensiyaçıların NƏZƏRİNƏ! Yanvarın artımları bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalandı. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2023-cü il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu göstəriciyə uyğun olaraq 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların artırılması həyata keçiriləcək. Pensiya kapitalı isə 2023-cü il üçün inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

Pensiyalar neçə faiz artırıldı?

Musavat.com xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən 2023-cü il üçün orta aylıq əmək haqqındakı artım faizinin yaxın zamanda elan ediləcəyi gözlənilir:

Vüqar_Bayramov (3).jpg (3.90 MB)

"Məhz həmin rəqəmə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Bununla belə, Dövlət Statistika Komitəsinin bu gün yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq əmək haqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir. Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əmək haqqısındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununla yanaşı, son rəqəm yaxın günlərdə elan olunacaq. Həmin zaman orta aylıq əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq. Pensiyalarda artımın 11 faizə yaxın olacağı gözlənilir".

Bəs yanvar ayının artımları nə zaman ödəniləcək?

Deputat qeyd edib ki, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:

"Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Qeyd edək ki, indeksləşdirmə, yən artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".

Musavat.com

05.02.2024 13:43
8313